Nərimanov ölümdən qurtardı, Stalin isə sonacan ona “bəy“ dedi…

0
99

 

alpaninfo.com Teleqraf.com-a istinadən Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri, Üzeyir Hacıbəylinin ev muzeyinin sabiq direktoru Səadət Qarabağlı ilə müsahibəni təqdim edir.

– Üzeyirşünassınız, uzun illər dahi bəstəkarın ev muzeyində çalışmısız, hətta muzeyin direktoru da olmusuz. Hazırda Akademik Milli Dram Teatrında Musiqi hissə müdirisiz. Burdakı fəaliyyətiniz Üzeyir bəylə bağlı araşdırmalarınıza mane olmur ki?

– Xeyr, qətiyyən mane olmur. Üzeyir bəyin ev muzeyində 22 yaşımda işləməyə başlamışdım. Orada 25 ildən artıq çalışdım. Demək olar ki, bütün gəncliyim orda keçdi. Hərdən o illər üçün darıxıram. Ancaq araşdırmalarım davam edir, çalışıram Üzeyir bəyə aid yenilikləri əldə edim, bilmədiklərimizi üzə çıxarım və ictimaiyyəti bu yeniliklərlə tanış edim. Üzeyir bəy həmişə mənimlədir.

– Sizdən sonra muzeydə nələr baş verdi?

– Mən muzeydən gedəndən sonra “Bakinski raboçi” qəzetinin jurnalisti Svetlana Mirzəyeva zəng edib dedi ki, Səadət xanım, sanki Üzeyir bəyin ruhu da sizinlə birlikdə getdi, burda qalan yalnız əşyalarıdır.

Çox sevinirəm ki, xalqımız da, ziyalılarımız da mənim əməyimi daim diqqətdə saxlayır və dəyərləndirirlər.

– Deyirsiz, araşdırmalarınız davam edir. Üzeyir bəyə aid ictimaiyyətə hələ açıqlamadığınız yeni məlumatlar varmı?

– Xeyr, hələ yeni məlumatlar yoxdur. Ancaq bir neçə il qabaq Üzeyir bəyin “Molla Nəsrəddin” jurnalında dərc edilmiş felyetonlarını aşkar etdim. Buna qədər deyirdilər ki, Üzeyir bəyin əsərləri “Molla Nəsrəddin” jurnalında heç vaxt dərc edilməyib. Ancaq 8 felyetonun jurnalda dərci bir daha sübut etdi ki, o vaxtlar jurnalın ideya müəllifləri ilə Üzeyir bəy də həmfikir idi. O felyetonların yeddisini “Üzeyir bəy və Molla Nəsrəddin” adlı kitabda çap etdik.

– Akademik Milli Dram Teatrındakı işiniz necədir, həvəssiz yanaşmırsız ki?

– Mənim iki təhsilim var. Həm jurnalistikanı oxumuşam, həm də Musiqi Texnikumunun fortepiano şöbəsini bitirmişəm. Ona görə, burdakı işim də çox maraqlıdır. Tamaşalara yazılmış musiqiləri araşdırıram, hətta 1933-cu ildən bu günə qədər Akademik Milli Dram Teatrında tamaşalara yazılmış musiqilərin kataloqunu hazırlamışam. Görün, bu musiqilərin müəllifləri kimlərdir – Müslüm Maqomayev, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cahangir Cahangirov, Süleyman Ələsgərov…

Əfrasiyab Bədəlbəyli bir vaxtlar Akademik Milli Dram Teatrının Musiqi hissəsinin müdiri olub. Bu da bir maraqlı faktdir mənim üçün. Yəni Üzeyir bəyin tələbələri də tamaşalardan ötrü musiqilər yazıblar. Ona görə xüsusi vurğulayıram ki, burda da Üzeyir bəy mənimlədir.

– Necə oldu ki, Üzeyir bəylə yollarınız kəsişdi?

