“Oğlanlardan nəyimiz əskikdir?”

0
97

Qadınların orduda əsgər kimi xidmət etməsi bir sıra dünya ölkələrinə xasdır. Bir sıra ölkələr ordusunu qadın əsgərlərə əmanət etsə də, bu mövzudakı mübahisələr hələ də davam edir.

İsrail ordusunda qadınların bir sıra mühüm vəzifələri var. 1994-cü ilə qədər Hava Qüvvələrinə qadınlar qəbul edilmirdi. Bu qərar dəyişdirilsə də, qadınlara hələ də ön sıralarda yer verilmir. İsraildə qadınların əsgərliyi kişilərdə olduğu kimi məcburidir. Əsgərlik müddəti qadınlarda 2, kişilərdə isə 3 ildir.

İngilis ordusunda qadınlar birbaşa düşmənlə təmasdan başqa bütün vəzifələri yerinə yetirə bilərlər. İngilis ordusu tarixində də qadın döyüşçülərin mühüm yeri var. Məsələn, Kraliça Boudica romalılara qarşı savaşıb.

Finlandiyada əsgərlik 18-60 yaş aralığındakı hər kişi üçün məcburidir. Qadınlar könüllü olaraq əsgər gedə bilər.

Almaniya ordusunda da qadın əsgərlər xidmət edir.

Liviya qadınların əsgər olaraq xidmət göstərdiyi tək İslam dövlətidir.

Nepalda ordunun bir qismi qadınlardan ibarətdir.

Norveçdə məcburi əsgərlik müddəti rəsmi olaraq 19 aydır. Qadınlar könüllü olaraq əsgər kimi orduda xidmət edə bilər.

Azərbaycanda əsgərlik yalnız kişilər üçün məcburidir. Amma ordumuzda xidmət edən qadınlar da var.

Bəs müharibə şəraitində olan ölkəmizdə qadınlar üçün əsgərlik könüllü olsa, Azərbaycan qadınları vətənə xidmət edərmi?

alpaninfo.com məlumat verir ki, modern.az bu sualla azərbaycanlı tələbə qızlara müraciət edib.

Bakı Dövlət Universitetinin tələbəsi Günel Quliyeva qızların əsgər getməyinə icbari şəkildə icazə verilməsinin tərəfdarıdır:

“Azərbaycan kişiləri qadınlara yuxarıdan aşağı baxmasa və kişilərlə qadınların qaldıqları yer ayrı olsa, əsgər getmək istəyərəm.

Dünya ölkələrində qızların icbari hərbi xidmət etməsi var. İnkişaf etmiş İsrail, Koreya kimi ölkələrdə bu sistem mövcuddur. Əgər qadınlar üçün əsgərlik bu ölkələrdəki kimi icbari olsa, gedərəm. Oğlanlardan nəyim əskikdir? Amma könüllü olsa, müharibə istisna olmaqla getmərəm. Çünki bizdə qızların əsgərliyini təsdiqləyən hər hansı bir  rəsmi sənəd, könüllülük haqqında qanun belə yoxdur”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Yeganə Maqsudova icazə verilsə,  əsgərliyə getmək istədiyini qeyd edib:

“Uşaqlıqdan həmişə hərbi sahəyə marağım olub. Hər zaman qadın qəhrəmanlar haqqında eşidəndə fəxr etmişəm. Mən də vətənim üçün qəhrəman olmaq istəyərdim. Onlardan biri olmaq mənim üçün fəxr olardı.

Digər tərəfdən isə oğlanları əsgərliyin hər baxımdan çox dəyişdiyini deyirlər. Əsgərliyin qadınlarda nəyi dəyişdirə biləcəyi mənə çox maraqlı gəlir”.

Bakı Slavyan Universitetinin tələbəsi Aytən Rzayeva ən böyük arzusunun hərbi xidmət keçmək olduğunu vurğulayıb:

“Universitetə qəbul olunmasam, ərizə yazıb əsgərliyə gedəcəkdim. Vətənin mənim üçün nə ifadə etdiyini sözlərlə deyə bilmirəm. Vətənim üçün etməyəcəyim şey  yoxdur. Universiteti bitirdikdən sonra əsgərliyə gedib cəbhədə xidmət etməsəm belə, bu vətənə xidmət etmək üçün bir peşə seçəcəm. Bəzi dövlət məmurları kimi yox, kişi qızı kimi mənliyimlə bu vətən üçün çalışacam. Ömrümün sonuna qədər bu yolda mübarizə aparacam”.


Azərbaycan Tibb Universitetinin 
tələbəsi Aysel Məmmədova məktəbdə təhsil alarkən hərbçi olmaq fikrində olduğunu söyləyib:

“Həmişə hərbçi qadınlar gözümdə bir addım daha irəlidə olublar. Mövzu vətəndirsə, əsgər olmaq istəyərəm. Bununla hərbçiliyin qadın işi olmadığını deyənlərə isə cavab olaraq söyləyə bilərəm ki, ən yaxşı snayperlərin qadınlar olduğunu unutmasınlar.

Eyni zamanda, müharibəyə getməklə adam özünü vətənə daha yararlı hiss etmək istəyir”.

Azərbaycan Pedoqoji Universitetinin tələbəsi Sevinc Nəbiyeva isə belə düşünür:

“Əsgərlik könüllü olsa getmək istəyərəm, amma gərək əmin olum ki, uğrunda öləcəyim torpaqda ona layiq insanlar yaşayacaq”.

Bakı Dövlət Universitetinin tələbəsi Hicranə İsmayılova deyib ki, vətənpərvərliyin cinsə aidiyyatı yoxdur.

“Əgər mümkün olsaydı, mən də cəbhəyə gedib əlimdən gələni edərdim. Doğrudur, bizim cəmiyyətin qadınların əsgər getməsinə münasibətinin müsbət yöndə dəyişəcəyinə inanmıram, hətta buna ümid belə etmirəm. Ancaq hamı başa düşməlidir ki, bu vətən hamımızın-qadınların, kişilərin, qocaların və uşaqlarındır”.

Bakı Mühəndislik Universitetinin tələbəsi Türkan Məmmədova heç vaxt əsgər getmək istəmədiyini bildirib:

“Əgər əsgərə getmək könüllü olsa, yəqin ki getmərəm. Çünki özümdə o qədər cəsarət görmürəm. Silah səslərindən və hərbi texnikadan qorxuram”.

Bakı Qızlar Universitetinin tələbəsi Nərmin Hüseynova əsgərlikdə şəraitin, abu-havanın necə olduğunu görməyi arzulayır:

“Həmişə ya həkim xalatını, ya da əsgər paltarını bir dəfə də olsun geyinmək istəmişəm. Digər cəhətdən isə əgər bu gün rahat, sakit bir ölkədə yaşayırıqsa, bunu əsgərlərə borcluyuq. Vətənin təhlükəsizliyinin təmin olunmasında oğlanlarla yanaşı, bizim də xidmətimiz olmalıdır. Bu bizim vətənə borcumuzdur.

Əgər könüllü əsgər getsəydim, ən böyük istəyim avtomatla düşməni öldürmək olardı”.