Ənvər Paşanın nəvəsi Arzu Ənvər Sadıqoğlu babası ilə bağlı nələr dedi

0
196

Bu günlərdə şəxsi arxivimi nəzərdən keçirərkən bir neçə sənəd diqqətimi cəlb etdi. Onlardan biri Türk dünyasının, Böyük Türküstanın qəhrəman oğlu, görkəmli komandan Ənvər Paşanın nəvəsi Arzu Ənvər Sadıqoğlunun anam Ulduz Haqverdiyevaya yazdığı məktub oldu. 2006-cı ilin iyul ayının 7-də yazılmış məktubda deyilir:

“Sevimli Ulduz xanım

Çox sevdiyim qəhrəman babam və mən, nəvəsi Arzu Ənvərdən xatirə olaraq bu rəsmləri ərməğan edirəm.

Bizləri heç unutmamaq arzularımla.

Sevgi və sayğılarımla, Arzu Ənvər Sadıqoğlu”.

 

Onun göndərdiyi fotolara da diqqətlə baxdım. Xəyal məni uzaqlara apardı.

…Anam Ulduz xanım 2006-cı ildə İstanbula – orada yaşayan bacılarıma baş çəkməyə getmişdi. Günlərin bir günü “Zaman” qəzetinin 15 yanvar 2006-cı il tarixli sayında dərc olunmuş “Ənvar Paşanın nəvəsi Arzu Ənvər Sadıqoğlu: “Babam Atatürkə rəqib görüldüyü üçün xain elan edildi” məqaləsi anamın diqqətini cəlb edir (Yeri gəlmişkən, qeyd edim ki, anam Ulduz Haqverdiyeva jurnalist kimi fəaliyyət göstərib. O, Azərbaycan Jurnalistlər İttifaqında, “Müxbir” jurnalında çalışıb. Hazırda təqaüddədir. O, SSRİ Jurnalilstlər İttifaqının üzvü də olub). O elə həmin gün yazının müəllifi – Osman İridağla əlaqə yaradır və ondan Ənvar Paşanın nəvəsi Arzu Ənvər Sadıqoğlunun telefon nömrəsini alır. Arzu xanım anamın telefon zəngindən çox məmnun olur. Üstəlik, anamı görüşə də dəvət edir.

Görüş zamanı anam Arzu xanıma Ənvər Paşanın və Nuri Paşanın Azərbaycana köməyindən, ölkəmizi erməni daşnaklarından xilas etmələrindən, qəhrəman türk ordusunun şücaətindən, Nuri Paşanın əsgərləri ilə birlikdə Şuşada təntənəli qarşılanmalarından da danışıb. Deyib ki, Türk ordusu gəlməsəydi, indiki müstəqil Azərbaycan olmayacaqdı. (Osmanlı hərbiyyə naziri Ənvər Paşanın göstərişi ilə Azərbaycanın köməyinə gəlmiş Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakını daşnak-bolşevik qüvvələrindən (1918-ci ilin sentyabrın 15-i) azad edib. O qüvvələrdən ki, 1918-ci ilin mart ayından ölkənin müxtəlif şəhərlərində türk-müsəlman əhaliyə amansızcasına divan tuturdular, qətllər törədirdilər). Anam həmçinin ərz edib ki, Nuri Paşanı əsgərləri ilə birlikdə Şuşada təntənəli qarşılayanların arasında onun atası Məşədi Zeynal və anası Tovuz xanım da olub. Bu kimi faktları ilk dəfə eşitdiyini bildirən Arzu xanım anama öz təşəkkürünü bildirib. Onu da deyim ki, Arzu Ənvər öz səmimiliyi ilə də anamın diqqətini cəlb edib.

Elə o görüş zamanı Arzu xanım indi sizə təqdim edəcəyim şəkilləri anama verir. Anam da mənim mətbuatla daha çox əlaqələrimin olduğunu nəzərə alaraq onları mənə çatdırır. Amma nədənsə mən o zaman bununla bağlı bir yazı hazırlayıb mətbuatda çıxış etmədim. Amma bu günlərdə həmin fotolara baxanda bununla bağlı mətbuatda yazı yazmaq və “Zaman”ın həmin sayındakı yazını dilimizə uyğunlaşdırıb dərc etmək qərarına gəldim. Zənnimcə, bu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bu günlərdə Cümhuriyyətimizin var olmasında danılmaz, xüsusi xidmətlər göstərən  Ənvər Paşa və qardaşı Nuru Paşanın ruhlarına bir ərməğan ola bilər. Onu da qeyd edək ki, aradan illər keçsə də, bu iki qəhrəman ölkəmizdə bu gün də sayğı və rəhmətlə xatırlanır.

