Anım tədbiri hamını kövrəltdi

0
476

Mingəçevir Təbiət-Riyaziyyat və Hümanitar Elmlər Təmayüllü Liseydə Aprel döyüşlərində canından keçən qəhrəman oğulların xatirəsi yad olunub. Belə ki, burada şəhidlərin ailələri ilə məktəbin müəllim və şagir kollektivinin görüşü keçirilib.

 

Dövlət himnimiz səslənməsindən, şəhidlərin ruhuna bir dəqiqəlik sükutdan və dövlət bayrağımızın zala gətilməsindən sonra çıxış edən liseyin direktoru Aidə İsmayılova bildirib ki, dörd günlük Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur: “Amma bunu qeyd etməyi özümə borc bilirəm ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq salnaməsi yazıb. Bununla da hər bir soydaşımıza möhtəşəm qələbə sevinci yaşadıb. Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Yeri gəlmişkən, onu da deyim ki, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə abadlıq və quruculuq işləri aparılır. Əlbəttə, bu böyük qayıdışın başlanğıcıdır”.

 

Daha sonra şəhidlik zirvəsinin ən uca bir zirvə olduğunu vurğulayan Aidə xanım onların unudulmayacağını, hər bir vətəndaşımız tərəfindən sevgi ilə xatırlanacağını bildirib. O, rəhbərlik etdiyi tədris ocağında belə bir tədbirin təşkilini də məhz bu amala xidmət etdiyini söyləyib.

 

Daha sonra məktəblilərin hazırladıqlar bədii kompozisiya təqdim olunub. Tədbir iştirakçıları şagirdlərin çıxışını həyəcanla imzalamışlar. Hətta onlar öz göz yaşlarına hakim ola bilməyiblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirməklə yanaşı, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Mingəçevir Aprel döyüşlərində 4 şəhid verib.

Esmira Hidayətova, Mingəçevir