Quba məzarlığı torpağa basdırıldı

0
8

Quba məzarlığı torpağın altına basdırılıb. Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az saytına eksklüziv məlumat verib.

 

O bildirib ki, torpağa basdırılma prosesi müsəlman adət-ənənələrinə uyğun olub: “Quba memorial kompleksi ilə bağlı yaradılan komissiya müxtəlif təkliflər irəli sürmüşdü. Onlar Quba məzarlığına baxandan sonra qərara gəliblər ki, müsəlman adət-ənənəsi ilə məzarlığı basdırsınlar. Bu baxımdan axund və molların iştirakı ilə Quba məzarlığını torpağın altına basdırıblar. Eyni zamanda komissiya qərar verib ki, həmin yerdə böyük bir abidə ucaltsınlar. Abidə artıq sifariş edilib. 31 marta kimi Quba məzarlığının yerində Soyqırımı abidəsi ucaldılacaq”.

 

Xatırladaq ki, 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır.

 

Bu baxımdan deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalmışdı və məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət etmişdi.

 

Bundan sonra Quba “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılmışdı.