“Xarici qonaqlar teatr binalarının təmtərağını görəndə heyrətlənirlər”

0
75

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 145 illik tarixi keçmişi olan teatrımızın bu günü ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, “Yuğ” Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərova bir neçə sualla müraciət etdik.

– Ümummilli lider Heydər Əliyev teatr sənətinin inkişafına diqqət və qayğı ilə yanaşıb. İndi bu missiyanı ölkə Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirir. 5 il öncə dövlət başçısı ölkəmizdə Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bununla əlaqədar hər il martın 10-da Milli Teatr Günü qeyd edilir. Sizcə, bu addım teatr sənətinin inkişafına əlavə stimul oldumu?

– Bəri başdan deyim ki, Milli Teatr Gününün təsis edilməsi Azərbaycan teatr sənətində çalışan minlərlə insanın arzusu idi. Bu arzunu da cənab İlham Əliyev reallaşdırdı və bu addım incəsənət adamları tərəfindən böyük sevinclə qarşılandı. Bu fikri “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamına (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına və digər hüquqi-normativ sənədlərə də şamil etmək olar. Bütün bunlar milli teatr sənətinin inkişafı üçün münbit zəmin yaradıb. Bəli, bir zamanlar milli teatr sənətinin uğursuzluğunun səbəblərini maddi-texniki təminatsızlıqda, binasızlıqda, şəraitsizlikdə axtarırdılar. Artıq bu problemlər öz həllini tapıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə teatr xadimlərinə yüksək fəxri adlar verilib, yüzlərlə insanın mənzil və digər problemləri həll olunub. Hər il 100 nəfər sənət adamı Prezident təqaüdünə layiq görülür. Bununla yanaşı, hər il daha böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilir. Onu da qeyd edək ki, bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncam, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərman da imzalayıb.

Şəxsən mən “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul olunmasını Azərbaycan mədəniyyətinin çox mühüm hadisəsi kimi qiymətləndirirəm. Ancaq düşünürəm ki, sözügedən qanunda kifayət qədər boşluqlar, “işləməyən” maddələr və bəndlər mövcuddur. Bu səbəbdən, qənaətimə görə, yeni və daha mükəmməl qanun layihəsinin üzərində düşünməyin vaxtı çatıb.

– Elçin müəllim, 145 yaşlı milli teatrımızın bugünkü durumunu necə dəyərləndirərdiniz?

– Bu gün Azərbaycan teatrı yeni mərhələnin astanasındadır. Bu illər ərzində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulan bir sıra tədbirlər həyata keçirilib. Dünya səviyyəli teatr forumlarının, festivalların, seminar, treninq və ustad dərslərinin təşkili, teatr xadimlərinin xarici ölkələrdə təcrübə mübadiləsi aparması, teatrların maddi-texniki bazalarının təkmilləşdirilməsi, beynəlxalq festivallarda iştirakı, qastrol səfərlərinin baş tutması, teatrın müxtəlif problemlərinə həsr olunmuş onlarla tədqiqat əsərinin çap olunması məhz bu Proqram çərçivəsində gerçəkləşən tədbirlərdir. Sözügedən tədbirlər milli teatr sənətinin inkişafına təsirsiz ötüşə bilməz. Onu da deyim ki, bəzi tədbirlər cari deyil, strateji məqsədlərə yönəlib, onların konkret nəticələrini müəyyən zaman keçdikdən sonra hiss etmək mümkün olacaq. Bu gün teatr sənətimizin ideal vəziyyətdə olduğunu deyə bilmərik. Amma teatrın hər bir uğuru, hətta kiçik müvəffəqiyyəti də bizləri sevindirir, məşğul olduğumuz incəsənət sahəsinin gələcəyinə daha ümidlə yanaşmağa imkan verir.

“Öz arxasınca aparmağı bacarmalıdır”

– Teatrşünas-tənqidçi, professor İlham Rəhimlinin fikrincə, Azərbaycanda kifayət qədər istedadlı dramaturq da var, aktyor və rejissor da. Təəssüflər olsun ki, bu üç yaradıcı peşə sahiblərinin möhtəşəm işbirliyi prinsipində çatlar, yanlışlıqlar və qüsurlar var. Müştərək, həmrəy yaradıcılıqla işləmək vərdişləri çox itib. Bu fikrə sizin münasibətiniz?