– Bakıda 1 nömrəli musiqi məktəbində Zivər Əliyeva adlı müəllim var idi. Zivər müəllim Üzeyir bəyin tələbəsi olmuşdu. O, məşhur caz ustası Vaqif Mustafazadənin anası idi. Mənə evlərində musiqi təhsili verirdi, 1-ci sinifdə oxuyurdum. Təsəvvür edin, Vaqif Mustafazadənin böyüdüyü evdə təhsil almışam, onun royalında ifa etmişəm.

Sonra atamın təyinatı Füzuli rayonuna verildi. Ailəlikcə Füzuliyə getməli olduq. Orada da mənə Üzeyir bəyin tələbəsi, məşhur “Barı Naxçıvan” mahnısının müəllifi Məmməd Cavadov dərs dedi. Beləliklə, mənim həyatım Üzeyir bəylə bağlandı.

– Bildiyiniz kimi, 2018-ci il Prezident sərəncamı ilə Cümhuriyyət ili elan olundu. O dövrdə cümhuriyyətin təməlini qoyan şəxsiyyətlərdən biri də Üzeyir bəy idi. Bu haqda nə deyə bilərsiz?

– Təbii ki, cümhuriyyətin yaranmasında əsas pay sahiblərindən biri də Üzeyir bəydi. Qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə bu yolda çox əziyyətlərə qatlaşıblar. Üzeyir bəy də, qardaşı Ceyhun bəy də Azərbaycanı həmişə azad görmək istəyiblər. 1918-ci ildə müstəqillik əldə olunanda ən çox sevinənlər arasında onlar da vardı. O dövrdə Üzeyir bəyin yaradıcılıq fəaliyyəti də davam edirdi, yeni əsərlər, marşlar yazırdı. Bizim indiki himnimizi Üzeyir bəy 1919-cu ildə marş kimi yazmışdı.

Ceyhun bəy 1919-cu ilin yanvarında Versal Sülh konfransında iştirak etmək üçün Parisə getmişdi. Həmin il Parisdə onun fransız dilində “İlk müsəlman respublikası Azərbaycan” kitabı çapdan çıxmışdı. O, “Azərbaycan” qəzetinin redaktoru idi və Parisə gedəndə öz yerinə müvəqqəti olaraq baş redaktor kimi Üzeyir bəyi təyin etmişdi. Üzeyir bəy isə qardaşının qayıdacağı ümidi ilə bu vəzifəni qəbul etmişdi.

1920-ci ilə qədər maraqlı məqalələrlə, yazılarla qəzetdə çıxış etmişdi. Bir sözlə, Cümhuriyyətin bütün tədbirlərində fəal iştirak edirdi. O, hərtərəfli insan idi. Bəzən deyirlər, onun kimi insanlar yüz ildən bir yaranır, ancaq mən deyərdim ki, min il keçsə də, Üzeyir bəy kimi insanlar olmayacaq.

– Üzeyir bəy Cümhuriyyət dövründəki bu fəallığından sonra hansısa çətinliklərlə üzləşdi?

– Əlbəttə. Bu qədər fəallıq göstərən birinə qarşı təhlükələr də get-gedə artırdı. Ermənilərin 1918-ci ildə törətdiyi soyqrımı zamanı onun da evini, yəni indi fəaliyyət göstərən ev muzeyini də atəşə tutmuşdular.

Yaxın qohumu Ramazan Xəlilov danışırdı ki, bolşeviklərin gəlişindən sonra Üzeyir bəy ayaqqabılarını cütləyib qapının ağzına qoymuşdu ki, onu hər an gəlib həbs edə bilərlər.

