Arpaçayın nəğməsi

0
60

(Poema)

Proloq

Nə müddətdir yolum ondan uzaq idi,
Yurd sevdalı könlüm onsuz sazaq idi.
Gələmmirdim, fələkdənmi, tuzaq idi?..
Qəlbimdəki duyğuları saya-saya,
Bu gün yenə qucaq açdım Arpaçaya…

Yol aldım mən Qoca Şərur torpağında,
Çılğın sulu dərəsində, həm dağında.
Ahənginin zümzüməsi dodağımda,
Qəlbimdəki duyğuları saya-saya,
Bu gün yenə qucaq açdım Arpaçaya…

Eşqi ilə zaman-zaman hey yandım mən,
Onsuz ömrü “ömür” deyə heç sandım mən?..
Gilə-gilə bu diyara hey damdım mən,
Qəlbimdəki duyğuları saya-saya,
Bu gün yenə qucaq açdım Arpaçaya…

Qucaqlayıb basdım bərk-bərk ağuşuma,
Həsrətimin düşdüm vusal yağışına.
Tutun məni bu sevdanın “qarğışına”…
Qəlbimdəki duyğuları saya-saya,
Bu gün yenə qucaq açdım Arpaçaya.

-1-

Min illərin o üzündən,
o üzündən, bu üzündən,
əfsun dolu gecəsindən, gündüzündən
bir əfsanə axıb gəlib günümüzə…
Aşa-aşa hər bir səddi
əski, qədim tariximin
cəngəlliklər dərəsindən,
dar keçilməz bərəsindən,
bax, vüqarla keçərək o
dikilibdi heykəl kimi önümüzə…
Zamanın axarında axmaqdadı o əfsanə…
hələ neçə min illər də axacaqdır…

-2-

O vaxt idi-
yayılmışdı oba-oba, oymaq-oymaq,
yol almışdı yalınayaq
dünənimdən bu günümə
anaların ah-naləsi…
Arpaçayı aşı-daşdı,
Sel Saranı alıb qaçdı.
Ala gözlü, gələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı…
O vaxt idi ana-torpaq
köşə-köşə…bucaq-bucaq,
Daşımışdı bu sevdanın
nisgil dolu şələsini…
Arpaçayı dərin olmaz,
Axar suyu sərin olmaz…
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı…
O vaxt idi – insan oğlu
lərzə gəlib dinləmişdi,
xeyirlə-şər arasında inləmişdi
Xançobanın fəryad səsi…
Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana…
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı…

-3-

İndi artıq o zamandan–
“əsrlərin qədim tarix dərəsindən”
aşıb gələn
bircə nişan… bir nəm qalıb,
zili-zil tək…
bəmi də ki, eh… bəm qalıb…
İndi artıq kəsilibdi
anaların ah-vayları,
ürək yaxan harayları…
Xançoban tək ərənlərin
fəryadları…
İndi artıq o zamandan
min-min illər gəlib keçib,
nəcabəti, şəcərəsi,
əzəl adı, ilk soyadı
bilinməyən, unudulan
nəsillər də baxa-baxa gülüb keçib…
zamanların hər səddini
dəlib keçib…
və son da bu cür nəğmə gəlib çıxıb günümüzə…

-4-

Bir çay axır qəlbimdən,
Məni çəkir özünə.
Qatır o hər gecəmi
Günəşli gündüzünə.
Çəkir nurlu Ay kimi,
Mələklərə tay kimi…
Bir günəşli may kimi
Dərəsinə, düzünə.
Könlümə axın edir,
Uzağı yaxın edir.
Gör, nələr, baxın, edir,
Şəfəq salır gözümə.
Alır “məni” o məndən,
Çıxarır iman, dindən…
Elə sevdiyim gündən
Vurğunam hər sözünə.
Bu çay Arpaçayımdır,
Bu çay Tanrı payımdır.
Xoş duyğum, harayımdır,
İsinirəm közünə…

-5-

Vaxt var idi
heç yaranmış tarixini
doğru dürüst bilmədiyim Arpaçayı
tələsə-tələsə, hövlnak,
nağıllarda deyilən tək
“təpələrdən yel kimi”,
“dərələrdən sel kimi” keçə-keçə,
quduzlaşmış pələng təki
dəli nərə çəkə-çəkə,
axardı o.
Yaz ayları yatağına sığmazdı ki…
aşıb-daşıb məcrasından çıxardı o…
qan edərdi,
yandırardı…yaxardı o…
Can atardı Xan Araza,
verərdi avaz-avaza…

