Rusiyanın “əmlak kralları”

0
81

2016-cı ildə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub. Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan “Rusiyanın daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 535 milyon dollar təşkil edib. Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 231,2 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348,8 min kvadrat metr olan anbarlar və 1550 otaqdan ibarət otel otağı var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar. “Rusiyanın daşınmaz əmlak kralları”nın siyahısında daha bir azərbaycanlı “Krokus” şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov ötən bir il ərzində 6 pillə geriləyərək 5-ci sıraya yüksəlib. Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanıb. 2016-cı illə müqayisədə Araz Ağalarovun gəliri 115 milyon dollar artıb. Qeyd edək ki, “Krokus” şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən “Rusiyanın daşınmaz əmlak kralları”nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka “Krokus Ekspo” (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel var.

Ermənistanın Baş nazirinin qardaşı daşınmaz əmlakdan 650 milyon dollar qazanıb

“Daşınmaz əmlak kralları” adlı hesabatın maraqlı tərəflərindən biri də odur ki, ilk onluqda yer alan iş adamlarının əksəriyyəti milliyyətçə rus deyil. Qeyd etdiyimiz kimi ilk sırada əslən azərbaycanlı olan 2 iş adamı yer alıb. İkinci sırada dünyanın aparıcı mebel şirkətlərində olan İKEA-nın 91 yaşlı sahibi İnqvar Kamprad qərarlaşıb. İsveç əsilli iş adamı 2017-ci ildə Rusiyada daşınmaz əmlakın icarəsindən 840 milyon dollar qazanıb. Son bir ildə, yəni 2017-ci il ərzində İnqvar Kampradın gəlirləri 40 milyon dollar artıb. Onu da bildirək ki, İKEA-nın 91 yaşlı sahibi həm də dünyanın ən zəngin insanlarından hesab olunur. Onun təxminən 30 milyard dollara yaxın sərvətinin olduğu bildirilir. “Daşınmaz əmlak kralları”nın reytinqində 3-cü yerdə “Taşir” şirkətinin erməni əsilli sahibi Samvel Karapetyan dayanır. Samvelin daşınmaz əmlakdan əldə etdiyi bir illik gəlir 650 milyon dollar olub. İqtisadi böhran Karapetyanın gəlirlərini azaldıb. 2016-cı illə müqayisədə ötən il “Taşir” şirkətinin gəlirləri 20 milyon dollar azalıb. Məlumat üçün onu da bildirək ki, “Taşir” şirkətinin rəhbəri Samvel Karapetyan Ermənistanın Baş naziri Karen Karapetyanın doğmaca qardaşıdır. Növbəti yerdə – 4-cü sırada inquş əsilli 2 iş adamı Mikail Quçeriev və Sait-Salam Quçeriev gəlir. “Safmar” (əvvəllər “Qruppa BİN”) şirkətinə rəhbərlik edən bu iş adamları ötən il daşınmaz əmlakdan 600 milyon dollar qazanıblar. Onların da gəlirləri 2016-cı illə müqayisədə 105 milyon dollar artıb.

Kürd qardaşların siyasətçi ataları

Rusiyanın ən böyük 6-cı əmlak “kralları” olan Boris Minç və Aleksandr Nesisin sahibi olduqları “O1 Properties” şirkətinin daşınmaz əmlakdan əldə etdiyi gəlir 360 milyon dollar olub. 7-ci sırada Aleksandr Klyaçin qərarlaşıb. “KR Properties” şirkətinin sahibi olan Aleksandr Klyaçin 2017-ci ildə daşınmaz əmlak sahəsindən 320 milyon dollar qazanıb. Aleksandr Klyaçindən sonra 8-ci yerdə kürd əsilli iki qardaş – Alixan və Amiran Muçoev qardaşları tamamlayır. “Qruppa regiona” şirkətinin sahibi olan bu qardaşlar 2017-ci ildə daşınmaz əmlakın icarəsindən 310 milyon dollar qazanıb. Məlumat üçün onu da qeyd edək ki, Alixan və Amiran Muçoev qardaşlarının atası Zelimxan Muçoev Rusiyanın ən varlı adamlarından hesab olunur. Tbilisidə anadan olan Zelimxan Muçoev hazırda Rusiya parlamentində “Vahid Rusiya” partiyasını təmsil edir. Növbəti sırada qərarlaşan Aleksandr Svetkovun “Absolyut” şirkətinin illik gəliri 310 milyon dollar təşkil edib. Siyahının ilk onluğunda Belarus əsilli ata və oğul – Yuri və Aleksey Xotinlər yer alıblar. “Kompleks investisiyalar” şirkətinin sahibi olan bu iş adamlarının illik qazancları isə 300 milyon dollar olub.

Türkiyəli iş adamlarının gəlirləri azalıb

2016-cı ildə Rusiyanın ən böyük “əmlak kralları” arasında 5-ci sırada olan Türkiyənin “Enka” şirkətinin sahibləri Şarık Tara və Sinan Tara ötən il 11-ci sıraya geriləyiblər. Onun Rusiyada daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc isə 300 milyon dollar olub. Türkiyəli iş adamlarının gəlirləri isə son bir il ərzində 15 milyon dollar azalıb. yeniavaz