“Bəs deyirdilər…”

0
424
Ayın əksər günlərində işə 13 saylı marşrut avtobusu ilə gəlirəm. 
Açığı, Bakıda həm Nəqliyyatın İntellektual İdarəetmə Sistemi istifadəyə verilən ərəfədə, həm də ictimai nəqliyyatda kart-ödəniş sistemi tətbiq olunmağa başlayan dövrdə bu sahədə problemlərin həll olunacağına digər sərnişinlər kimi, mənim də ümidlərim artmışdı. Amma həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, bu sahədə vəziyyət heç də ciddi şəkildə düzəlməyib. Əksinə, əvvəlki kimi marşrut avtobusları yenə də basabasdır, tıxacda qaldıqlarından intervalda gecikməmək üçün bəzən yüksək sürətlə idarə edirlər və s. Sürücülər də yenə həmişəki kimi narazıdırlar. Halbuki onlar da kart-ödəniş sisteminin tətbiqinə başlanılandan sonra üzləşdikləri bir çox problemlərin həll ediləcəyinə ümidlənmişdilər. Burada söhbət, ilk növbədə, sürücülərin normal iş rejiminə keçmələrindən, əməkhaqqı ilə çalışmalarından, növbəli iş rejiminin tətbiqi ilə vəziyyətlərinin rahatlaşmasından gedirdi. Amma hələ ki deyilənlər özünü doğrultmur. Hər halda sürücülərin özləri belə deyirlər.

 

Nə vaxtadək davam edəcək?

13 saylı marşrut avtobusunun adının çəkilməsini istəməyən sürücüsü deyir ki, onlar yenə də əvvəlki rejimdə çalışırlar və indiki vəziyyət, ilk növbədə, daha çox qazanc əldə etməyən sahibkarlara sərf edir. Sürücünün iddiasına görə, sahibkarlar hələ ki kart sisteminin tətbiqinə başlanılmasında tam maraqlı görünmürlər. Həmsöhbətimiz bir maraqlı məqama da toxundu. Onun dediyinə görə, hər gün çoxlu sayda sərnişin onlarla mübahisə edir. Onlar soruşurlar ki, bəs deyirdilər, kart sisteminə keçəndən sonra avtobuslardakı problem həll olunacaq, nə oldu? Belə hallarda sürücülər sərnişinlər qarşısında cavab verməyə çətinlik çəkirlər, çünki nə cavab verəcəkləri heç özlərinə də bəlli deyil.

Bəs mövcud vəziyyət nə vaxtadək davam edəcək? Problemin yaxın vaxtlarda həll ediləcəyinə inanmaq olarmı? Mövzu ilə bağlı jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlama verib.

 

Dözümlü yanaşmaq

Namiq Həsənov deyib ki, paytaxtın ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqinin ləng getməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Onun sözlərinə görə, bu sistem yeni olduğundan ortaya müəyyən problemlərin çıxması təbiidir və buna dözümlü yanaşmaq lazımdır.

Nazirlik rəsmisinin dediyinə görə, indiyədək 1000-dən çox avtobusda validator quraşdırılıb və proses davam edir: “Validatorlar Türkiyədən alınır və onların avtobuslara quraşdırılması vaxt tələb edir. Digər tərəfdən istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır. Avtobusların yenilənməsi ilə sahibkarlar məşğul olduğu üçün bu da müəyyən problemlər yaradır. Bununla belə, kart-ödəniş sisteminin tam tətbiqini bu ilin sonunadək yekunlaşdırmağı planlaşdırırıq”.

Həsənov kart-ödəniş sisteminin ləngiməsində sərnişinləri də təqsirləndirib. Məsələn, o deyib ki, satışa milyondan artıq kart çıxarılsa da, indiyədək təxminən 200 mini alınıb: “Hazırda sərnişinlərin kart-ödəniş sisteminə marağını artırmaq üçün təbliğat işləri davam etdirilir”.

 

Kimin narazılığı varsa…

O həmçinin avtobus sürücülərini də müəyyən mənada ittiham edib: “Avtobus sürücüləri kart-ödəniş sisteminin tətbiqinə biganə yanaşırlar. Bəzi sürücülər kartı olan sərnişindən gediş haqqını nağd ödəməsini tələb edirlər. Heç bir sürücünün buna haqqı yoxdur. Bu barədə Nəqliyyat Nazirliyinə də məlumatlar daxil olur. Sahibkarlara bununla bağlı müvafiq xəbərdarlıq edilib”.

N. Həsənov sərnişinlərə onlardan gediş haqqını nağd ödəməyi tələb edən sürücülərlə bağlı nazirliyə məlumat verməyi xahiş edib: “Sərnişinlər belə hallarla rastlaşdıqda Nəqliyyat Nazirliyinin 012-431-74-37, 012-561-76-28 (29), Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “141” nömrəli telefonlarına, eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə, “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə müraciət etsinlər.NICAT İNTIQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here