– Teatrlarımızda yaradıcı peşə sahiblərinin həmrəyliyi ürəkaçan deyil. Nə yazıq ki, bəziləri anlamaq istəmir ki, bir-birini bəyənməmək, qruplaşmaq, fərqli estetika tərəfdarlarını düşmən gözündə görmək son dərəcə qeyri-konstruktiv mövqedir. Tez-tez Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası haqqında danışırıq. Ancaq fakt ondan ibarətdir ki, hələ teatrımızın daxilində inteqrasiyaya ehtiyac var.

Teatr kollektiv sənətdir. Bu sənətdə heç bir yaradıcı şəxs, hətta ən istedadlısı belə, təkbaşına uğur qazana bilməz. Bu kimi məsələlərin aradan qaldırılması üçün onların əməkdaşlığı stimullaşdırılmalı, dramaturqların, rejissorların, aktyorların, teatrşünasların birgə yaradıcı fəaliyyətdə olduqları layihələr intensiv şəkildə həyata keçirilməlidir. O zaman hər bir yaradıcı şəxs, biri olmadan digərinin gücsüz olduğunu daha aydın şəkildə anlayacaq. Bu gün Mədəniyyət və İncəsənət Universitetində teatr təhsilində məhz aktyor, rejissor, teatrşünas və ssenarist tələbələrin arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verilir. İnanıram ki, bu tendensiyanın faydalı nəticələri tezliklə özünü göstərəcək. Hətta deyərdim ki, artıq göstərir. Gənc nəsil arasında bu həmrəyliyi, yaradıcı əməkdaşlığı görəndə çox sevinirəm və ümid edirəm ki, onlar bu mənada sələflərindən örnək götürməyəcəklər.

– Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi ilə əlaqədar nə deyə bilərsiniz?

– Dövlət Proqramı çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Musiqili, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Həmçinin Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının bina problemi öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və sair. Bir sözlə, son illərdə Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Hətta xarici ölkələrdən gələn qonaqlar teatr binalarının təmtərağını görəndə heyrətlərini gizlədə bilmirlər. Ancaq yaxşı bina yaxşı teatr demək deyil. Əsas odur ki, onlar, elə özümüz də teatrlarımızda tamaşalara baxarkən P.Brukun təbirincə desək, “ölü teatr” görməsinlər.

– Teatrın yaşaması və inkişafı üçün tamaşaçıya həmişə böyük ehtiyac var…

– Tamaşaçı problemi Azərbaycan teatrının ən böyük problemlərindən biridir. Ona görə də bu problemin aradan qaldırılması yalnız və yalnız sistemli tədbirlər vasitəsilə mümkün ola bilər. Bu sistemli tədbirlərə teatrın repertuarının formalaşmasından tutmuş, maddi-texniki amillərə qədər bütün məsələlər daxildir. Önəmli məqamlardan biri də Azərbaycanda kütləvi şəkildə teatr sənətinin təbliği, teatr industriyasının formalaşması, bu sahədə dövlət səviyyəsində dəstəklənən mütəşəkkil reklam və təbliğat siyasətinin qurulmasıdır. Əslində, bu kompleks problemdir və səbəb kimi sosial-iqtisadi, bədii-təşkilati, texnogen səbəblərini sadalamaq mümkündür. Ancaq mənə görə milli teatrımızın tamaşaçı  probleminin əsas köklü səbəbi odur ki, Azərbaycan teatrı tamaşaçısını tanımır. Düşünürəm ki, bu məsələ ilə bağlı dünya təcrübəsindən yararlanmaq, bu sahə ilə məşğul ola biləcək peşəkar komanda formalaşdırmaq lazımdır. Dünyanın ayrı-ayrı böyük teatrlarında tədqiqat şöbələri var ki, onlar tamaşaçı rəyini öyrənirlər. Bu işdə teatrşünasların da üzərinə böyük məsuliyyət düşür.

Təbii ki, tamaşaçı həmişə məzmun baxımından aktual, yüksək bədii dəyərə malik tamaşa istəyir. Son zamanlar müxtəlif audiovizual effektlərdən, yeni texnologiyalardan istifadə dövrün mühüm tələbi kimi meydana çıxıb. Teatr tamaşaçını qaytarmaq istəyirsə, mütləq onu heyrətləndirə, təsirləndirə bilməli, öz arxasınca aparmağı bacarmalıdır.

