Oğlum demişdi ki, “şəhid olmağa gedirəm”

0
279

 

Avqustun 1- də gecə saatlarında mənfur düşmənlərimizin cəbhənin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərimizdən biri də Əhmədov Qaryağdı Eldar oğludur. Qaryağdı Əhmədov Ağdamın Çıraqlı kəndi ərazisindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Qaryağdı Əhmədov avqustun 1-də Ağdamın yeni Quzanlı qəsəbəsində dəfn olunub.

Avqust ayının 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhid Qaryağdı Əhmədova 3 mərsimi keçirildi. Şəhidin 3 mərasiminə nəinki qohumarı, ətraf rayonlardan 10-larla vətənəpərvər, Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, rayon polisinin nümayəndələri gəlmişdi. Yas mərasimində iştirak edən Müdafiə Nazirlinin nümayəndəsi polkovnik İslam Gəncəliyev şəhid Qaryağdı Əhmədovun “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını, atası Eldar Əhmədova təqdim etdi. Dünən şəhid Qaryağdı Əhmədovun atası Eldar Əhmədovla həmsöhbət olduq.

 

“Anasına demişdi ki, şəhid olduğum

üçün mənimlə fəxr edəcəksiniz”

Yeri gəlmişkən, bu gərgin anlarında “Zaman-Azərbaycan”a müsahibə üçün vaxt ayırdığına görə ona təşəkkürümüzü bildiririk. Şəhid atası Eldar Əhmədov dedi: “Oğlumun lap uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Əsgərlik yaşı çatanda bütün cavanlar kimi o da hərbiyyə yollandı. Tovuz rayonunda hərbi xidmətini bitirdi. Əsgərliyini bitirdikdən 1 il sonra öz istəyi ilə, uşaqlıq arzusunu gerçəkləşdirdi. Belə ki, Qaryağdı Əhmədov Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollandı. 3 ay Ağdam rayonun cəbhə bölgəsində vətəninin keşiyini çəkən oğlum öz doğum günündə – avqustun birində 22 yaşında vəfat etdi. Hərbiyə gedəndə oğlum demişdi ki, “mən şəhid olmağa gedirəm”. Hətta anasına demişdi ki, şəhid olduğum üçün mənimlə fəxr edəcəksiniz. Demək ki, onun taleyində öz ad günüdə şəhid olmaq var imiş”.

 

“Hər üç oğlumu vətənə layiqli

şəkildə yetişdirmişəm”

Şəhid atası bizimlə söhbətdə qəhrəman oğlu Qaryağdı Əhmədovdan başqa daha iki övladının olduğunu bildirdi: “Qaryağdının böyük qardaşı Ağdam Rayon Polis Şöbəsində çalışır, ortancıl qardaşı isə Fövqaladə Hallar Nazirliyində işləyir. Mən hər üç oğlumu vətənə layiqli şəkildə xidmət etsinlər deyə yetişdirmişəm. Hər bir ağdamlı, hər bir Azərbaycanlı vətən uğurunda şəhid olmağa hazırdır. Allahdan arzu edirəm ki, tökülən qanlar yerdə qalmasın. Biz hər zaman Prezidentimiz, Ali Baş komandan İlham Əliyev cənablarının arxasındayıq. Allah üçrəgli bayrağımızı hər zaman ən uca zirvələrdə dalğalandırsın”.

 

Bu yaxınlarda evinin təməlini belə atıbmış…

Sonda onu qeyd edək ki, şəhid, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın sahibi Qaryağdı Əhmədov nişanlı və ya evil deyildi. Amma o da bütün cavanlar kimi gələcəkdə ailə qurmağı planlaşdırırdı. Elə bu istəklə də Qaryağdı Əhmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində atasının evinə yaxın bir yerdə ev tikdirməyi düşünürdü. Gələcəkdə bu evdə xoşbəxt həyat sürməyi düşünən Qaryağdı, bu yaxınlarda evinin təməlini belə atıbmış…

Vətən uğrunda ölmək fəxrdir, ölümlərin ən gözəlidir, şəhidlik zirvəsinə yüksəlməkdir. Atası Eldar Əhmədov o evi elə təməl şəklində Qaryağdıdan xatirə olaraq saxlayacaqlarını bildirdi. Allah rəhmət eləsin…

Əsgər Hüseynov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here