“Həbsxananın ən aşağı təbəqəsi sayılan üzdəniraqların talelərini diqqət mərkəzinə gətirdim”

0
47
Sabiq ədliyyə mayoru: Həbsxanadakı hadisələrdən ən dəhşətlisi intiharlar idi”
Müsahibimiz yazıçı Rövşən Yerfidir. Uzun müddət  həbsxanada çalışıb, sabiq ədliyyə zabitidir. Həbsxanada çalışdığı zaman şahidi olduğu hadisələri özünün “Qazamat sanitarları”, “Qadın düşərgəsi”, “Residivist”, “Üzdəniraq ada” və s. kimi kitablarında əks etdirib. Çağdaş Azərbaycan nəsrində məhbəs mövzuları öz dəhşətləri, çılpaqlığı ilə Rövşən Yerfinin qələmindən gün işığına çıxıb.
Moderator.az sabiq ədliyyə mayoru, tanınmış yazıçı ilə müsahibəni təqdim edirik:
Əvvəlcə, özünüz haqqında məlumat vermənizi xahiş edərdik. Necə oldu ki, tam fərqli bir sahədə çalışan Rövşən Yerfi sonradan ədəbiyyata bağlandı?
-Müsahibəyə dəvətə görə təşəkkür edirəm. Ədəbiyyata sonradan bağlanmamışam. Xidmətə qədər ilk addımlarımı atmışdım. 1989-cu ildə Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu yaradıcılıq müsabiqəsi keçirmişdi. Həmin müsabiqədə nəsr üzrə qalib olmuşdum. 1995-ci ilədək qəzetlərdə 7 hekayəm çıxmışdı və beş ilə yaxın idi jurnalist işləyirdim. Düzü,  mən heç vaxt arzulamamışdım ki, çiynimə “paqon” taxım, həbsxanada işləyim. Həyat məni buraya yönləndirdi. İşlədiyim qəzetin çapı dayandı, aylarla maaşa həsrət qaldım, iş tapa bilmədim, reketliyi də bacarmadım, heç indi də bacarmıram. İki körpə uşaqla, ailə qayğıları ilə çox çətin günlər keçirirdim. İstənilən ağır işə getməyə hazır idim. Məni “Qara Volqa”nı yazan Cəmşid Əmirovun oğlu  o zamanlar ədliyyə polisi Baş İdarəsinin rəisi Çingiz Əmirovun qəbuluna iş üçün göndərdilər. O, məni çox səmimi, anlaşıqlı qarşıladı və qulluğa götürdü. Düşünürəm ki, bəlkə də, onun atası jurnalist, yazıçı olmasaydı, mənə o sayaq diqqət yetirməzdi. İşə başlayanda tək arzum vaxtlı-vaxtında maaş almaq idi, başqa istəyim yox idi.
Sonralar, indi tanınmış yazıçı olan bir nəfər mənə danışdı ki, cavanlıq vaxtında cəzaçəkmə müəssisəsində bircə gün tab gətirə bilib, işləməkdən imtina edib. Amma mən dözdüm. Xasiyyətimin yumşaqlığına görə çox əziyyət çəkdim. Əsərlərimin hansında yumşaq xasiyyətli işçi varsa, orda özümü təsvir etmişəm.  Təbiətimə uyğun gəlməyən sahədə 17 il işlədim. Görünür, belə lazım imiş. Məhbəsdən yazan yazıçı da gərəkmiş və bu işi mən görməli imişəm. Bir həqiqət var ki, bu mövzuda yazmasaydım, indiki qədər də tanınmazdım.
Məhbəs mövzusunda ilk yazım “Residivist”dir. Xidmətin birinci ilində yazmışdım. Sonra daim qapalı cəzaçəkmə müəssisələrində işlədiyimdən 7 il nəsə yazmağa nə həvəsim oldu, nə də imkanım. Qorxuya düşmüşdüm ki, yazmaq qabiliyyətimi itirəcəyəm. Şükür özümü toparlaya bildim, 2003-cü ildə “Üzdəniraq ada” romanını yazmaqla ədəbiyyata yenidən bağlandım.
Çox ağrılı mətnləri, ağrılı hadisələri qələmə almısınız. Onları yazmaq sizə psixoloji cəhətdən nə dərəcədə ağır təsir göstərib?
-Ağrılı hadisələrin əksəriyyətini gözlərimlə görmüşəm, psixoloji ağırlığı görən anda keçirmişəm. Ona görə də yazanda mənə çətin olmayıb, o hissləri təkrarən yaşasam belə.
