“Mənə bir dünya sevinc bəxş etdiniz”

0
123

Hər il Mingəçevir 3 saylı tam orta məktəbin direktoru Kəmalə Tahirova başda olmaqla bu təhsil ocağının şagird və müəllim kollektivi xeyriyyə aksiyası keçirir. Onlar bu aksiyada yardıma möhtac insanlara, kimsəsiz uşaqlara yardım edirlər.

Bu dəfə məktəbin 8-ci sinfinin rəhbəri Arzu Əhmədova və sinif şagirdləri kimsəsiz Namiq Namazova yardım ediblər. Qeyd edək ki, 16 yaşı tamam olduqdan sonra Mingəçevir uşaq evindən atılan Namiq hazırda səfil həyatı keçirir. O, bir yaşından 16 yaşınadək uşaq evinin sakini olub. Bu gün isə şəhərin yanacaqdoldurma məntəqəsinin sahibinin lütfkarlığı nəticəsində balaca bir sığınacaqda qalır.

Məktəbin şagirdləri Namiq üçün gətirdikləri geyim əşyalarını, ərzağı, eləcə də geyimləri ona veriblər. Namiq ona olan bu qayğıdan çox şad olub. Şagirdlərin ona ürək-dirək vermələri  Namiqi kövrəltsə də, bu görüşlə ona bir dünya sevinc bəxş etdiklərini söyləyib.

Məlumat üçün bildirək ki, Namiq anasını xatırlamır. Amma Namazov Sabir adlı şəxsin atası olduğunu söyləyir.

Arzu Əhmədova bizimlə söhbətində bildirib ki, onlar belə tədbirləri mütəmadi təşkil edirlər: “Artıq 18 ildir, belə aksiyalar keçiririk. Bu müddətdə imkansız, yardıma möhtac olan insanlara dəstək olmağa çalışmışıq. Bu dəfə Namiqə baş çəkdik. Uşaqlar Namiqin bu halından çox pərişan oldular. İnandırım sizi, şagirdlər Namiqin üzündə bir balaca təbəssüm görmək üçün ürəklərini də ona verməyə hazır idilər”.

Məktəbilər bu cür aksiyanın davamlı olacıqını bildiriblər.

Esmira Hidayətova