– Yəqin ki, onu kimlərsə müdafiə edib…

– Həmin ərəfələrdə onu böyük ictimai xadim Nəriman Nərimanov müdafiə edib qorudu. 1918-ci ildə onu yanına çağırır və deyir ki, təcili olaraq Azərbaycandan getməlisiz, özü də İrana qastrol səfərinə. Üzeyir bəy buna etiraz edir ki, ölsəm də, qalsam da, burdan heç yana getməyəcəm. Nəriman bəy ona izah edir ki, siz bizim musiqimizin gələcəyisiz, bizə lazımsız və Üzeyir bəydən xəbərsiz onun səfər biletlərini aldırır. Bundan sonra Üzeyir bəyi, ailəsini, qardaşlarını yaratdığı teatr truppası ilə qastrol səfərinə göndərir. Həmin ilin oktyabrında geri dönən Üzeyir bəyi hər kəs böyük coşqu ilə qarşılayır. Qəzetlər xalqa göz aydınlığı verir ki, Üzeyir bəy vətənə qayıtdı. Halbuki o, sadəcə, qastrol səfərinə getmişdi.

– Ancaq deyəsən, qayıdandan sonra onu yenidən həbs etmək istəyiblər.

– Bəli, belə bir siyahı hazırlanmışdı. Bildiyiniz kimi Nərimanov həm də həkim idi. Üzeyir bəyin qayını, Nərimanovun dostu Hənəfi Terequlov (onlar Qori seminariyasında bir yerdə oxuyublar) onun yanına gəlir və deyir ki, doktor, siz yatmısız. Təsəvvür edin, o boyda Nərimanov necə saf olub ki, bu sözün əsl mənasını başa düşmür və təəccüblə deyir, yox, yatmamışam, xəstələri qəbul edirəm. Terequlov da izah edir ki, NKVD rəisinin yanından gəlir və masada 59 nəfərin güllələnmə əmrini görüb. Onların arasında Üzeyir bəyin də adı var.

Nərimanov tez siyahını gətizdirir və görür ki, Azərbaycanın ən tanınmış ziyalıları ilə yanaşı, Üzeyir bəyin də adı ordadı. Dərhal siyahını cırıb atır. Üzeyir bəyi Mircəfər Bağırov da, Stalin də müdafiə edirdi. Mircəfər Bağırov hər dəfə Moskvaya gedəndə Stalin Üzeyir bəyə salam göndərirmiş.

– Stalin Üzeyir bəyi necə tanımışdı?

– Stalin Tiflisdə yaşayanda Üzeyir bəyin “Arşın mal alan” operettası orada nümayiş olunur və Stalin də bu tamaşaya baxır. O qədər xoşuna gəlir ki, hətta “Arşın mal alan”ın musiqilərini əzbərləyir.

 

– Belə bir məlumat var ki, Üzeyir bəy “Koroğlu” operasını Stalinin göstərişi ilə yazıb. Hətta deyirlər, guya Müslüm Maqomayev “Koroğlu” operasını yazmağa başlayıbmış, Stalinin bu göstərişindən sonra məcbur olur ki, yarımçıq saxlasın.

– Xeyr, yanlış məlumatdır. Operanı yox, sadəcə, operanın 5-ci pərdəsini Stalinin göstərişi ilə yazıb. “Koroğlu” operasını yazmaq 1919-cu ildən Üzeyir bəyin fikrində var idi. Üzeyir bəy “Qocori” yaylağında olarkən bir aşığın ifasında “Koroğlu dastanı”nı dinləyir və çox bəyənir. Sonra opera yazmaq qərarına gəlir. Bu operanı 1932-ci ildə yazmağa başlayır, 1937-ci ildə bitirir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti dekadasından (dekadada “Koroğlu”, “Arşın mal alan” (Üzeyir Hacıbəyli), “Nərgiz” (M.Maqomayev), “Şahsənəm” (Qliyer) operaları da göstərilib) sonra Stalin tərəfindən ziyafət verilir.

Ziyafətdə Stalin Üzeyir bəyin düz yanında əyləşir və “Arşın mal alan” operettasından Əsgərin ariyasını oxuyur.

