Fərman Nəbiyev: “70 illiyimizə ən böyük töhfəmiz sadəcə davamlı fəaliyyətimizdir”

0
235

Bu günlərdə “Mingəçevir işıqları” qəzeti 70 illik yubleyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə qəzetin baş redaktoru,  “Əməkdar jurnalist”, “Qızıl qələm” və  “H. B. Zərdabi” mükafatları laureatı Fərman Nəbiyevlə görüşüb bu illər ərzində olanlar, qəzetin yaranma tarixi, digər məsələlərlə bağlı həmsöhbət olduq. Beləliklə, ilk sualımızı həmsöhbətimizə ünvanladıq.

– Fərman bəy, bölgə mətbuatımızın qocamanlarından sayılan “Mingəçevir işıqları”nın 70 yaşı tamam olur. Bu 70 illik yol, zənnimcə, heç də hamar olmayıb. Bəlkə söhbətimizə elə bu sualla başlayaq: bölgə qəzetlərinin adları dəfələrlə dəyişdirilib. Amma səhv etmirəmsə, hazırda sizin rəhbərlik etdiyiniz “Mingəçevir işıqları” qəzeti belə addəyişməyə məruz qalmayıb. Sizcə, bunun özəl bir səbəbi varmı?

– Öncə qeyd edim ki, 1948-ci ilin fevralında bu qəzet “Mingəçevir inşaatçısı” adı ilə işıq üzü görüb. Bir müddət sonra “Mingəçevir işçisi”nə çevrilib,  ta 1962-ci ilə qədər bu adla fəaliyyət göstərib. Məhz bu ildə əksər qəzetlər bağlanıb, o cümlədən “Mingəçevir işçisi”. 1965-ci ildə isə yenidən açılaraq “Mingəçevir işıqları” adı ilə fəaliyyətə başlayıb. Bəzən soruşurlar ki, bu ad haradan götürülüb? O zaman SES silsiləsində həmin adda divar qəzeti çıxırdı. Sadəcə, bu qəzetin adını mənim o vaxtkı jurnalist həmkarlarım ordan götürüblər. 1965-ci ildən ta 1991 ci ilə qədər – sovetlər birliyi dağılana qədər qəzet fəaliyyətini davam etdirib. O zaman qəzet yerli hökümətdən maliyyələşdiyi üçün bağlandı. Onu da deyim ki,  qəzetin saxlanması üçün kifayət qədər vəsait ayrılırdı. 14 min tirajla çıxan qəzet həftədə 3 dəfə işıq üzü görürdü. Hətta qəzetin 14 nəfərə yaxın işçisi var idi.

Qəzet bağlanandan sonra kollektivi 1992-ci ilin yanvarında o zamankı  Azərenerji Nazirliyinin balansında yeni yaradılan  “Azərbaycan işıqları” qəzetinə keçdi. Təxminən 8 ilə yaxın müddətdə “Mingəçevir işıqları”nın sədası gəlmədi.

O zaman qəzetin açılması üçün bir sıra prosedurları keçmək lazım idi. Mətbuat və İnformasiya Nazirliyindən lisenziya almaq, eyni zamanda Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək lazım idi. Mən 1999-cu ilin martında bu prosedurları keçdim və may ayında artıq qəzetin fəaliyyətinə başladım. Beləliklə, “Mingəçevir işıqları”qəzetinin fəaliyyətini bərpa elədim.

Bu gün qəzet həmin qəzetin varisi kimi öz sözünü deyir. 70 ildə bu qəzetin çoxlu kollektivləri olub. Biz son nömrələrimizdə qəzetin əməkdaşları ilə bağlı yazılar dərc edirik. Qəzetin ilk redaktoru Əhməd Rəşid adlı bir şəxs olub. Daha sonra Ağamusa Məmmədzadə. Fidail Abdullayev isə 1965-ci ildən qəzet bağlanana qədər baş redaktor kimi fəaiyyət göstərib.

– Bəs bu qəzetlə o qəzetin fərqi nədədir?

– O zaman qəzet partiya, sovet təşkilatlarının  orqanı idi. Yəni onların tribunası idi. Amma biz 1999-cu ildə onu müstəqil nəşrə çevirdik. Yəni bu qəzet hansısa bir qrumun, partiyanın, hansısa bir icra hakimiyyətinin qəzeti deyil. Tam sərbəst, müstəqil nəşrdir. Əslində qəzet bütün dünyada sərbəst, müstəqil nəşr kimi fəaliyyət göstərir. Yəni hansısa bir partiyanın bülleteni ola bilər. Yox, əgər qəzet geniş kütləyə ünvanlanıbsa, onda müstəqil olmalıdır, kimlərinsə sifarişi ilə işləməməli, diktəsi ilə durub-oturmamalıdır.

