Prezident yanğın baş verən əraziyə baş çəkib

0
265

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.

Qeyd edək ki, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir:

“2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib”.

 

 

bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. “Report”un ərazidə olan əməkdaşının məlumatına görə, yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.