Qurban Qurbanovun milli komandada ilk sınağı

0
100

Milli komandamız bu gün Moldova yığması ilə hazırlıq oyununda qarşılaşacaq. “apasport”un məlumatına görə, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutacaq oyun Qurban Qurbanovun əsas komandamızın baş məşqçisi postunda ilk sınağı olacaq.

 

46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxaracaq. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətini qələbə ilə başlamağa iddialıdı.

 

Eyni zamanda yığmamız bu oyunla yeni futbol ilinə start vermiş olacaq. Bu ilə Antalyada start verəcək komandamızın rəqibi olan Moldova isə artıq 1 matça çıxıb. Onlar yanvarın 27-də Cənubi Koreya ilə qarşılaşıb. 0:1 hesabı ilə uduzan rəqibimiz ilk qol və ilk uğur üçün yığmamızı büdrətməyə çalışacaq. Çünki onlar da yeni baş məşqçi Aleksandr Spiridonun rəhbərliyi altında ilk toplanışa yollanıb və onun debütündə uduzub.

 

Yeri gəlmişkən, Azərbaycan və Moldova 10-cu dəfə üz-üzə gələcək. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız tarazlıq yaratmaq arzusundadı. Top fərqində (6:8) geridə olan yığmamızın baş məşqçisi Qurbanov da vaxtilə rəqib qapısına qol vurmağı bacarıb. O, 2004-cü il martın 31-də Kişinyovdakı qarşılaşmada (1:2) fərqlənib.

 

Son matçını ötən il oktyabrın 8-də səfərdə Almaniyaya qarşı keçirən komandamız 3 aydan artıq vaxtdan sonra meydana çıxacaq. Millimiz 114 gündən sonra növbəti sınaq qarşısındadı.

 

Yoldaşlıq oyunu

30 yanvar

 

20:00. Azərbaycan – Moldova

Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək

“Mardan” stadionu