Səadət Qarabağlı, Üzeyirbəyşünas

 

 

Ənvar Paşanın nəvəsi Arzu Ənvər Sadıqoğlu:

“Babam Atatürkə rəqib görüldüyü üçün xain elan edildi”

Ənvər paşanın oğul tərəfindən yeganə nəvəsi Arzu Ənvər Sadıqoğlu, babasının Qurtuluş Savaşında Atatürkə dəfələrlə: “Lazımdırsa, bir ər olaraq yardıma hazıram”, – şəklində məktub yazdığını söyləyir. Ənvər Paşanın xaricə qaçmaq məcburiyyətində qaldığını xatırladan Sadıqoğlu belə deyir: “Öncə Rusiyaya getdi, bolşeviklərlə sövdələşmə yaparaq, Anadolu hərəkatına silah dəstəyi axtardı. Qurtuluş Savaşını idarə edənlərə məktub yazıb, hər cür dəstək verəcəyini, əsgər göndərə biləcəyini, lazım gəlsə ər olaraq cəbhədə savaşacağını bildirdi. Amma heç kim onun məktublarına cavab yazmadı. Bunlar babamdan qalan məktublarda var və hamısı yavaş-yavaş açılacaq”. Bununla Ənvər Paşanın inkar edildiyini düşünən Arzu Ənvərə görə Atatürkün ətrafındakı bəzi insanlar ikisinin arasını pozmaqla  kifayətlənmədilər, babasına xain damğası da vurdular.                                                                                                                             Atatürklə Ənvər Paşanın uzun illər yol yoldaşlığı etdiklərini, Trablusqarpda, Balkan hərbində, Birinci Dünya Müharibəsində, Çanaqqalada eyni sırada yer aldıqlarını söyləyən Arzu Sadıqoğlu, onların rəqib göstərilməsini anlaya bilmir: “Mustafa Kamal böyük bir qəhrəmandır; amma mənim babam da elədir. Bir-birilərinə çox bənzədikləri üçün istər-istəməz rəqib halına gətirildilər. Atatürkün özü belə düşünməsə də, ətrafının Atatürkü qəhrəmanlaşdırmaq üçün Ənvər Paşanı xain elan etdiklərini söyləyir Arzu Sadıqoğlu. Mustafa Kamalın xatirələrində Ənvər Paşa ilə bağlı sətirlərin yer almadığını isə: “Bəlkə xatırlamaq istəməyib, bəlkə də o dövrdə xoşuna gəlməyən şeylər olmuşdur. Ya da babamın hədsiz dərəcədə nüfuz qazanmasından, yüksəlməsindən narahat olmuşdur”, – şəklində izah edir.

Balkan hərbi və Birinci Dünya Müharibəsi kimi məğlubiyyətlə nəticələnən savaşlarda babasının rolunu anladanların Trablusqarp və Çanaqqalada onu yox saymalarını başa düşməyən nəvə Sadıqoğlu: “Qazanılan, qələbə çalınan savaşlarda babamın adını yazmırlar, çünki oralarda qəhrəmanlıq dastanı yazıldı. Çanaqqalada orduların komandiri Ənvər Paşa olmuşdur. Atatürkü oraya göndərən babamdır. Qurtuluş Savaşını icra edən əsgərlərin təməli İttihat Tərəqqiyə dayanır. Trablusqarpda bərabər idilər. Liviyalıların italyanlara qarşı verdiyi mücadilənin toxumlarını səpmişdilər”, – deyir.

Sarıqamışda 18 min əsgər şəhid oldu

Təhsil həyatı boyunca dərslərdə babasına xain deyilməsinə çox üzüldüyünü, için-için ağladığını söyləyir Arzu Sadıqoğlu: “Vətən xaini deyənlərin onun hərb tərəfini, qəhrəman tərəfini ortaya qoymaması məni çox üzərdi. Ənvər Paşa Türk xalqına dəyər olmuş bir qəhrəmandır. Və mən bunu insanlara anlatmamağın acısını uzun illər yaşadım.”

