Toğrul Abbaszadə: “Turizmin inkişafına dəstək verilməsi ilə bağlı planlarım çoxdur”

0
442

Mingəçevir şəhərinin yerləşdiyi coğrafi şərait, bu qədim və müasir yaşayış məskəninin tarixi özəllikləri, əhatəsinə daxil olduğu flora və fauna zənginliyi, ən əsası beynəlmiləlçilik prinsipinə söykənən mədəni dəyərləri onu turizm həvəskarları üçün ən cəlbedici ünvanlardan birinə çevirib. Mingəçevir şəhəri və ona bitişik coğrafi ərazidə fəaliyyətdə olmuş çimərlik və quş ovu turizmi keçmiş sosialist ölkələri düşərgəsinə daxil olan məmləkət insanları üçün vaxt ilə böyük maraqla qarşılanıb. Xüsus ilə əlverişli iqlim şəraiti, Boz dağın yamacları arasında 70 kilometr məsafəyə uzanan süni şirin su hövzəsi zəngin şəfalı qumlu sahilləri ilə dünyanın dörd bir yanından turistləri özünə cəlb edib. Bəli, bu bir gerçəklikdir, bugün Mingəçevir inkişaf edən müasir Azərbaycanın kiçik modelidir desək yanılmarıq. Şəhərdə müasir hotellər, hündürmərtəbəli yaşayış binaları, bağlar, parklar göz oxşayır.

 

Mingəçevirdə qonaqlara, turistlərə Avropa standartları səviyyəsində xidmət göstərən hotellərdən biri də dördulduzlu “RiverSide” otelidir. Hotelin müdiri Toğrul Abbaszadə ilə görüşüb buradakı yeniliklərdən xəbərdar olduq. Qeyd edəkki , T. Abbaszadə uzun müddətdir ki, gənclərlə bağlı olan layihələrin təşkilatçılıq işlərində yaxından iştirak edib. O bildirdi ki, Mingəçevirdə turizmlə bağlı infrastruktur çox yaxşı inkişaf edib: “Bunun da əsas səbəbi cənab prezidentin fərmanı ilə qeyri-neft sektoruna ayrılan diqqətdir. Mingəçevirdə 5-7 il bundan öncə sadəcə iki otel vardısa, bu gün artıq onların sayı dörddür. Bundan başqa, istirahət mərkəzləri də fəaliyyət göstərir. Biz də çalışırıq ki, otelimizə daha çox turist cəlb etmək üçün müxtəlif əyləncə növləri ilə turizmin inkişafına destəyimizi göstərək. Burada ən çox rəqabətdir. Bu da bizdə var. Hotelimizdə qayıqlar, su velosipedləri və su motosiklləri ilə gəzintiyə çıxmaq insana unudulmaz anlar yaşadır. Ən maraqlısı balıq ovudur. Gələn qonaqlar daha çox balıq ovuna üstünlük verirlər. Turizmə öz töhfəsini verən yaratdığımız ada ən yaxşı istirahət məkanlarından biridir. Onu da deyim ki, gələn turistlər daha çox tarixi yerləri görmək istəyirlər. Şəhərimizdə o qədər də tarixi yerlər olmadığından biz onları ancaq təşkil etdiyimiz əyləncə ilə cəlb edirik. Məsələn, açıq hovuzumuz var, uşaq əyləncə parkımız var. Gələcəkdə qapalı hovuz, futbol meydançası təşkil etmək niyyətindəyik. Ümumiyyətlə, turizmin inkişafına dəstək mərkəzi yaratmaqda istəyirik”.

“Mətbəxlə bağlı hansı xidmətləriniz və yenilikləriniz var?” sualını cavablandıran həmsöhbətimiz dedi: “Kür çayının balıqları gələn turistlərin bir nömrəli yeməkləridir. Odur ki, balıq yeməklərinə üstünlük verilir. Avropa mətbəximiz də var. Bu yaxınlarda gələn türk qonaqlarımız daha çox balıq yeməklərinə üstünlük verdilər”.

“Mingəçevirdə turizm daha çox yay mövsümünü əhatə edir. Bəs bu yaşıl, abad və müasir şəhərdə qış turizmi hansı vəziyyətdədir?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Mingəçevirdə bir neçə müasir hotel istifadəyə verilib. Əksəriyyətdə belə hesab edirki, artıq biz turizm şəhərinə çevrildiyimizi bəyan edə bilərik. Məgər bu şəhərə üz tutmaq niyyətində olan bir turisti yalnız gecələyə biləcəyi dəbdəbəli hotelin mövcudluğu faktımı düşündürür? Mingəçevirin Allah tərəfindən bəxş edilmiş gözəl təbiəti var. Onu da deyim ki, bizdə həm ekoturizm var, həm də hotelçilik turizmi.  Ona görə də bizdə turizmin inkişafı daha sürətlə gedir. Mənim bir gənc kimi turizmin inkişafı ilə bağlı planlarım çoxdur. İstəyirəm ki, şəhərimizə daha çox xarici qonaqları dəvət edim. Mən 2012-ci ildə Türkiyədə işlədiyim müddətdə xarici şirkətlərlə əlaqələrim çox idi. İndi həmin yolla mən dostları-tanışları şəhərimizə turist kimi dəvət edirəm.

 

Sonda onu qeyd etmək istəyirəm ki, Mingəçevir coğrafiyasına böyük turizm perspektivləri vəd edən su anbarı sahillərində çimərlik turizminin inkişafı üçün təbiət, belə demək mümkünsə, heç nəyi əsirgəməyib”.

Esmira Hidayətova, Mingəçevir