Hara üz tutum?

0
345

 

Kim nə deyir desin, hazırda ən aktual mövzu məzuniyyət, yəni istirahətdir. Lakin nədənsə bu vacib məsələdən o qədər da söz açan yoxdur. Özüm də bilmirəm niyə? Görünür, bu ya imkansızlıqdandır, ya da istidən. (Burada bir haşiyə çıxmaq istəyirəm. Mənə elə gəlir ki, son illər havaların belə isti keçməsi insanların bir-biri ilə soyuq münasibətindən, baş alıb gedən müharibələrdən, döyüşlərdən qaynaqlanır. Yəni bunun səbəbini təbiətdə axtarmaq əsla doğru deyil). Elə bu səbəbdən belə qərara gəldim ki, bu dəfə istirahətdən söz açım.

Bəli, neçə gündür məzuniyyətimi harada keçirəcəyim barədə düşünürəm. Axı ildə bir dəfə ələ düşən bu fürsətdən maksimum yararlanmaq lazımdır ki, sabah işdə yorğunluqdan əziyyət çəkməyəsən. Bu andıra qalmış zehni yorğunluq da elə şeydir ki, birbaşa sənin iş qabiliyyətinə sirayət edir. Deyilənlərə görə, gərgin işin yorğunluğu bir qədər istirahətdən sonra keçib gedir və adamın sağlamlığına heç bir zərər gətirmir. Hətta dünən bu məqsədlə xəyal aləmimdə Məşədi İbadvarı gəzişmələr də etdim. Deməli belə, öz-özümə dedim: “Zarafat deyil, mənə iyirmi gündən çox vaxt verilir ki, yorğunluğu aradan qaldırım. Bəs mən bu yorğunluğu harada aradan qaldırsam, həm mənə xoş olar, həm də yorğunluğama. Antalyayamı üz tutum, yoxsa Krıma?

Hərgah Türkiyəyə – Antalyaya üz tutsam, onda dost-tanışım elə bilər ki, mən Ərdoğanı dəstəkləyənlərdənəm. Onda yaxınlarımın məndən zəhləsi gedər. Amma bu, əsla belə deyil. Çünki son vaxtlar onun danışıqları əsla xoşuma gəlmir. Xüsusilə də ölkəmizdə “Çağ”a məxsus təhsil ocaqlarını bağlatdırandan sonra heç onun adını belə siyasətçilər çərgəsində çəkmək istəmirəm. Qoy buna görə məndən bəzi arkadaşlarım inciməsinlər. Ukraynaya üz tutmaq istəsəm, yaxınlarım şivən qoparıb deyərlər ki, aman günüdür, ora getmə. Oradan güllə səsləri əskik deyil. “Kazaklar”ın atdıqları güllələrdən hələ heç kim sığortalanmayıb. Məgər görmürsən ki, hər gün Ukraynanın bəzi şəhərləri gülləbaran olunur? Elə bu səbəbdən bəzi Şərq ölkələrinə də getməyə qorxuram.

Deyirəm, bəlkə Rusiyaya – Moskvaya gedim? Onda da elə bilərlər ki, Nataşalar, Valyalar könlümə düşüb. Bu yaşımda belə işlərdə adımın hallanması əsla mənə yaraşmaz. Bəs mən nə tövr edim ki, nə şiş yansın, nə kabab? Deyirəm, bəlkə, keyfiyyətli tətilin məskəni Budapeştə gedim? Amma nə gizlədim bu məkan əsla ürəyimcə deyil. Eşitdiyimə görə, bu şəhərin küçələrində tıxaclar yaranmır. Hər gün hər saat tıxaclar görməyə alışmış bir adamın tıxacsız bir şəhərdə beş-altı gün qala bilməsi sizə o qədər də asan gəlməsin. Odur ki, bu məkan  mənlik deyil. Bəlkə, Romaya, Londona, Kopenhagenə üz tutum, hə? Eh, belə yerlərdə də istirahət etmək üçün düz iki ətək dollar, bir ətək avro lazımdır. Mən jurnalist babada haradandır bu qədər pul? Mən binəva dolları, avronu yalnız kinolarda, ya da yuxularımda görürəm. Deyirəm, bəlkə hamısından yaxşısı məzuniyyəti elə Bakıda – Xəzərin sahilində keçirməkdir? Öz aramızdır, bu əla fikirdir. Həm xərcim az çıxar, həm də yaşadığım məkana yaxın olaram. Amma indi Xəzərin sahilləri elə hasara alınıb ki, heç günün günorta çağı onu aşmaq mümkün deyil. Odur ki, mən də Məşədi İbad kimi hasarın o tayında qalıb özümü biabır etmək istəmirəm. Bəs mən nə edim? Məncə, hamısından yaxşısı budur ki, elə qaxılıb oturum öz xarabamda… Onda hamının məndən xoşu gələr. Elə bilərlər ki, mən xalis vətənpərvərəm. İşə qayıdanda da məzuniyyətimin necə keçməsi ilə maraqlananlara deyərəm ki, lap əla. Harada keçirdiyimi soruşanda isə deyərəm ki, hələlik, bilmirəm, videogörüntülərə baxıb deyərəm.

Amma kim nə deyir desin imkansızlıqdan doğan vətənpərvərlik heç də yaxşı şey deyil.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here