Bal əfsanəsi

0
335
Bu yazını əfsanə adlandırmağım heç də təsadüfi deyil.
 Günümüzdə arı saxlayıb bal istehsal edən arıçılar danışacağım əhvalata çətin ki inana. Atam çoban olsa da, bağçılıq, arıçılıq, ağacdan qaşıq, çömçə hazırlamaq ilə də məşğul olurdu. O zaman arı ailələrini səbətlərdə saxlayırdı atam. Qara murdarça dediyi ağac çubuqlarından toxuyurdu səbətləri. Dairəvi səbətlərin ölçüsünü qazan ilə tutaraq toxuyardı. Hündürlüyü atamın əli ilə bir qarış olan səbətləri çox səliqə ilə toxuyub, çöl tərəfdən suvaqlayardı. Suvaq yayda sərinlik, qışda da istiliyi təmin edirdi. Bağımızda səliqə ilə düzülən üç, bəzən də dördmərtəbəli arı ailələrinin iyirmi dördə çatdığının şahidiyəm.

Atam geniş bağımızın otunu çox gec biçərdi ki, arılar güllərdən kifayət qədər istifadə edə bilsinlər. Ustəlik, həyətimizin ətrafı çoxlu sayda akasiya ağacları ilə əhatə olunmuşdu. Günəşli günlərdə bizdən erkən qalxıb işə başlayan arılar hava qaralanacan qeyri-adi zəhmət simfoniyası sədaları altında çalışar, bəlkə də, yarışardılar. Pətəklərin atamın iki buğum enində qoyduğu giriş qapısı tezliklə vərəmumla naxışlanardı. Qapı lap çox kiçiləndə atam bıçağı ilə ehmallıca sıyırıb vərəmumu azaldardı. Toplanmış vərəmumdan biz plastilin əvəzi olaraq istifadə edər, həm gözəl qoxusundan, həm də düzəltdiyimiz müxtəlif fiqurlardan zövq alardıq. Hərdən nəfsimiz bizi aldadar, özümüz bir az gendə durub çubuqla pətəklərin vərəmumundan götürməyə çalışardıq, bəzən məqsədimizə nail olsaq da, çox vaxt arılar bizi cəzalandırardı. Nə qədər paslı dəmir, palçıq, qatıq sürtsək də, xeyli müddət sızlar, üz-gözümüz şişərdi. Oğurluğumuzu gizlətməyə çalışsaq da, valideynlərimiz arıların bizə əbəs yerə hücum etmədiklərini bilirdilər.

Arı ailələrinin həyatında ən maraqlı zamanlardan biri də onların beçə verməsi – yeni arı ailəsini özündən ayırması idi. Atam əvvəlcədən hansı pətəyin beçə verəcəyini bilir, onu güdməyi tapşırardı bizə. Bulud kimi havaya qalxan beçə qonmaq üçün yer axtarar, hər ağacı, hər budağı bəyənməz, uçub getmək istərdi. Biz də xəfif-xəfif fit çalaraq, əlimizdəki daşları bir-birinə vurub səs çıxarar, havaya ovuc-ovuc su çiləyərək beçəni məhz yaxınlıqdakı ağaclardan birinə qonmağa məcbur etməyə çalışardıq. İnadkar beçələr də olurdu. Bütün səylərimizə baxmayaraq, beçə küləyin önünə düşüb gedən bulud kimi uçub gedərdi. Sözəbaxan beçələri bəzən atam, bəzən də anam

budaqdan götürüb təzə pətəyə dəvət edərdi. Beçə pətəyin hər tərəfini dolaşsa da, içəri girməzdi. Bu zaman o qədər körpə arının içərisindən şahı tapıb pətəyin dəliyinin ağzına qoyardılar. Şah içəri girən kimi beçə də nizamla daxil olardı, yeni bir ailənin qayğılı həyatı başlayardı.

İyul ayının sonunda, avqust ayının əvvəlində pətəklərdən bal alardıq. Bal zamanını atam kəndəlaş meyvəsinin yetişib qaralması ilə nizamlayardı. Kəndimizdə Sadıq adlı bir arıçı vardı. Bal almaq üçün atam onu köməyə çağırardı. Xoş xasiyyətli Sadıq dayı uzun illərin təcrübəsi nəticəsində arıların dilini öyrənmişdi. Arılar onu sancsa da, buna məhəl qoymaz: “Özünüzü həlak etməyin”, – deyərdi. Sən demə, arı sancdıqdan sonra ölürmüş. Hikmətə bax! Kaş ki hər gün neçə-neçə insanları sancan adamlar da bu qismətə düçar olaydılar. Allah bilən məsləhətdir!

Arı pətəklərinin müasir konstruksiyası 1852-ci ildə L. L. Langstrot (L.L. Langstroth) tərəfindən yaradılsa da, hələ bizim tərəfəflərə qəlib cıxmamışdı. O zamanlar arı ailələri pətəklərə şanı özləri hörərdilər. Sadıq dayı uşaqlara bir dişləm şanlı bal verib işə başlayardı. Arıçı bəzi pətəkləri az bal topladıqları üçün tənqid edər, onlardan bal götürməz, atama qışacan onlara nəzarət etməyi tapşırardı. İş bitər, xeyli bal toplanardı. Atam Sadıq dayını yola salandan sonra anamı çağırıb yaxınlarımız, qonum-qonşular üçün bal payı ayırardı. Atamın əli aza getməzdi. Beləliklə, bir neçə kilo şanlı bal paylayardıq. Anam hərdən: – Yaxınları başa düşdük, bəs bu qədər qonşuya bal paylamağın nə mənası var? – deyərdi. Atam izah edərdi: – Arılar bal toplamaq üçün, bilirsən, nə qədər uzaqlara gedir? Aldığımız balda qonşuların da haqqı var. Üstəlik, onların xeyir-duaları da bizim qazancımız.