Uzun illər gördüyünüz, yaddaşınızdan silə bilmədiyiniz insan əzablarını ədəbiyyata gətirməklə bir növ onlardan xilas olmaq istəyirdiniz? Bu sizdə alındımı?
-Doğru deyirsiz, xilas olmaq deməzdim, özümü yüngülləşmiş kimi hiss edirəm. Sanki, gizli nə isə bilirsən və onu danışanda rahatlıq tapırsan, eynən o sayaq. Misal üçün, “Qazamat sanitarları” povestində həbsxananın ən aşağı təbəqəsi sayılan üzdəniraqları, onların ağır, alçaldılmış talelərini diqqət mərkəzinə gətirirəm. Bu insanlar niyə, hansı səbəblərdən üzdəniraq olublar? Niyə onlar ilə həbsxanada əl verib görüşməyi əskiklik hesab edirik, ancaq onların sırasından olan, cəmiyyətdə yüksək post tutanlara isə hər cür ehtiram göstəririk?
Xeyr, hələ ki, alınmayıb, ona görə də yenə yazmaq qənaətindəyəm.
-Qadın həbsxanasından bəhs edən silsilə əsərlər müəllifisiniz. Rastlaşdığınız, şahidi olduğunuz hansı hadisələri yazmaq sizin üçün əls dəhşət idi?
-Qadın həbsxanası haqqında “Qadın düşərgəsi” povestini və “Həbsxana bənövşəsi” pyesini yazmışam. Arzum var ki, xidmətdə olarkən yaza bilmədiklərimi yeni bir povestdə işıqlandırım. Rastlaşdığım, şahidi olduğum hadisələrdən əsl dəhşətliləri intiharla bağlı olanlardı. Şübhəsiz, belə səhnələri qələmə almaq heç də asan iş deyil.
-Gələcək yaradıcılığınız da sırf bu mövzuda olacaq?
-Əlbəttə, məhbəs mövzusunu davam etdirəcəyəm. Məqsədim dövrün həbsxana reallıqlarını ədəbiyyata gətirməklə onu zənginləşdirməkdir . Lakin ictimai həyatımızla bağlı yazılarım da olacaq. Bildiyiniz kimi “Lənətə gələnlər” povestim Android sistemində yerləşdirilib və artıq cib telefonlarında 500 dəfədən çox yüklənib. Son əsərim olan “Zavallı Əfiqə” adlı povestim ixtisarla “Yazı” dərgisində dərc edilib. Kömək olarsa, kitab halında da çapını arzulayıram. Bu povestdə “Sel”də əks etdirdiyim problemlər daha geniş miqyasda təqdim olunur. İnanıram ki, oxucularım Əfiqəyə biganə qalmayacaqlar.
-Bir az da Yerfi haqqında danışaq… Deyirlər, sirli torpaqdı..
-Nə mənada sirlidir?
Yaradıcılıq baxımdan, mən bilən oradan olanlar bədii yaradıcılığa, sözə cox meyilli olurlar.
-Yerfi çar Rusiyası dövründə Quba qəzasında əhalisi çox olan böyük kəndlərdən biri olub. İki minə yaxın sakini ilə o zamankı Siyəzəndən, Xaşmazdan böyük olub. Əfəndilər kəndi sayılıb. ötən əsrin 30-cu illərindən başlayaraq dinə, əfəndilərə edilən təzyiqlərdən, repressiyalardan sonra əhali ətraf bölgələrə dağılışıb. Çox düzgün qeyd etdiniz, həqiqətən, bizim kənddə sözə, bədii yaradıcılığa böyük önəm verilir. Altmışa yaxın evi qalan kiçik kəndin tanınan iki şairi, iki nasiri, iki əməkdar jurnalisti və neçə-neçə qələm adamı var. Quba rayonunda bu mənada Yerfiyə üstün gələsi kənd tapmaq mümkün deyil.
-Sizcə, başqalarının əzablarını başqalarına lazımınca çatdıra bilirsinizmi?
-Deyə bilmərəm ki, lazımınca çatdırıram. Amma bacardığım qədər bunu etməyə çalışıram.
 –İlk dəfə sizi yazmağa nə vadar etdi? Və həmin qüvvə qələmə birdəfəlik son qoydurmaq gücünü də daşıyırmı?
-Məni ilk dəfə yazmağa vadar edən on yaşımda oxuduğum Cəfər Cabbarlının hekayələri oldu. Hekayələrdəki surətlərdə olduqca yaxınlıq, doğmalıq duydum. Bir hiss mənə hakim oldu ki, “mən də yazacağam”. Yəqin ki, nə vaxtsa içərimdən “yazma”deyilsə, o zaman da qələmi dayandırmalı olacağam.
 
Elmin Nuri