“Ötən il morqlara intiharla bağlı 495 meyit gətirilib”

0
125

“Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib”.

Bunu “Report”a açıqlamasında Birliyin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, Birliyin morqlarına gətirilən 3214 meyitin 2239-nun ölüm səbəbi zorakılıqla bağlı olub: “Onların da 213-ü qəfləti, 495-i intihar, 1531-i isə bədbəxt hadisə nəticəsində baş verib. 2016-cı illə müqayisədə rəqəmlərin sayında keçən il nisbətən artım qeydə alınıb”.

3214 meyitdən 1524-nün Bakıya aid olduğunu bildirən Ə.Həsənov qeyd edib ki, meyitlərdən 2404-ü kişi, 810-u qadın olub: “Ötən il qeyri-zorakı, yəni qəfləti xəstəlikdən ölənlərin sayı 921, ölümün səbəbi təyin olunmayan meyitlərin sayı 98 nəfər olub”.

O əlavə edib ki, həmin müddət ərzində narkotikdən ölüm faktına görə Birliyin morqlarına 58 meyit gətirilib: “Ölənlərdən 45 nəfəri Bakı, 13 nəfəri isə rayonların payına düşüb. Meyitlərin çoxu gənclərə aid idi. Bir il ərzində 17 meyit ekskumasiya edilib. Onların 16-sı ilkin, biri isə təkrar müayinə olub. Bundan başqa, bir il ərzində Birliyə 429 patoloji anotomik meyitlər gətirilib. Bu sahəyə, adətən, xəstəxanada xəstəlik səbəbindən baş verən ölümlər aid olur. Həmin meyitləri də məhz xəstəxana özü göndərir”.