Bakının mərkəzində partlayış baş verib

0
229

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nəsimi rayonunda (Dilarə Əliyeva küçəsində 18 )yaşayış binasında bu gün baş vermiş partlayışla bağlı məlumat yayıb.

Məlumatda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri-yaşayışdır) zirzəmisində baş verən partlayışın yanğınla nəticələndiyi bildirilir. Qeyd edilir ki, partlayış nəticəsində binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kvadratmetr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavan) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, ikinci və üçüncü mərtəbələrin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.

Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazimatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.