Stalinin göstərişi ilə “Koroğlu” operası Moskvada iki dəfə oynanılır. Hətta Stalin Üzeyir bəyin qardaşı Ceyhun bəylə də maraqlanır, deyir ki, məktub yazsın və onu vətənə çağırsın. Onu evlə təmin edəcəyinə də söz verir. Ancaq Üzeyir bəyin yazdığı məktuba Ceyhun bəy cavab vermir. Çünki Ceyhun bəy sosializmin qatı düşməni idi.

– Belə bir məlumat da var ki, fransız generalı və siyasətçi Şarl de Qoll Bakıda olarkən “Koroğlu” operasına tamaşa edir, tamaşadan sonra Üzeyir bəydən operanın əlyazmasını istəyir. Üzeyir bəy isə bu təklifi geri çevirir.

– Düzdür, Şarl de Qoll Bakıda olub. O.“Koroğlu” operasını Üzeyir bəylə birgə lojada oturub izləyib. Üzeyir bəy “Koroğlu” operası haqda ona məlumat vermək istəyəndə, Qoll deyir ki, mən “Koroğlu” dastanını oxumuşam və bilirəm. Ancaq əlyazma istəməsi ilə bağlı məlumat yalandır.

– Ümumiyyətlə, Üzeyir bəylə bağlı başqa hansı yalan məlumatlar var?

– Bilirsiz, çox təəssüflər olsun ki, bu gün Üzeyir bəy haqda kim necə istəyir, elə də danışır. Halbuki onun haqqında danışanda son dərəcə diqqətli olmaq lazımdır. Belə bir şəxsiyyətimizi diqqətlə qorumalıyıq. Bu yaxınlarda bir müsahibədə oxudum, guya Üzeyir bəy həbsdə olub.

– Kim demişdi?

– Üzeyir bəyin ev muzeyinin indiki direktoru Sərdar Fərəcov. Deyir ki, guya Üzeyir bəyi bir zamanlar həbs ediblər. Ancaq qətiyyən belə şey olmayıb. Yalan məlumatlardır. Təəssüfləndiyim ikinci məqam budur ki, bunu Üzeyir bəyin ev muzeyinin direktoru deyir.

 

– Sərdar Fərəcovla uzun illər birlikdə çalışmısız. Bu illər ərzində sizin araşdırmalardan xəbəri olmayıbmı? Özü araşdırma aparmayıbmı?

– İnanmıram ki, o, araşdırma aparsın. Buna da şübhəylə yanaşıram. Çünki başqa bir məlumatı da bilmədən danışıb. Deyir, guya Ramazan Xəlilov bildirib ki, Üzeyir bəy “Şeyx Sənan” operasını cırıb atandan sonra onun musiqilərindən “Koroğlu” və “Arşın mal alan” operattarında istifadə edib.

Düzdür, “Şeyx Sənan” operasında Avropa musiqisinin bəzi elementləri olduğuna görə kütlə qəbul edə bilmədi və bu uğursuzluqdan sonra Üzeyir bəy operanın əlyazmasını cırıb atdı. Ancaq sonra Üzeyir bəydən soruşurlar ki, sən deyirdin, mənim bütün əsərlərim balalarımdır. Necə əlin gəldi balana qıymağa? O da cavab verir ki, mən o əsəri kağız üzərində məhv etmişəm, ürəyimdə isə yaşadıram. Bu musiqiləri “Koroğlu” operasında istifadə edəcəm. Belə də edir. Ancaq “Arşın mal alan” operasında istifadə etməyib. Bu məsələlər çox incə məsələlərdir.

Sərdar Fərəcov Üzeyir bəyin ocağında oturub. Belə şeyləri dərindən araşdırmalıdır. Ağzına gələni, fikrindən keçəni deməməlidir. Son vaxtlar fikir verirəm, Üzeyir bəy haqında danışanda Üzeyir deyirlər, yoldaşı Məleykə xanım haqda danışanda Məleykə deyirlər, sanki tay-tuşdurlar. Hətta Stalin də Üzeyir bəyə “bəy” deyə müraciət edirdi. İndikilər bunu nəzərə almırlar. Bir baxıb görsünlər özləri kimdirlər…

– Məgər Sərdar Fərəcov Üzeyir bəyi o qədər də dərindən tanımır?..