-6-

Budur artıq insan əli, hünərilə,
gənclik eşqi, zəfərilə
düz qırx ildir
ram edilib Arpaçayı –
salınıbdı min fənd ilə, min feyllə,
bax, kəməndə…
Bu gün hərdən gördüyümdə
mən də heyrət edirəm hey,
topdağıtmaz bu möhtəşəm,
böyük bəndə…
Bəzən hərdən daraq çəkib
mürgü döyən düşüncəmə
o günləri anıram mən,
ağrısıyla, acısıyla,
uğuruyla, sevinciylə,
həzin-həzin,
yanıram mən…
Ölməz ustad şairimiz
Səməd Vurğun deyən kimi,
Dəli Kürü, öyən kimi,
“çarxların car çəkib
çaxnaşan” vaxtı
mən də oldum Arpaçayda,
Vurğun kimi Sarvanımı
aradım o “çal-çağırda”…
aradım o hay-harayda
bir gənc müxbir, yazar kimi…
Demək, bu da tale hökmü.
Min bir xoş zövq ala-ala
bulaq kimi qaynayan bu
inşaatdan,
neçə-neçə yazı yazdım
burdaca bənd salanlardan.
Söhbət açdım neçə fəhlə,
neçə-neçə sürücüdən,
briqadirdən, mühəndisdən,
keçib tozlu dumanlardan
heç düşmədən şux həvəsdən…
Hətta…hətta
“Arpaçayın Sarvanı” adlı oçerkimdə
dastan açdım Əli İsmayılov tək
ekskavatorçudan- Sarvanımdan,
əllərinin qabarıyla yol aldığı
onun ömür karvanından…

-7-

Bu gün artıq
Arpaçayı ələbaxım quzu olub,
atıb əski dəcəlliyin daşını o,
bu torpağın sözəbaxım qızı olub…
Dəyişdiyi yönü ilə,
təzə-təzə nəğməsiylə, ünü ilə
yaddaşlara nəqş olunmuş yazı olub…
“Mən”, “mən” deyən inadından,
huyundanca əl çəkibdi,
özü üçün yeni bir yol seçibdi.
İndi artıq Arpaçaydan
Qoca Şərur, Sədərəyə, Böyükdüzə,
həm o üzə, həm bu üzə,
dərə-təpə süzə-süzə
neçə-neçə şaxələnmiş
qanad gedir.
Min illərlə cadar olmuş
tül örpəksiz, üstü yalın torpaqlara,
“yandım” deyib haray təpən,
ayaq öpən
suya həsrət boz çöllərə,oymaqlara
büsat edir,
sevinc dolu, nəğmə dolu
bir əbədi həyat gedir…

-8-

Qızıl-qızıl qanlar kimi
qarışaraq damarına, qanına,
Arpaçayın saf suları
axır yurdun dörd yanına.
Axarıyla-baxarıyla
Qoca Şərur torpağı, bax,
göz oxşayan gülşənliyə,
gülüstana, gülə dönüb,
Min bir dürlü bəhəriylə
axa-axa
könüllərdə
sevdalı bir selə dönüb…
Göz gördükcə
sünbül-sünbül zəmiləri
köks qabardır yol boyunca.
Oxucu qardaşım, buyur sən də
bir qonaq gəl bu yerlərə,
öz gözünlə bax doyunca.
Əlvan-əlvan neçə rəngə
boyanıbdı torpaq burda,
Yurdum kimi bir gözəl yurd
de, harda var, deyin harda?..

-9-

Bu gün artıq insan oğlu,
öz zəhməti,
o sellənən təri ilə,
ikinci dəfə bəndə çalıb Arpaçayı,
öz zəkası, ağlı ilə
daha yeni fəndə salıb Arpaçayı…
Həm birinci, həm ikinci
bəndlərin də üzərində
tikilibdi böyük SES-lər.
Kəsilməz ki, ürəklərdən
könül dolu xoş diləklər, xoş həvəslər…
Bu gün artıq Arpaçaydan
Qoca Şərur, Sədərəyə, Böyükdüzə,
həm  o üzə, həm bu üzə,
dərə-təpə süzə-süzə
dəmir-dəmir dirəklərin üzərində
dəmir telli qanad gedir,
Arpaçayın sularının bətnindəncə
süzüb gələn.
şəfəq-şəfəq nur dolusu həyat gedir.
Bu gün artıq
“Dədə Qorqud” boylarından boy boylayan
Qoca Şərur torpağında
Arpaçayın ağuşundan
axan çağlar hər damla su
ana yurda həm can verir,
Günəş kimi həm də işıq.
Bu da necə
əsrarəngiz bir gözəllik,
göz dolusu yar-yaraşıq…
Bu gün artıq bu torpağçün,
bu el üçün, oba üçün, oymaq üçün,
bir var dövlət, bir bərəkət,
şəfəq dolu, bax, nur dolu
bir nəğmədir Arpaçayı!..
Bir nəğmədir Arpaçayı!

