“Prezident Mingəçevirə böyük diqqət və qayğı ilə yanaşır”

0
237

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrinə həsr olunmuş hesabat iclası keçirilib. Hesabat iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin hüquq mühafizə orqanlarının əməkdaşları və ictimayyət nümayəndələri də iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyətinin başısı Niyazi Bayramov ölkə prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində respublikamızın sürətli inkişaf etdiyini vurğulayıb. O həmçinin 2017-ci ildə şəhər  iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qazanılmış uğurlardan, aparılmış abadlı və quruculuq işlərindən söz açıb və 2018-cü ildə qarşıda duran vəzifələrdən danışıb. Onun sözlərinə görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın şəhərimizə aid bəndlərinin icrası uğurla davam etdirilib: “Dövlət Proqramına uyğun olaraq Mingəçevir Sənaye Parkında il boyu işlər sürətlə aparılıb, 1 və 2 iplik fabriklərində aparılan işlər yekunlaşmaq üzrədir. “Asan Xidmət”də sonuncu tamamlama işləri aparılır. Yeni inşa edilmiş sutəmizləyici qurğuda və su anbarında işlər yekunlaşdırılıb, abadlıq işləri aparılır. “Mingəçevir SES silsiləsində” aparılan yenidənqurma işləri başa çatdırılıb və stansiyanın İdarəetmə mərkəzinin yeni binası istifadəyə verilib”. Onun sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər nəticəsində ötən il Mingəçevirdə 1441 yeni iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir.

Başçı bununla yanaşı problemlərin də olduğunu vurğulayıb.

Daha sonra idarə, müəssisə rəhbərləri çıxış edərək 2017-ci ildə görülən işlərdən danışıblar, rəy və təkliflərini veriblər.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək respublikamızın bütün sahələrində gedən dinamik inkişafdan, o cümlədən Mingəçevirdə aparılan quruculuq-abadlıq işlərindən, yeni müəssisələrin tikintisindən danışıb. Bildirib ki, Mingəçevir doğrudan da son illər çox müasir şəhərə çevrilib. İnsanların istirahəti üçün də hər cür şərait yaradılıb. O daha sonra deyib: “Təbii ki, burada insanları narahat edən məsələlərdən biri işsizlik problemidir. Cənab prezidentin rəhbərliyi altında  Mingəçevirdə Sənaye Parkının tikintisi yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu günlərdə 2 fabrik işə düşəcək, növbəti illərdə də bunların davamı olacaq. Cənab prezident Mingəçevirə çox böyük diqqət və qayğı ilə yanaşır, mingəçevirlilərə böyük hörmət bəsləyir. Prezident Mingəçevirdə 6 dəfə səfər edib. Və yaxın günlərdə də onun Mingəçevirə səfəri gözlənilir.

Tədbirin sonunda iclas iştirakçıları adından cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Qeyd edək ki, iclasdan əvvəl Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi ziyarət edilərək, gül dəstələri qoyulub.

Esmira Hidayətova, Mingəçevir