Bizim qəzet həm hökümətdə, həm siyasi partiyalarda baş verən prosesləri, eyni zamanda cəmiyyəti narahat edən məsələləri gündəmə gətirir. Biz baxırıq: əgər bu yazı cəmiyyəti maraqlandırırsa, deməli, bu barədə yazmağa ehtiyac var. Heç kim bizə deyə bilməz ki, siz flan partiyaya yaxınsınız. Biz sadəcə kənardan müşahidəçiyik və bizim öz yerimiz var və heç bir partiyanın yanında deylik. Yaxud heç bir icra hakimiyyətinin qucağında oturmamışıq.

Hələ də bir sıra qəzetlər icra hakimiyyətlərinin orqanı kimi fəaliyyət göstərir. Çünki özlərində tam güc tapa bilmirlər. Eyni zamanda icra hakimiyyətləri də hələlik o qəzetlərdən əllərini götürmək istəmirlər. Normalda gec-tez bu qəzetlər də müstəqil nəşrlərə çevirilməlidir: zaman bunu deyir.

 

“… bir məktəb keçmişik”

– Hər bir qəzetin “qızıl dövrü” olur. Sizin qəzetin “qızıl dövrü” hansı illərə təsadüf edir?

– Məlumat üçün deyim ki, 1999-cu ildə bu qəzet yenidən  fəaliyyətə başlayanda ilin yekunlarına görə ilin ən mübariz əyalət qəzeti müsabiqəsinin qalibi oldu. O zaman “RUH” Jurnalistlərin Müdafiə Komitəsi var idi (indi də ictimai birlik kimi fəaliyyətini davam etdirir). Biz onun mükafatını ilk alanlardan idik. İndi Mətbuat Şurasının sədri olan Əflatun Amaşov bu təşkilata rəhbərlik edirdi.

Bundan sonra “Mingəçevir işıqları” yerli jurnalist təşkilatlarının tədbirlərində fəal iştirak etdi. Mənimlə bərabər qəzetimizin əməkdaşı Yeganə xanım da H.B.Zərdabi mükafatına layiq görüldü. Eyni zamanda  beynəlxalq təşkilatlarla da əlaqələr qurduq. Onların seminarlarında, məktəblərində dinləyici olduq, hətta müsabiqələrinin qaliblərinə çevrildik. Mən bir neçə ölkədə beynəlxalq təcrübə keçdim. ABŞ-da, İsveçdə, Ukraynada olduq. Öyrəndik ki, həmin ölkələrdə yerli mətbuat necə inkişaf edir. Orada gördük ki, onların qəzetlərindən başqa kifayət qədər digər gəlir gətirən imkanları da var. Yəni qəzet təkcə abunədən faydalanmalı deyil. Əgər bu biznesdirsə, qanunla qadağan olunmayan digər fəaliyyətlərlə də məşğul ola bilər. Biz o təcrübələri müəyyən formada Mingəçevirə gətirdik. Burda mini mətbəə açdıq. İndi qəzetimiz burada nəşr olunur. Üstəlik, kompüter və Media Mərkəzini yaratdıq və çoxsaylı tədbirlərə ev sahibliyi edirik. Bu, həm qəzetimizin tanınmasına kömək edir, həm də bizə əlavə maliyyə gətirir.

2016-cı ilin oktyabr ayından etibarən Data Jurnalistikası barədə layihənin gerçəkləşməsinə nail olduq. Yəni bizim yanımıza təkcə Bakıdan deyil, Azərbaycanın bütün bölgələrindən hökümət, qeyri-hökümət və media nümayəndələri gəldilər. Biz onlara təcrübəmizi bölüşürük. Vaxtı ilə özümüz öyrənirdik, indi bu təcrübəni başqalarına yayırıq. Qəzetimizin 70 illiyi ərəfəsində bunları yada salmaq bizim üçün xoşdur, çünki böyük bir yol, bir məktəb keçmişik.

 

“… qəzet buraxmağa dəyər”

– Bir redaktor kimi deyil, adi bir jurnalist kimi qəzetinizi vərəqləsəydiniz, ondan razı qalardınızmı?

