“İmza atmaqla işimizi bitmiş hesab etmirik”

0
508

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla başa çatdırıb. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubovdan aldığımız məlumata görə, 47 saylı Mingəçevir Seçki Dairəsi seçicilərindən 700, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən isə 150 imza toplanıb: “Bəri başdan deyim ki, onların hər biri Seçki Məcəlləsinin və Qanunvericiliyin tələblərinə uyğun olaraq imza vərəqələrinə öz imzalarını atıblar. Onu da bildirim ki, imzatoplama kmpaniyası çox yüksək səviyyədə keçirildi. Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə imza vərəqlərinə öz imzalarını atmaq istəyənlərin sayı o qədər idi ki… Təbii ki, bu, əhalimizin ölkəmizi beynəlxalq aləmdə də uğurla təmsil edən cənab İlham Əliyevə olan sevgisinin daha bir bariz nümunəsi idi. İmzatoplama kampaniyası zamanı maraqlı anların da şahidi olduq. Onlardan da söz açmaq istəyirəm. Belə ki, seçicilər bildirirdilər ki, onlar cənab Prezidentimizin hər çıxışını diqqətlə izləyir, sonra öz aralarında səmimi müzakirələr aparırlar. Deyirdilər ki, bizim yeganə namizədimiz var, biz elə onu da dəstəkləyəcəyik. Heç kəsin buna zərrə qədər şübhəsi olmasın. Bəli, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Mingəçevir, həqiqətən, getdikcə daha cazibədar bir məkana çevrilir. Onu da deyim ki, mingəçevirlilər Cənab İlham Əliyevə səs verəcəkləri günü – 11 apreli səbirsizliklə gözləyirlər”.

“Bu bizim ilkin dəstəyimizdir”

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesindən söz açan YAP Yevlax şəhər təşkilatının sədr müavini Əli Quliyein sözlərinə görə, Yevlaxda da cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi sevinclə qarşılanıb: “Hətta imza vərəqələri YAP Yevlax şəhər təşkilatına çatana qədər Qarabağ müharibəsi veteranları, əlillər, həmçinin şəhid ailələri YAP Yevlax şəhər təşkilatına müraciət edərək: “Biz bu prosesdə daha fəal olmaq istəyirik, sizə necə yardımçı ola bilərik”, – deyirdilər. Şübhəsiz ki, bütün bunlar ölkə başçısına olan məhəbbətin, inamın təntənəsindən qaynaqlanan mesajlar idi. Sadə fəhlə, kəndli ilə yanaşı, imtiyazlı təbəqənin də məsələyə belə münasibəti ölkə rəhbərinin: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” fikrinin real nəticədir.

O daha sonra deyib: “Rayonumuzda imza kampaniyasında iştirak edən hər bir şəxsdən bu sözləri də eşitmək bizə xoş idi: “İmza atmaqla işimizi bitmiş hesab etmirik. Bu bizim ilkin dəstəyimizdir. Biz aprelin 11-də öz aktivliyimizi bir daha nümayiş etdirəcəyik”.

Esmira Hidayətova,

Qvami Məhəbbətoğlu