– Bəli, tanımır. Sadəcə, Üzeyir bəyin adından istifadə edir. Jurnalistlər Üzeyir bəylə bağlı məsələlərdə ona müraciət etməməlidirlər. O, Üzeyir bəyin ev muzeyində oturubsa, o demək deyil ki, dahi bəstəkar haqda hər şeyi bilir. Əslində, jurnalistləri də qınamıram. Elə bilirlər ki, orda oturubsa, hər şeyi ondan soruşmaq lazımdır. Ancaq onun danışdıqlarının hamısı ensiklopediyadan əzbərlədiyi sözlərdir.

– Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Üzeyir bəyin əlyazmaları muzeyin zirzəmisində saxlanılır. Sərt şəkildə tənqid etmişdiz. Nəticəsi oldumu?

– İndi xəbərim yoxdur. Amma yəqin ki, əlyazmalar yenə də zirzəmidədir. Əsaslı təmirdən sonra bütün arxiv zirzəmidə saxlanılırdı. Bu faciədir. Əsaslı təmir də mənim təşəbbüsümlə, prezidentə müraciətimdən sonra başlamışdı. Mən 2005-ci il fevral ayın 21-də ərizəmi yazıb işdən çıxdım, fevral ayının axırında prezident sərəncam imzaladı ki, Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunsun. Görünür, Polad Bülbüloğlunun bundan xəbəri var idi və tez məni ordan uzaqlaşdırmaq istəyirdi. Yəqin istəməyib ki, muzeydəki yenidənqurma işləri mənim adımla bağlı olsun.

Təklif etdilər ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə gedim, qəbul etmədim. Çünki mən muzeyşünas deyiləm, mən Üzeyir bəyin tədqiqatçısıyam. Məni düşündürən məsələ isə budur ki, sanki qəsdən Üzeyir bəyin irsini məhv etməyə çalışırlar.

 

– Bu məsələdə kimin marağı ola bilər?

– Görünür, Üzeyir bəyin şəxsiyyəti kimlərdəsə qısqanclığa, paxıllığa səbəb olub.

– Sizin direktor olduğunuz vaxtlarda Mədəniyyət naziri Polad Bülbüloğlu idi…

– Mənim muzeydən getməyimə səbəblərdən biri də Üzeyir bəyi həddən artıq təbliğ etməyim idi. Bunu Polad Bülbüloğlu özü də demişdi. Demişdi ki, o, Üzeyir bəyi çox təbliğ edir.

– Bu, niyə onu narahat etsin ki?

– Bülbüllə Üzeyir bəyin arası pis olmayıb. Ancaq bir dəfə Üzeyir bəyin tələbələri ona şikayət ediblər ki, Bülbül bizə dərsi konservatoriyada yox, evində keçir. Bizə paltar yudurdur, yemək bişirtdirir. O evə getmək istəmirik. Üzeyir bəy də dərhal Bülbülə xəbər göndərir ki, gəl dərslərini konservatoriyada keç. O da gəlməyib. Həmin ərəfələrdə Üzeyir bəy konservatoriyanın direktoru imiş. Bülbülün əmrini verir və işdən çıxarır. Yəqin bu hadisə də qıcıq yaradan səbəblərdəndir.

– Səhv etmirəmsə, sizə başqa muzeylərdə iş təklif ediblər.

– Bəli, muzeylərlə bağlı işlər idi, mən də qəbul etmirdim. Hətta məni Teatr muzeyinə direktor vəzifəsi də təklif olundu, yenə qəbul etmədim ki, mən heç bir muzeydə işləmək istəmirəm.

