Premyer Liqasda mövsümün ikinci yarısına start verilir

0

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. XV turun oyunları iki gündə keçiriləcək.

 

III dövrənin ilk oyun günündə turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan 4 komanda üz-üzə gələcək.

 

2018-ci ilin açılış matçı Zirədə keçiriləcək. Ayxan Abbasovun çalışdırdığı eyniadlı komanda “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlindəki qonşular avrokuboklara vəsiqələr uğrunda mübarizədə xal hesablarını artırmağa çalışacaq. “Zirə” liderlərdən uzaq düşməmək üçün mütləq qalib gəlməlidi. Paytaxt təmsilçisi ən azı bir neçə saatlıq 2-ci pilləyə də yüksəlmək imkanına malikdi. Samir Abasovun yetirmələri isə daha çox rəqibinə yaxınlaşmağı, öz izləyiciləri ilə fərqin azalmamasını düşünür.

 

Təkcə turun deyil, ümumilikdə III dövrənin mərkəzi qarşılaşması da 2018-ci ilin ilk oyun gününə təsadüf edəcək. Ötən mövsümü ilk iki pillədə başa vuran, hazırda da hamıdan öndə qərarlaşan “Qarabağ”la “Qəbələ” “Azərsun Arena”da üz-üzə gələcək. Ağdam təmsilçisi qalib gəlsə, növbəti çempionluğuna doğru böyük addım atmış olacaq. Əsas rəqibi ilə xal fərqinin 9-a çatması Qurban Qurbanovun komandasına qızıl medal uğrunda mübarizədə böyük üstünlük verəcək. “Qəbələ” isə buna yol verməmək üçün ən azı 1 xal qazanmalıdı. Roman Qriqorçukun yetirmələrinin səfər qələbəsi isə Premyer Liqada intriqanı daha da artıracaq.

 

Azərbaycan Premyer Liqası

XV tur
10 fevral (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”

İlk iki dövrədəki oyunlar: 3:1, 1:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

19:00. “Qarabağ” – “Qəbələ”
İlk iki dövrədəki oyunlar: 2:1, 0:1

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azərsun Arena”

 

Turnir cədvəli

 

1. Qarabağ 14 12 1 1 25-6 37
2. Qəbələ 14 10 1 3 28-14 31
3. Zirə 14 9 3 2 23-11 30
4. Sumqayıt 14 6 2 6 17-17 20
5. Neftçi 14 5 1 8 17-16 16
6 Səbail 14 4 1 9 9-21 13
7. Keşlə 14 2 2 10 9-24 8
8. Kəpəz 14 2 1 11 10-29 7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 9.