Mingəçevir bu ada ilə daha çox turisti özünə cəlb etmək niyyətindədir

0
74

Dəli Kürün sulara qərq edə bilmədiyi maraqlı bir məkan -ada Mingəçevirdə yerləşir. Şəhərdən 4 kilometr uzaqlıqda olan bu ada turistik zona olaraq diqqət çəkir. 2013-ü ildən insanların ayaq basdığı məkan bu gün fərqli görünüşə malikdir. Dörd ildən artıqdır ki, adada təmizlik işləri aparılır, müxtəlif infrastruktur yeniliklər edilir, təbii landşaft bərpa olunur. Ada ərazisində 2 mindən artıq müxtəlif növ ağaclar əkilib. Burada yerli sakinlərin, turistlərin rahat gediş-gəlişi üçün gəmi və katerlər də fəaliyyət göstərir. Bu barədə məlumat verən təşkilatçı Elşən Muradov bildirib ki, Kür çayının Mingəçevirdən keçən hissəsində yerləşən adanın ərazisində balıqçılıq və ovçuluq üçün əlverişli şərait var: “Bundan başqa, maraqlı məkanda stend atıcılığı, paintbolla məşğul olmaq mümkündür. Yerli və əcnəbi turistlər burada dincəlməklə yanaşı, maraqlı idman oyunları ilə də məşğul ola bilər. Mingəçevir turizm üzrə ixtisaslaşan şəhərlərdən biridir. 2013-cü ildə ada yaradıldı. Ada daha sonra Mingəçevirdəki “River Side” otelinin ərazisinə daxil edildi. Oteldən adaya qədər olan məsafə 4 kilometr, ərazisi isə 3 hektardır. Dörd ildən artıqdır ki, adada təmizlik işləri aparılır, müxtəlif infrastruktur yeniliklər edilir, təbii landşaft bərpa edilir, turistlər üçün imkanlar açılır. Adada əsasən paintball yarışları keçirilir. Adanın ərazisində isə balıqçılıq və ovçuluq üçün əlverişli şərait yaradılıb. Turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olacağı şübhə yaratmır. Lakin bu məqamda da müəyyən problemlər özünü biruzə verməkdədir.

 

Məsələ burasındadır ki, 2013-cü ildən adanı rəsmi icarəyə götürən River “Side” otelinə qarşı təxribatlar səngimir. Belə ki, adaya xeyli sərmayə qoyan sahibkar hər il yüzlərlə ağac əkir, yaşıllıq salır. Lakin mütəmadi olaraq hər dəfə bu ağaclar məhv edilir, adaya külli miqdarda zərbə vurulur. Lakin bu sahibkarı yolundan çəkindirmir. Belə ki, otel rəhbərliyi ada ilə bağlı dünyanın bir sıra nüfuzlu turizm şirkətləri ilə danışıqlar aparıb, İsrailin bir neçə turizm şirkətini rəsmi şəkildə Mingəçevirə dəvət edib. Bu ölkəmizdə turizm adına böyük uğurdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ölkədə təbii turizm infrastrukturlarının yaradılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələrin bir qismi həm də beynəlxalq əhəmiyyət kəsb edir. Yaşıllıqların salınması, adaların bərpa edilməsi, heyvanlar üçün münbit təbii infrastrukturun yaradılması bu siyasətin tərkib hissəsidir. Bu mənada Mingəçevirdəki adanı yox etmək əvəzinə, onu dirçəltmək və inkişaf etdirmək lazımdır”.

Otelin müdiri Toğrul Abbaszadə deyir ki, sakit və maraqlı məkana hazırda şəhərdə və qonşu rayonlarda təhsil alan tələbələr üz tuturlar: “Yay fəslində xarici turistlərin bu məkana daha çox axını olur. Mingəçevir şəhəri turizm imkanlarına görə regionlar arasında xüsusi çəkiyə malikdir. Bu mənada burada yaradılan və yaradılacaq bütün turizm layihələri birmənalı şəkildə dəstəklənməlidir.

 

Esmira Hidayətova, Mingəçevir