Dövlət Bayraq Meydanının yeri DƏYİŞDİRİLİR

0
77

2017-ci ilin avqust ayında Dövlət Bayrağı Meydanından müəmmalı şəkildə sökülən bayraq hələ də yerinə asılmayıb. “Texniki baxış “adı altında aparılan yoxlamalar zamanı ərazinin sürüşmə zonası olduğu aşkara çıxıb. Hətta kənardan baxanda meydanda nəzərəçarpacaq çatların yarandığını da müşahidə etmək mümkündür. Bu səbəbdən də meydanın köçürülməsinə qərar verilib. Yeni Bayraq Meydanının keçmiş “Sovetski” ərazisində yaradılacağı gələn məlumatlar sırasındadır. Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov Modern.az-a texniki baxışın yekunlaşmadığını, bayrağın yerinə nə vaxt asılacağı barədə məlumatının olmadığını açıqlayıb: “Bayraq meydanın yerinin dəyişdirilməsilə bağlı bizdə məlumat yoxdur”. Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov isə “Sovetski”də yeni Bayraq Meydanının yaradılacağı barədə məlumatsız olduğunu deyib.

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb. Meydanın təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Modern.az