-10-

Qoca Şərur bir gövhərdir,
Arpaçayı onun qaşı
Bu torpağa həyat verir,
Canlandırır dağı-daşı.
Yaranışdan o olubdu
Bu ellərin can sirdaşı.
Sənsən mənim günüm, Ayım,
Zümrüd gözlü Arpaçayım.
Gözəl Şərur bir gəlin qız-
Arpaçayı bel kəməri.
Səkə-səkə gəlir bu qız
Dağdan-daşdan üzü bəri.
İlk bahardır bu yerlərə
Yaradanın xoş nəməri.
Sənsən mənim günüm, Ayım,
Zümrüd gözlü Arpaçayım.
Arpaçayı şeirimdə
Təzə ruhdu, təzə nəfəs.
İllər boyu ürəyimdə
Haray salan, ucalan səs.
Odur şair ilhamımı
Bulaq kimi coşduran kəs.
Sənsən mənim günüm, Ayım,
Zümrüd gözlü Arpaçayım.
Xan Arazdır anan sənin,
Sənsə onun bir yavrusu.
Qoca Şərur, Böyükdüzə
Nur parlayan bir çağlar su.
Sənsən Vətən torpağının
Hər diləyi, hər arzusu
Sənsən mənim günüm, Ayım,
Zümrüd gözlü  Arpaçayım.

-11-

Elə körpəlikdən sevmişəm səni,
Elə körpəlikdən vurğununam mən,
Ey nazlı dilbərim, ey Arpaçayım.
Bil ki, ilhamımı almışam səndən.

Ağızda dolaşan, dildə dolaşan,
Necə də əfsunlu, şirin nəğməmsən.
Bax, könül verdiyim çaylar içində,
Elə öncülümsən, elə doğmamsan.

O şəhdi-şirəli coşqun suyunun
Hər bar-bəhərindən daddım doyunca.
Çəkdim gözlərimə bir sürmə kimi
Şəfəqli nurunu ömrüm boyunca.

Şərur torpağından göyə baş vuran
Sən mənim harayım, mənim ünümsən.
Doğan səhərimdə, zülmət gecəmdə,
Ən xoşbəxt anlarım, ən xoş günümsən.

Həm sağlı, həm sollu qanadlarınla
Könül istər baxsın, axan növrağa.
Sədərəktən tutmuş Böyükdüzətək
Sən həyat verirsən ana torpağa.

Budur, yurdum mənim çiçək-çiçəkdi,
Axır düzlərimə eşqinin kamı,
Qəlbim də cövlana gəlir bur yerdə,
Görəndə elimdə bu ehtişamı.

Epiloq

Elə uşaq ikən, elə gənc ikən,
Sədan qulağımda salıbdı lövbər.
Sənə bağlı olub bu çağlar qəlbim,
Mənim gözəl pərim, ay nazlı dilbər!..

Sənin  saf suyunun qüdrətindəndir,
İnsanlar bilmədən nə gecə-gündüz
Vətən torpağını alın təriylə,
Edir başdan-başa çiçəkli dəniz…

İstərəm ay çayım, mən də sənin tək ,
Sızam ürəklərə, sızam qəlblərə,
Hüsnünə qoşduğum bu şux nəğməni
Elə misra-misra yazam qəlblərə…

Ötə dil-dil elə hər an ağızda,
Bu elə, obaya sala səs-səda.
Hansısa bir şeirim, bir bəndim belə,
Bəlkə məndən sonra qala dünyada.

Nə ola mənim də tək bircə nəğməm,
Bax, sənin nəğmənin şanında ola.
Hopa şəfəq-şəfəq şux könüllərə,
Məni sevənlərin qanında ola…

Ax, necə bəxtəvər, ax…necə xoşbəxt
Sanardım özümü mən də o anda
Gəzərdim ən böyük fatehlər kimi,
Elə qalib-qalib gözəl cahanda…

12-16 dekabr 2017-ci il

Ələsgər Talıboğlu,

şair-publisist, Məmməd Araz

mükafatı laureatı.