“Gənclərimiz dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə verirlər”

0
66

2 Fevral Gənclər Günü münasibətilə mingəçevirli gənclər tədbir keçiriblər. Gənclər Evində həyata keçirilən tədbiri Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli açaraq bayram münasibətilə tədbir iştirakçılarını salamlayıb, təbrik edib. O, çıxışında bu əlamətdar günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunduğunu, əsası ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsində hazırda ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini bildirib. Eyni zamanda gənclərə öz tövsiyələrini bildirən Kamal Nəcəfli onları daha bacarıqlı olmağa, maddiyyət deyil, karyera arxasınca getməyə, karyera qurmağa dəvət edib.

Gənclər Evinin nümayəndəsi Samrin Xanlayev “Mingəçevir Gənclər Evinin” Sosial Xidmət Müəssisəsinin 2017-ci ildəki uğurlu fəaliyyəti və 2018-ci ildə qarşıda duran məqsədlər barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, ötən il “Mingəçevir Gənclər” Evi Sosial Xidmət Müəssisəsində bir sıra layihələr, tədirblər, təlim və seminarlar həyata keçirilib.

 

Gəncləri əlamətdar gün münasibətilə təbrik edən şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

 

“Mingəçevir Gənclər Evinin” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov Mingəçevir gəncinin timsalında bütün gəncləri təbrik edib. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. O cümlədən Mingəçevir gəncləri ölkəmizi, eləcə də şəhərimizi beynəlxalq aləmdə də layiqincə təmsil edir. Onun sözlərinə görə, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirən müasir Azərbaycan gəncləri sıralarında olmaq qürurvericidir.

 

Sonda Gənclər Evinin ötən ilki uğurlu fəaliyyətində fərqlənən fəal gənclərə – Vüsal Mahmudova, Aydan Qarayevaya, Babək Hüseynova, Elvin Süleymanova, Nurlan Əhmədova, Vüsal Qəribova və Ruziyyə Mustafayevaya müxtəlif nominasiyalar üzrə Fəxri Fərmanlar, eləcə də Gənclər Evinin nəzdində fəaliyyət göstərən iki qalib komandaya kubok və sertifikatlar təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir.