Ədəbi dil normalarını pozan telekanallar cərimə olunacaq

0
10

Azərbaycan televiziya və radio proqramlarında ədəbi dil normalarını pozan şəxslər cərimələnəcək. Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, sözügedən cərimələr yalnız televiziya və radio verilişlərinə yox, həm də reklam elanları və lövhələrinə də şamil olunacaq.

Maraqlıdır, cərimələr nə qədər olacaq? Bununla bağlı layihə artıq müzakirə edilibmi?

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva danışıb. O bildirib ki, layihə artıq institutun rəhbərliyinə təqdim edilib:

“Bu məsələ Milli Elmlər Akademiyasının Rəyasət Heyətində müzakirə olunmalıdır. Düzdür, layihədəki cərimələr Tarif Şurasının tariflərinə uyğun müəyyənləşdirilib. Amma bizim hüquqşünasımız da öz müvafiq tövsiyələrini əlavə edəndən sonra icra üçün uyğun qurumlara təqdim olunacaq. Düşünürük ki, cərimələrin tətbiq olunması vacibdir. Çünki belə olmadığı halda ədəbi dil normalarının pozulmasının qarşısını almaq mümkün olmayacaq. Hər bir sahədə dil qüsurları ilə bağlı azalma müşahidə edilir. Amma tez bir zamanda bu qüsurların aradan götürülməsinə nail olmaq istəyiriksə, cərimələrin tətbiq olunması mütləq və qaçınılmazdır. Bizim müəyyən etdiyimiz cərimələr 5000 manatdan 50 000 manata qədərdir. Bildiyiniz kimi söhbət hüquqi şəxslərdən gedir. Televiziyaların rəhbərləri və ya reklam sahibkarları cavabdeh şəxslərdir. Yəni müəyyən edilən cərimələr avtobus və ya küçədə dil qüsurlarına yol verən fiziki şəxslərə aid deyil”.

Müsahibimiz qeyd edib ki, bu gün cərimə tətbiqinə həqiqətən ehtiyac var:

“Bəzən bunu qınaq obyektinə çevirirlər və deyirlər ki, necə ola bilər, dilimizlə əlaqəli cərimələr tətbiq olunsun. Amma bu məsələ ölkə rəhbərliyinin nəzarətində və diqqətində olan məsələdir. Hər bir sahədə dil pozuntuları baş alıb gedir. Tam əminliklə deyə bilərəm ki, əgər cərimələr tətbiq edilsə, bunun müsbət nəticələrini sürətli şəkildə görə biləcəyik.

Lakin hələ ki layihənin nə zaman müzakirə ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Bilirsiniz, Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər bölməsinin akademik-katibi Teymur Kərimlinin qaldırdığı məsələyə görə monitorinq şöbəsinin cərimələr barədə təklif hazırlaması tövsiyə edildi. Biz də cərimələr barədə təkliflər planı hazırladıq və artıq rəhbərliyə təqdim etmişik. Layihə qanunvericilik çərçivəsində müəyyən normativlər əsasında nizamlanandan sonra əlaqədar qurumlara icra mexanizminin hazırlanması üçün təqdim olunacaq”. Modern.az