Mingəçevir Dövlət Dram Teatrı “Sadığın toyu”nu etdi

0
363

Mingəçevir Dövlət Dram Teatrında dramaturq, publisist Sahib İbrahimlinin “Sadığın toyu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub.

Tamaşa Doğzanqurdu kəndinin kasıb ailələrindən olan Cəfər kişinin evində olan hadisələrlə başlayır. 5 övlad atası olan Cəfər kişi qoduğu satıb evin sonuncu oğlu olan Sadığa toy eləmək fikrinə düşür. Onun ömür gün yoldaşı Nərgiz də ərinin bu fikri ilə razılaşır. Beləliklə Cəfər kişi qoduğu öz həmkəndlisinə satır. Elə tamaşadakı bütün komik planda olan hadisələr də bundan sonra başlanır. Hadisələr bir qoduğun satılan məbləğinin üzərində 1000 (min) manatın başında cərəyan etməklə daha da gərginləşir… Hətta iş o yerə çatır ki, Cəfər kişinin ailəli oğlanları olan Mozu, Şəppəli, Hoppadan və  Moskvada yaşayan qızı Qızbəs də qoduğun satıldığını eşidib bu qazancdan onlara düşən payı təkidlə tələb edirlər. Tamaşa boyu valideynlər övladlarına başa salmağa çalışırlar ki, qoduğun satışından əldə olunan pulla Sadığa toy eləmək istəyirlər. Lakin övladları valideynlərinin sözlərinə nəinki məhəl qoymur, hətta müxtəlif tərzdə atalarını hədələyirlər də…

Bir sözlə, teatrın yaradıçı kollektivi “Sadığın toyu” tamaşası ilə teatrsevərlərə gülüş dolu anlar bəxş etməklə yanaşı, insanların pula olan hərisliyini də balaca bir kəndin həyatında yaddaqalan cizgilərlə verməyə nail olublar.

Tamaşanın quruluşçu rejissoru Ağdam Dövlət Dram Teatrının quruluşçu rejissoru Kərim Həsənli bizimlə söhbətində bildirib ki, o bu əsərə Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun təklifi ilə quruluş verib: “Tamaşanı Mingəçevir Dövlət Dram Teatrının işgüzar kollektivi ilə, demək olar ki, 14 gündə ərsəyə gətirdim. Rejissor kimi öz işimi tərifləmək istəməzdim. Amma teatrsevərlərin alqışları belə deməyə əsas verir: “Tamaşa uğurlu alınıb”. Yeri gəlmişkən, onu da deyim ki, mən Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının oyunundan çox razıyam. İnandırım sizi, 30 ildir Ağdam  Dövlət Dram Teatrının səhnəsindəyəm, amma bu 14 gündə elə bildim ki, 30 ildir Mingəçevir səhnəsindəyəm. Həm şəhərin insanlarının qonaqpərvərliyi, həm də teatrın rəhbərliyinin və aktyorlarının işgüzarlığı mənə deyir ki, elə bu teatrda qal, işlə. Ümidvaram ki, yenə də bu teatrda tamaşa hazırlamağa dəvət olunacağam”. Daha sonra o deyib: “Cənab Prezidentimizin sayəsində bu gün ölkəmizin əyalətlərində də artıq teatrlar öz xiridarlarını ətrafına toplamaqdadır. Mən buna çox sevinirəm”.

Qeyd edək ki, tamaşada Ağdam Dövlət Dram Teatrının əməkdaşları, həmçinin teatrşünas Anar Məhəmməd oğlu Bürcəliyev, dramaturq Sahib İbrahimli və digər qonaqlar iştirak ediblər. Tamaşa haqqında danışan Anar Bürcəliyev bildirib ki, hamı bu tamaşadakı hadisələri öz kəndində baş vermiş kimi təsəvvür edir: “Sahib müəllimin yaradıcılığından sanki Sabit Rəhman qoxusu gəlir. Onu da deyim ki, komediya çox çətin janrdır. Komediyada ən vacib tələb olunan keyfiyyət səmimiyyətdir”.

Elə buna görə də Əməkdar artist Ella Yaqubova,  Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli də bu məqama toxunaraq deyiblər: “Ümid edirik ki, Sahib müəllimlə əməkdaşlığımız uzunmüddətli olacaq və bu tamaşa bizim teatrımızın səhnəsindən düşməyəcək”.

Esmira Hidayətova