Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilir

0
222

Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işə başlayıb. Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 203 nümayəndədən 198-nin qeydiyyatdan keçdiyini bildirib.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin, eləcə də VI qurultaydan ötən dövrdə dünyasını dəyişmiş Şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayın işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib.

Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Təsadüfi deyil ki, Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Bu, təqdirəlayiq və məntiqli idi. Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında Azərbaycan ağsaqqallarının mühüm rolu var. Onlar ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırıb.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.