Dilin təmirə ehtiyacı yoxdur

0
68

İndi bəzi həmkarlarım yazılarında, telejurnalistlərimiz danışıqlarında elə “qəliz” sözlər işlədirlər ki, Məşədi İbadın sözü olmasın, bilmək olmur ki, nə deyirlər. Elə götürək son vaxtlar hər gündə ən azı 10-15 dəfə eşitdiyimiz, daha doğrusu, artıq “vətəndaşlıq” qazanmış “ilk öncə”ni, həmçinin “ilk əvvəli”. Mən bilən “ilk”də öncə, “öncə”də “ilk” mənası var. Bu dediklərimi elə “əvvəl”ə də şamil etmək olar. Bəs elə isə bu iki sözü yanaşı işlətmək nə qədər doğrudur? Olmaya, bu üsulla dilimizi zənginləşdirməyə çalışırıq? O gün qəzetlərin biri yazır ki, bəs filankəs Şəhidlik zirvəsinə yüksəlib. Halbuki Şəhidlik özü zirvədir də… Zirvənin də zirvəsi olur məgər? Yaxud: bir telejurnalist deyir ki, verilişin başa çatmasına “3 dəqiqə vaxt” qalıb. Kimsə ondan soruşmur ki, balam, 3 dəqiqənin özü məgər vaxt anlamını vermir? Verir axı! Elə isə 3 dəqiqədən sonra “vaxt” kəlməsini niyə işlədirsən? Sadəcə de ki, verilişin başa çatmasına 3 dəqiqə qalıb da… Hələ bu harasıdır? Bu “yenilikçilər” hərəkatında bizim futbol şərhçilərimiz lap gül vururlar. Şərhçi qardaşlarımız bu kimi ifadələrlə yanaşı, belə bir cümləni də tez-tez işlədirlər: matçın qurtarmasına az zaman qalıb. Axı bu yerdə “az qalıb” da demək olar… Futboldan söz düşmüşkən, bu yaxınlarda bir matçın şərhçisi belə bir ifadə işlətdi: “Daha bir top qapının üstündən keçdi”. Vallah, onun bu sözlərinə nənəm elə reaksiya verdi ki… Axı necə də verməyəydi… Çünki beşikdəki uşaq da bilir ki, futbol oyununda yalnız bir topdan istifadə olunur. Şərhçinin sözlərindən isə belə anlaşılır ki, oyunda bir neçə top olur ki, onlardan biri də qapının üstündən keçdi. Yaxud idman yarışlarında tez-tez “sona kimi mübarizə aparmaq lazımdır” ifadəsi doğru səslənmir axı. Amma bir soruşan yoxdur ki, balam, sona kimdir axı…Heç olmasa bu sözün sinonimini işlət də…

Bir də görürsən ki, sinonim sözlərdən elə istifadə edirlər ki… Yəqin deyəcəksiniz ki, sinonim sözlərdir də, burada nə qəbahət? Var, özü də lap… Axı kim bizə ixtiyar verib ki, sinonimləri necə gəldi ora-bura sürükləyək? Axı onların da özlərinə görə işlənmə dairələri var. Heç uzağa getməyək. Axı hansı birimiz vaxtdan gileylənəndə: “Zamanım yoxdur” deyirik. Sadəcə deyirik ki, vaxtım yoxdur, elə deyilmi? Mənə inanmırsınız, elə isə Tükəzban xaladan, Fatmanisə nənədən, Novruzəli kişidən, Savalan babadan soruşun.

Lap unutmuşdum, o gün bir bir aparıcı nə desə yaxşıdır? Dedi ki, bəs bu il kənd təsərrüfatının istehsalında yüksək artım var. Kənd təsərrüfatında istehsal? Handan-hana anladım ki, o, kənd təsərrüfatı məhsullarının istehsalında demək istəyirmiş.

Elə sözlər də var ki, onları lap urvatsız etmişik e… Elə götürək, prezident sözünü. Bu söz o qədər uculaşıb ki, az qala deyək ki, filan tualetin də prezidenti var… Buna nə ad vermək olar? Vallah, dilə bu qədər yamaq vurmaq, yaxud  “müasirləşdirmək” doğru deyil. Axı dilin öz xüsusiyyətləri, öz qanunları var… Dilin yalançı təmirə, kosmetikaya ehtiyacı yoxdur. Dili bu şəkildə şouya sürükləmək, yaxud bu formada sintez etmək ən azı nadanlıqdır. Belə getsə, sabah bir-birimizlə dil tapmaqda belə çətinlik çəkəcəyik.

Vallah, belə ifadərləri eşidəndə həm gülürəm, həm də ağlayıram. Gülürəm, ona görə ki, belə ifadələri işlədənlər, doğrudan da, gülüş hədəfiləridirlər, ağlayıram, ona görə ki, dilim, doğrudan da, dilim-dilim olur.

Qvami Məhəbbətoğlu

“İki sahil” qəzeti. 26 yanvar 2018-ci il