Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması keçiriləcək

0
94

 

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçiriləcək. Növbəti matçlar İspaniya və Portuqaliyada baş tutacaq.

 

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəldiblər. Fransa çempionatında liderlik edən parislilər də qitənin ən mötəbər klub turnirində yollarına davam etmək niyyətindədilər. “Real” – PSJ dueli erkən final hesab olunan matçlardandı.

 

Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən üçündə “Real” qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə tərəflər qolsuz bərabərliyə razılaşıblar.

 

Fevralın 14-də “Porto” və “Liverpul” matçı da keçiriləcək. İndiyə qədər 2 dəfə üz-üzə gələn tərəflərin hər iki dueli Çempionlar Liqasında baş tutub. Belə ki, turnirin 2007/08 mövsümünün qrup mərhələsi çərçivəsində Portuqaliyadakı matçda 1:1 hesabı qeydə alındığı halda, İngiltərədə “Liverpul” rəqibini 4:1 hesabı ilə üstələyib.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

23:45. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa)

Baş hakim: Canluka Rokki (İtaliya)

 

23:45. “Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

 

Qeyd edək ki, dünən mərhələnin ilk iki oyunu keçirilib. ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan “qoca sinyora” 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan “Tottenhem” isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

 

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

13 fevral

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) – 2:2

Qollar: İquayn, 2, 9 (pen.) – Keyn, 35, Eriksen, 72

Baş hakim: Feliks Brix (Almaniya)

“Yuventus” stadionu, Turin

 

“Yuventus”: Buffon, De Şilio, Benatio, Kyellini, Aleks Sandro, Pyaniç, Xedira, Bernardeski, Duqlas Kosta, Mancukiç, İquayn

“Tottenhem”: Lloris, Orye, Sançez, Vertongen, Devis, Dembele, Dayer, Lamela, Eriksen, Delle Alli, Keyn

 

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) – 0:4

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

Baş hakim: Yonas Eriksson (İsveç)

“Sankt-Yakob Park”, Bazel

 

“Bazel”: Vaslik, Lakrua, Fray, Ştoker, Suxi, Oberlin, Sere Di, Elyunussi, Riveros, Caka

“Mançester Siti”: Ederson, Uolker, Kompani, Otamendi, Delf, Fernandinyo, İlkay, De Brün, Sterlinq, Bernard Silva, Aquero