Yaponiya 11 mart zəlzələsinin qurbanlarının xatirəsini yad edib

0
87

Bu gün Yaponiyada 11 mart 2011-ci ildə baş vermiş zəlzələqurbanlarının xatirəsi yad edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14.46-da bütün ölkə ərazisində zəlzələqurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

Məhz 7 il əvvəl yerli vaxtla saat 14.46 radələrində baş verən 9 maqnitudalı zəlzələ və güclü zəlzələnin səbəb olduğu sunami nəticəsində  ölkənin şimal-şərq regionlarında 18 mindən çox insan ölüb. İvate,  Miyaqi və Fukusima əyalətlərində bir çox şəhərlər məhv olub, “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. AES-də enerji təchizatı sistemi sıradan çıxıb, ətraf rayonlar radioaktiv çirklənməyə məruz qalıb.  “Fukusima-1” AES-də qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş bu gün də davam etdirilir.

 

Ötən 7 il ərzində ölkənin şimal-şərq regionları tamamilə yenidən tikilib. Ancaq hələ də 73 min insan öz doğma şəhərlərinə qayıda bilmir. Yaponiya hökuməti regionun bərpası prosesini sürətləndirəcəyinə söz verib.

 

Yaponiya baş naziri Sindzo Abe faciənin ildönümü ilə bağlı çıxışında deyib ki, hələ də Fukusima əyalətindən olan bir çox insanlar qaçqın həyatı yaşamaq məcburiyyətindədir: “Biz regionun bərpası prosesini sürətləndirmək və hər bir ailənin tezliklə öz evinə qayıtmasını istəyirik”.