– Bu yubiley ərəfəsində qəzetin keçmiş nömrələrini vərəqləyirəm. Biz nə demişik, hansı məsələləri qaldırmışıq. Məlumat üçün bildirim ki, bu illər ərzində çoxsaylı araşdırma yazılar dərc eləmişik. Bu insan haqları, mülkiyyət, təhsil, səhiyyə  hüququ ilə bağlı məsələlərdir ki, birbaşa insanların həyatından keçir. Ümumiyyətlə, biz qəzetdə təkcə xəbər vermirik, təbii ki, xəbər vacibdir, amma insanları daha çox düşündürən yazıları təqdim etməyə çalışırıq. Bu illər ərzində hökümətə maraqlı mesajlar ötürə bilmişik. Problem varsa, bu, həllini tapmalıdır. Məsələn, şəhərin su-kanalizasiya sisteminin dəyişilməsi ilə bağlı kifayət qədər problemlər yaşanıb və bu gün də var. Qəzeti vərəqləyən zaman görürəm ki, bu iş başlayan zaman biz həyəcan təbili çalırdıq ki, iş yaxşı getmir, normal mütəxəsisslər yoxdur. Bu problemləri vaxtında qaldırmasaydıq iş daha bərbad ola bilərdi. Ona görə də “Mingəçevir işıqları” cəmiyyət arasında rəğbətlə qarşılanır. Təbii ki, abunə qıtlığı var, insanların maliyyə imkanları məhduddur, bütün bunlara baxmayaraq, əgər qəzetin cəmi bir nəfər də ciddi oxucusu varsa, deməli, qəzet buraxmağa dəyər.

– Qəzetinizin hansı sayı sizin üçün daha əzizdir? Daha doğrusu, şablon səslənsə də, seçim qarşısında qalsaydınız, indiyədək çap olunmuş hansı saya üstünlük verərdiniz?

– Mətbuatda belədir ki, qəzetin hər sayı bizim üçün doğmadır. Hər yazı üçün, hər sətir üçün dəfələrlə düşünürük. Elə nömrə yoxdur ki, biz orada cəmiyyəti maraqlandıran məsələyə toxunmayaq. Deyim ki, mən hansısa nömrəni seçmək istəmirəm. Hər birində bizim nəfəsimiz, əziyyətimiz var. Hamsı doğmadır, maraqlıdır.

 

 

“… redaktorun üzərinə düşür”

– Digər işlərinizlə bağlı problem yaransaydı, baş redaktorluğunuzu kimə təhvil verərdiniz? Yəni qəzetin taleyini kimə həvalə edərdiniz?

– Bu, çox ciddi məsələdir. Ümumiyyətlə, bölgədə kadr problemi var. Əvəzolunmaz insan yoxdur. İndiyə qədər kifayət qədər insanlar bu qəzetdə çalışıblar. Məndən sonra da kimsə redaktorluğu öhbəsinə götürəcək. Gənclər yetişir, ətrafımda kifayət qədər aktiv insanlar var. Düşünürəm ki, hər biri gələcəkdə öz üzərində işləsə, redaktor kimi çalışa bilər. Redaktor olmağın çətinliyi və məsuliyyəti ondan ibarətdir ki, əslində o qəzetin mətbəxini bilməlidir. Məlumatlar necə toplanır, onların üzərində necə işləmək lazımdır ki, səhv buraxılmasın. Bəzən biz ayrı-ayrı qəzetlərdə görürük ki, kiminsə vəzifəsini düzgün yazmırlar, kimisə olduğu kimi düzgün təqdim etmirlər. Müxbir olmağa nə var ki… Vaxtı ilə mən də müxbir işləyirdim və məsuliyyətim kifayət qədər az idi. Hesab edirsən ki, səndən yuxarıda bir şöbə müdiri var, sənin buraxdığın səhvi düzəldəcək. Yəni sonda bütün məsələlər gəlir redaktorun üzərinə düşür. Əgər bu səhvi də redaktor görmürsə, onda cəmiyyətdə bu qəzet haqqında mənfi fikir yaranır.

Mənim az yaşım yoxdur. 20 yaşımdan mətbuatdayam. Artıq 58 yaşım var. İki ildən sonra mətbuatda fəaliyyətimin 40 ili tamam olacaq. Bu da böyük bir ömürdür. Qəzetin korrektorluğundan redaktorluğuna qədər gəlib çıxmışam. Mənim də çoxlu çətinliklərim olub, ustadlarım olub. Vaxtı ilə mənə jurnalistikanı öyrədən universitet müəllimlərimə təşəkkürümü bildirirəm. Rəhmətə gedənlərə də Allahdan rəhmət diləyirəm.