“Bu mövqe ilə qətiyyən razı deyiləm”

– Bəzən belə ifadələrə də rast gəlmək olur: korifey sənətkarlar azaldıqca elə bil tamaşaların da ləzzəti qaçır. Bu mənada gənc nəslin teatra marağı ilə bağlı nə deyə bilərsiniz?

– Bu mövqe ilə qətiyyən razı deyiləm. Belə populist yanaşma bizlərdə siptomatik xarakter daşıyır. Atalarımız demişkən, “öldürürük ki, goruna and içək”. Bu sayaq nekrofil yanaşma mədəniyyətə heç bir fayda verə bilməz. Şəxsən mən elə hesab edirəm ki, bu gün Azərbaycan teatr məkanında kifayət qədər istedadlı gənclər var. Təbii ki, rejissura, dramaturgiya, teatrşünaslıq elə sahələrdir ki, burada konveyer prinsipi işə yaramır. Ancaq bu gün Azərbaycan teatrşünaslığına Emin, Dağlar, Əli, rejissurasına Asiman, Əlif, Emil, Abdulla kimi gənclər gəlirsə, demək ki, gələcəyə ümidlə baxmaq olar. Yoxdur deyib keçmək ən asan variantdır. Çətin olan kimisə yetişdirmək, kiməsə yol göstərməkdir. Adlarını çəkdiyim və çəkmədiyim gənclər sabah iş tapa bilməmək əndişəsi ilə yaşayırsa, demək ki, heç birimizin kadr çatışmazlığından danışmağa ixtiyarımız yoxdur. Cəmiyyətimizdə xəstəhal bir yanaşma var: istedadlı adamın qabağını kəssən də, o itib-batmayacaq. Başa düşə bilmirəm, niyə? Niyə istedadlı adamın qarşısı kəsilməlidir ki, o da ömrünün ən maraqlı, ən məhsuldar illərini maneələri aşmağa, yol açmağa, özünə “gün ağlamağa” sərf etsin? Gənclərə daha geniş meydan vermək, onlara daha çox güvənmək lazımdır. Azərbaycan teatrının yeganə nicat yolu bundadır.

– Rusiya, o cümlədən Avropa, Asiya teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsi də xeyli vaxtdır ki, gündəmdədir. Belə əməkdaşlıqlar teatrlarımıza nələr bəxş edir?

– Heç bir ölkənin, xalqın mədəniyyəti dünya mədəniyyətindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Tarix təsdiq edir ki, istənilən lokal mədəniyyət bəşər sivilizasiyası ilə, dünyanın mədəni nailiyyətləri ilə ilişgili şəkildə yaranır, inkişaf edir və öz mövcudluğunu sürdürür. Dövlət Proqramında nəzərdə tutulan prioritet məsələlərdən biri də dünya teatr məkanına inteqrasiya ilə bağlıdır. Bu illərdə teatrlarımız dünyanın bir sıra ölkələrində – ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiyada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil ediblər. Respublikamıza xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Həmçinin Dövlət Proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılıb. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin əsası qoyulub. Təbii ki, bütün bunlar teatrımızın dünya səviyyəsində formallaşmasına öz töhfələrini verməkdədir.

– Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Teatrlarımız bu ilə hansı töhfələrini verəcək?

– Cümhuriyyətin 100 illiyi ilə bağlı teatrlarımızda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məsələn, martın 10-da  Azərbaycan Dövlət Musiqili Teatrında Əli Əmirlinin pyesi əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış “Nuri-didə Ceyhun” tamaşasının premyerası keçiriləcək. Onu da deyim ki, 1919-cu ildə Cümhuriyyət bir yaşını qeyd edəndə bu mövzuda Cəfər Cabbarlı “Ədirnə fəthi”, Aşurbəyov “Azərbaycan”, Mirzəbala Məmmədzadə “Bakı uğrunda mübarizə” əsərlərini yazıblar. O əsərlərə müraciət etmək olar. Cümhuriyyət mövzusu ilə bağlı nəsr əsərlərinin də səhnəşlədirilməsi mümkündür. Təbii ki, yeni əsərlər də yazılmalıdır və yazılır da. Bu yaxınlarda Natiq Məmmədlinin Cümhuriyyətlə bağlı çox maraqlı bir pyesini oxudum. Düşünürəm ki, bu pyesin də tamaşaya qoyulması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə yeni bir töhfə olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”