Dünyada bal istehsal edən yeganə fabrik ən gözəl iş bölgüsünə əsaslanan arı pətəyidir. Arıların əhəmiyyəti təkcə bal istehsal etməklə bitmir. ABŞ-ın Kənd Təsərrüfatı Departmentinin hesablamasına görə insan qidasının  tozlanması həşəratlarla olan bitkilərdən əldə edilr. Bu cür tozlanmanın 80%-ini də məhz bal arıları həyata keçirir. Kornel Universitetinin (Cornell University) 2000-ci ildə apardığı araşdırmaya görə arı ilə tozlanmanın ABŞ kənd təsərrüfatına verdiyi gəlir 14.6 milyard ABŞ dollarından artıqdır.

 

Uca Kitabımızda deyilir: –  Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır! (Nəhl – 68/69)

Allah ən çox bizə yol göstərib. Quran başdan-başa insanlara öyüd, nəsihət, müjdə olduğu halda, işimiz, əməlimiz, münasibətlərimiz ilə insanlığı ləkələməklə məşğuluq. Bu gün dərman üçün arıçılardan bir qaşıq havayı bal ala bilməzsən. Müxtəlif ölçülü qablar və müvafiq zənn etdikləri qiymətlər arıya xəcalət verir. Atam anama qəti tapşırardı ki, qapmıza dərmanlıq bal üçün gələni boş qaytarmasın və əvəzində pul almasın.

Arı və onun zəhmətinin şöhrəti olan bal həm də xalq pedaqogikasında didaktik, tərbiyəvi vasitə kimi istifadə olunur. “Bal bal deməklə ağız dadlanmaz, bal tök yala, bal kimi, bal tutan barmağını yalar, bala baldan şirindir, dil var bal gətirər, dil də var bəla” və s. kimi ifadələr hamıya məlumdur.

Atam balla bağlı bambaşqa bir deyimdən isifadə edirdi. O, qohum-əqrəba ziyarətini ləzzətdən salan qız-gəlinlərinə: “Ballı gəl, ballı get,” – deyər və bu əhvalatı danışardı: – Keçmişdə bir kişinin qızı ata evini çox tez-tez ziyarət edərdi. Ailəsindən soyuyacağından narahat olan ata bir gün nəsihət olaraq, qızını yola salarkən üstüörtülü şəkildə deyir: – Gözəl qızım, ballı gəl, ballı get.

Qız bir müddət gəlmir. Ata sevinir ki, nəsihəti təsir edib qızına. Bir gün qız yenə gəlir. Ata hal-əhval tutur. Qızı gətirdiyi bir küpə balı göstərib deyir: – Ata, sənin üçün çox gözəl bal gətirmişəm, buyur, dadına bax. Ata təccüblə deyir: – Ay qızım, mən səndən bal istəmişəm?

Qızı atasının yadına salmaq üçün deyir: – Axırıncı dəfə məni yola salarkən, “Ballı gəl, ballı get,”- demədinmi? Ata qızının sadəlövhlüyünə o ki var gülüb deyir: – Gözəl qızım, mən o mənada deməmişəm. Sənin ev-eşiyin, ailən var. Ata evini tez-tez ziyarət etsən, ya elə bilərlər ki biz möhtacıq, ya da gəlin getdiyin ev. Bu bir yana, bala, elə gəl ki adına qazan asılsın.

Bal ilə bağlı ibrətamiz hekayələr də çoxdur. Onlardan birində deyilr: – Bir neçə milçək mətbəxdə dağılmış balın üzərinə qonub acgözlüklə yeməyə başladılar. Ürəkləri istədiyi qədər yedikdən sonra uçub getmək istədilər. Lakin nə bal yapışmış qanadlarını tərpədə bildilər, nə də ayaqlarını. Səhvlərini başa düşsələr də, artıq gec idi. Mətbəxi təmizləmək üçün gələn adam əlindəki milçəkvuranla onların hamısını məhv etdi.

Həyat da bal kimidir. Baldan doymaq olsa da, həyatdan, yaşamaqdan doymaq olmur. Lakin oyundan ibarət həyat şirin cəhətləri bizim yaradılış qayəmizi unutdurmamalıdır. Uca Kitabımızda deyilyir: – “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun -115)

Biz təkcə yaşamaq üçün yaranmamışıq, yaşatmaq kimi mühüm vəzifəmiz də var. İnsanlığın şərəfi sayılan sədaqət, etimad, başqasının fikirlərinə hörmətlə yanaşma, gələcək nəsilləri də bu ruhda böyüdüb yetişdirmək kimi məqsədlərimiz də var. Allah bizlərə arı kimi yaradılış qayəsinə sadiq olmağı nəsib eyləsin!

Bizləri olduğumuz kimi görmək istəmədikləri halda, özlərini olmadıqları kimi qəbul etdirməyə çalışanları da Allah islah eləsin, bizləri də duruma düşməkdən qorusun! RAHIB ALPANLI,

Amin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here