Xalq artistinin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb

0
70

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.lent.az

***

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib. O, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib. FHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər. Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib”.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

 

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım – İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, Zivər – Anar “Təhminə və Zaur”, Kərbəlayi Fatma – C.Məmmədquluzadə “Ölülər” və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

 

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin! ​