– “Mingəçevir işıqları”nın nuru qonşu rayonlara da düşürmü? Yəni həmin bölgələrlə əlaqələriniz varmı?

– Mingəçevir iki mənada ölkəni işıqlandırır. Həm elektrik enerjisi, həm də mənəvi işıq yaymaqla. Bölgə nəşrləri ilə mütəmadi əlaqələrimiz var, bölgədə baş verən proseslərlə bağlı internet səhifəmizdə yazılar gedir. Ən maraqlısı da bölgə nəşrlərinin nümayəndələri üçün mütəmadi  təlimlər keçirik. Yeri gəlmişkən, yaxın vaxtlarda yenə bölgə mətbuatı üçün təlimlər düşünürük. Biz onlara onlayn media ilə daha yaxşı işləməyi öyrətmək fikrindəyik. Hətta bölgə jurnalistlərinin 3-nü aylıq maaşlarından da yüksək səviyyədə mükafatlandırmağı nəzərdə tuturuq. Düşünürəm ki, bu da bir stimul olacaq. Yəni bölgə ilə uzun illərdir əlaqələrimiz var və davam edir.

 

“… biz yerimizdə saymırıq”

– “Qızıl qələm”, “H. B. Zərdabi” mükafatlarına layiq görülmüsünüz. Həm də “Əməkdar jurnalist” adını daşıyırsınız. Bəs qəzetininz hansı mükafatlara layiq görülüb?

– İlk mükafatımız 1999-cu ilin yekunlarına görə RUH Jurnalistlərin Müdafiə Komitəsinin “İlin ən mübariz əyalət qəzeti” mükafatıdır. Ondan sonra onlarla mükafatlar almışıq. Bu sırada Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) davamlı təlimlərindən bəhrələndiyimizi və dəfələrlə onların müsabiqələrində qaliblər arasında olduğumuzu məmnunluqla yada salardım. Əksər  yerli və beynəlxalq təşkilatlar zamanında  bizim fəaliyyətimizə yüksək qiymət veriblər. Onları sadalamaqla bitməyəcək.

– 70 illiyə hansı töhfələrlə gedirsiniz?

– Öz işimizlə deyərdim. Abunəçi sayımız 500-600 olsa da, qəzetimiz hər həftə işıq üzü görür. Əlavə olaraq elanlarla bağlı iki internet səhifəsi açmaq fikirindəyik. Kimsə nə isə axtarsa, rahat şəkildə bu səhifələrdən istifadə edə biləcək.

İnsanların maliyyə problemi həm də bizim problemimizdir. İnsanlar bəzən qəzet ala bilmirlər, internet səhifəsinə bir çoxlarının çıxışları olmur. Amma bütün bunlara baxmayaraq, biz yerimizdə saymırıq. 70 illiyə də ən böyük töhfəmiz sadəcə davamlı fəaliyyətimizdir.

– Bəlkə, sonda bölgə mətbuatı mühitində sizi qane etməyən məsələlərdən, problemlərdən  danışaq…

– Bölgə qəzetlərinin ən böyük problemi ondadır ki, bir çoxları hələ də köhnə “şinel”indən çıxa bilmirlər. Yəni onların düşüncəsi belədir ki, kağız qəzet qalmalıdır, insanlar məcburən abunə olmalıdır. Gəlin, etiraf edək ki, indi insanların çoxu kağız formatda qəzet oxumur. Yəni biz niyə özümüzü aldatmalıyıq. Mənim bəzi həmkarlarım hesab edirlər ki, onlayn mediaya, qəzetlərin internet səhifəsinə ehtiyac yoxdur. Hətta bəziləri olanı da bağlayırlar. Daha başa düşmürlər ki, dünya inkişaf edir, insanlar əllərində tutduğu mobil telefondan qəzet oxumaq istəyir. Sən əgər bu gün o informasiyanı çatdıra bilmirsənsə, deməli,  gələcəyin, perespektivin yoxdur. Mən kağız qəzetin bağlanmasının tərəfdarı deyiləm, təbii ki, qəzet salnamədir, yüz illər, min illər sonra da danışacaq. Amma hər birimiz sadəcə dəyişikliyə meyilli olmalıyıq.

Söhbətləşdi:  Esmira Hidayətova