Sadıqoğluna: “Madam qəhrəmandır, niyə Sarıqamış fəlakətində o vardı və niyə Birinci Dünya Müharibəsində almanların yanında oldu? “- deyə soruşuruq. Bunların da doğru olmadığını söyləyir. “80 min, 90 min göstərərək, rəqəmlər şişirdilir” deyən Sadıqoğlu belə söyləyir: “18 min əsgərimiz şəhid oldu Sarıqamışda. Bu əməliyyat təqdim olunduğu kimi xətalı deyildi. Hərbçilərlə də danışdım. Hərəkatda heç bir səhv olmadığını, komandanların babamın əmrini dinləməyərək hərəkatın uzanmasına səbəb olduqlarını, bununla da fəlakətin baş verməsini söylədilər.”

 

Almanların yanında müharibəyə girmək ani alınan bir qərar deyildi

Arzu Sadıqoğlu, Birinci Dünya Müharibəsində oldubiddiyə gətirildiyimiz tezisin də doğru olmadığını iddia edir. İstər İngiltərə, istər Fransa ilə masa ətrafında, vasitəçilərlə, eləcə də təkbətək görüşlər keçirildi. Heç birindən istənilən nəticə alınmadı. İngilislər danışıqları davam etdirmədilər və bizi ortada tək qoydular. Məcburiyyət qarşısında Almaniya ilə bərabər müharibəyə girdik. Amma bu yalnış bir qərar deyildi. Siyasi yönümlü hadisələrin doğurduğu nəticə idi.

Erməni soyqırımı iddialarını da rədd edir Ənvər Paşanın nəvəsi. O ərəfədə yaşananlar insanların bir yerdən digər yerə köçürülməsi olduğunu bildirir: “Bölgədə üsyanlar baş vermiş və iki tərəf arasında çatışma qaçılmaz bir nöqtəyə gətirilmişdi. Qaynağın qurudulması, hadisələrin yatırılması üçün məcburi köçürülmə gündəmə gəlmişdi. Amma bunu  qətlə yetirərək etməmişdilər. Asan olanı məqsədəuyğun saymamışdılar. Hər zaman bəlli bölgələrdən insanlar köçürülmüşdülər. Problemsiz  şəhərlərdə belə bir şey olmamışdı. Bu gün hələ də İstanbulda minlərcə erməni vətəndaşımız yaşayır. Ənvər Paşa soyqırım etməyi istəyən biri deyildi. İnsanlar onun ölkəsi üçün təhlükə olduqda, qarşısını alan bir əsgər idi. Bütün bunları babam Tələt Paşa ilə məktublaşmasında açıq yazır”.

Türküstanda yeddi ayrı yerdə məzarı yapılmış

Onunla bağlı tarix kitablarında ən çox yer alan macəraçı, xəyalpərəst kimi tanıtmaları da nəvəsini narahat edən məsələlərdən biridir: “Babam bir əsgər idi. Hadisələrə, olaylara həmişə bu baxımdan yanaşmışdı. Siyasətçi deyildi, siyasi oyunlardan anlamazdı. Qanının və qəlbinin göstərişi ilə hərəkət edərdi. Çox düşünməzdi. Onun üçün hadisələr qara və ağdan ibarət idi. Bəlkə buna görə bəzi səhvlər etmişdi. “Ənvər Paşa Mondros Atəşkəs müqaviləsinin ardından Tələt və Camal Paşalarla birlikdə Alman dənizaltı qayığı ilə ölkədən ayrılmışdı. Əbdülməcidin nəvəsi Naciyə Sultan ilə evli olan Ənvər Paşa, həyat yoldaşını və iki övladını Almaniyada qoyaraq, Osmanlını içində olduğu vəziyyətdən xilas etmək üçün Rusiyaya getmiş, orada danışıqlar aparmışdı. Ancaq müvəffəq olmayacağını anladıqda Orta Asiyaya keçərək oradakı Türkləri təşkilatlandıraraq, güclü bir dövlət qurmağı hədəfə almışdı. Güclü bir dövlətin komandanı olaraq da topladığı əsgərlərlə Osmanlını çətin vəziyyətdən qurtarmaq  istəyirdi. Yəni, Turan milli ideyasını gerçəkləşdirmək üçün Almaniyada ona verilən imkanları rədd etmişdi. Rusiyada qaldığı vaxtlarda bir neçə dəfə tutulan və həbsdə yatan Ənvər Paşa, sonda Türkistana yetişməyi və oradakı bəylikləri ayağa qaldırmağı bacarmışdı. Ancaq rusların qəfil hücumu nəticəsində əlində qılınc, ətrafına topladığı insanların önündə avtomatların üzərinə yeriyərək həyatını itirmişdir.