– Neçə ildir Üzeyir Hacıbəylinin ev muzeyinə getmirsiz?

– 13 ildir.

– Nə zamansa getmək fikriniz varmı?

– Məni ora çox dəvət edirlər. Hətta indiki direktor az qala yalvarırdı ki, getməyim, qalım.

– Yəni Sərdar Fərəcov orda olduğu müddətdə ora getmək istəmirsiz…

– Şübhəsiz. Nə qədər ki, o ordadır, getməyəcəm.

– Səbəb nədir?

– Çünki belə bir xəyanəti ondan gözləmirdim. Əslində, şübhələnirdim ki, mənim yerimdə gözü var. Ancaq qəbul etmək istəmirdim. 20 ilə yaxın bir yerdə işləmişdik. Duz-çörək kəsmişdik. Ancaq o mənim yerimə keçdi. Halbuki mən qadınlığımla belə hadisəylə rastlaşsaydım, qəbul etməzdim. Əsla onun yerinə keçməzdim.

 

– Bəs siz özünüz necə direktor olmuşduz?

– Üzeyir Hacıbəylinin yaxın qohumu Ramazan Xəlilov sağlığında mənə dəfələrlə təklif etdi ki, direktor ol, mən də gəlib-gedərəm, nə kömək lazım olsa, yanında olaram. Ancaq qəbul etmirdim. Hətta o, dünyasını dəyişəndə də direktor olmağı mənə təklif etdilər, mən isə Ramazan Xəlilovun qızı Nərgiz Xəlilovanı məsləhət gördüm. Direktor o oldu. Təəssüf ki, 5 aydan sonra o da rəhmətə getdi. Və məndən xəbərsiz məni direktor təyin etdilər. Ancaq indiki direktor görürdü ki, mən orda necə işləmişəm, necə əziyyətlər çəkmişəm, bunun əvəzində mənə qarşı bu addımı atmamalı idi. Əgər yerim boş olsaydı, məni bu qədər incitməzdi. Mən dura-dura yerimə göz dikdi.

– Bu gün yenidən direktor kimi muzeyə qayıtmaq istərdinizmi?

– Özüm üçün yox, Üzeyir bəy üçün istərdim. Onun irsinin qorunub saxlanması üçün istərdim.

– Bəs başqa bir adamı təyin etmək istəsəydilər, kimi məsləhət görərdiz? Elə bir adam varmı?

– İnanmıram, kimsə mənim qədər onu sevə bilsin. Mənim ona olan məhəbbətimi bilən adamlar mənə “Üzeyir bəyin qızı” deyərək müraciət edirlər.

– Akademik Milli Dram Teatrına təyinatınız necə baş verdi? Kimin təşəbbüsü idi?

– Mən İsrafil müəllimin vaxtında gəldim.

 

– Bu, İsrafil İsrafilovun təşəbbüsü idi, yoxsa…

– Xeyr. Yaxşı insanların dəstəyi ilə gəldim. Onların istəyi idi ki, burda işləyim.

– Ceyhun bəy Hacıbəyli haqda nə məlumatlar var? Fransada ev muzeyi varmı? Ona aid arxiv hardadır? Ailə üzvlərindən kimsə qalıbmı?

– Ceyhun bəyin özü qürbətdə vətən həsrəti ilə dünyadan köçsə də, arxivini Azərbaycana gətirə bildik. Yeri gəlmişkən, Ramiz Abutalıbov da öz hesabına Ceyhun bəyin arxivini Azərbaycana gətirdi. Çox sağ olsun Abid Tahirli, Ceyhun bəyin fəaliyyətini kifayət qədər araşdırıb.

2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmək üçün Ceyhun bəyin nəvəsi ailəsi ilə birlikdə Bakıya gəlmişdi. Mən onları muzeyə dəvət etdim, burdakı qohumları ilə görüşdürdüm. Çox təsirli səhnə idi…

Müəllif: Xəzər Süleymanlı, Elçin Murad