Arzu Sadıqoğluna: “Bunu ancaq xəyalpərəst olan yapar” deyirik. O, isə fərqli düşündüyünü söyləyir. Ona görə sadəcə Ənvər Paşa deyildi bu ideyaya inanan, bölgədəki bütün Türklər də Ənvər Paşaya inanmışdı: “Rəhmətlik Səməd Ağaoğlu danışmışdı. Orta Asiyanı ziyarət edərkən görmüşdü ki, 7 ayrı yerdə Ənvər Paşaya türbə yapılmışdı. İnsanlar  buraya gedərək, dua edirmişlər. Söhbət etdiyi insanlar babamın adını eşidərkən gözyaşı  tökürmüşlər. Çünki Ənvər Paşanın onları xilas edəcəyinə inanmışdılar.

Xaricə gedərkən, imkanları olmasına baxmayaraq, yanında heç nə götürməyən Ənvər Paşa çəkdiyi rəsmləri sataraq ailəsini saxlamışdı. Əsirlikdə olarkən yazdığı məktublarda ölümünün yaxınlaşdığını və Naciyə Sultandan uşaqlarına yaxşı baxmasını istəmişdi. Halbuki daha öncəki məktublarında daim bir gün Osmanlını yenidən xilas edərək dönəcəyini yazardı.

Karandaşla rəsm çəkən Ənvər Paşa məşhur Osmanlı rəssamı Osman Hamdidən rəsm dərsləri almışdı. Sultan Əbülməcidin nəvələrindən Naciyə Sultanla evlənərək kürəkən olan Ənvər Paşanın bu evliliyin gücünü artırmaq üçün yapdığı söylənilir. Ancaq nəvəsi  bunun da doğru olmadığı iddiasındadır: “Hər kəs fərqli düşünsə də onların yaşadıqları böyük bir sevgi, eşq idi. Siyasi niyyətlə başlasa belə, münasibətləri möhtəşəm bir eşqə çevrilmişdi.

 

Həyatındakı üç insanı da erkən yaşda itirdi

1955-ci ildə anadan olan Arzu Ənvər Sadıqoğlu dünyaya gəldiyində Ənvər Paşanın ölümündən 44 il keçmişdi. Ənvər Paşa yeganə oğlu Əli doğulduqdan bir az sonra ruslar tərəfindən öldürülmüşdü. Babasını heç görməyən Arzu Ənvərin atalı günləri də uzun sürməmişdi. 1939-cu ildə Naciyə Sultanın bir qohumunun köməkliyi ilə Ənvər Paşanın həyat yoldaşı və övladlarının (Türkan, Mahpeykər, Əli)  Türkiyəyə qayıtmaqlarına icazə verilmişdi. Atalarının ismini soy adı olaraq qəbul etmişdilər. Əli Ənvər bununla kifayətlənməyərək, zabit olmaq üçün hərb sahəsinə getmiş, uzun zaman orduda xidmət etdikdən sonra, girdiyi baş qərargahlıq  (kurmaylıq) imtahanında uğur qazanmasına baxmayaraq, Ənvər Paşanın oğlu olduğuna görə kurmaylığı qəbul olunmadığı üçün istefa vermişdir. Xaricdə bir dərədə başına daş düşməsi nəticəsində vəfat etdikdə atasından on yaş böyük idi. (Ənvər Paşa 41 yaşında idi). Arzu Ənvərin çox tez itirdiyi üçüncü  insan isə həyat yoldaşı olmuşdu. Aslan Sadıqoğlu, evliliklərinin 18-ci ilində infarkdan dünyasını dəyişmişdir.

“Zaman” qəzeti, 15 yanvar 2006-cı il.

Osman İridağın Arzu Ənvər Sadıqoğlu ilə söhbəti Azərbaycan türkcəsinə uyğunlaşdırdı Səadət Qarabağlı