Bərdə türbəsində aparılan təmir-bərpa işləri başa çatıb

0
62

Ölkəmizdə tarix və mədəniyyət abidələrinin təmir-bərpa olunması, mühafizəsi və tədqiqi daim diqqət mərkəzində saxlanılır. Xalqımızın yaratdığı digər maddi-mədəniyyət nümunələri kimi, orta əsrlər Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi qayğı ilə əhatə olunan tarix yadigarlarındandır.

Türbənin bərpası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən aparılıb.

Yanvarın 24-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov aparılan təmir-bərpa işləri ilə tanış oldular.

Zakir Sultanov bildirdi ki, bərpa prosesinə respublikanın tanınmış bərpaçıları, həmçinin İranın Ərdəbil şəhərindən dəvət olunmuş mütəxəssislər cəlb edilib: “1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet hakimiyyətinin ilk illərində dağıdılaraq yararsız hala salınıb. Bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilib. Ağır beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olub. Odur ki, yeddi əsrin yadigarı olan abidənin bərpasına ehtiyac yaranmışdı”.

Qeyd edildi ki, türbənin ətrafında yerləşən Torpaqqalada da bərpa və konservasiya işləri görülüb. Hazırda abidənin bərpası yekunlaşıb və ərazidə abadlıq işləri görülür.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun tarixi memarlıq abidələri ilə zəngin olduğunu qeyd etdi. Bərdə türbəsinin təmir-bərpa olunması və ərazidə aparılan abadlıq işlərini yüksək qiymətləndirdi.

Qeyd edək ki, Bərdə türbəsi yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin yerüstü hissəsi xatirə abidəsidir və monumental xarakter daşıyır. Kürsülüyü daşdan, gövdəsi isə silindrik şəkildə bişmiş kərpicdən hörülüb. Damı günbəz şəklindədir. Gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metr təşkil edir. Türbənin divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpiclə düzülmüş naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra isə bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir.

Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılıb. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə ucaldıldığı məlum deyil. Abidənin Elxanilər sülaləsinin üzvlərindən biri üçün tikildiyi ehtimal edilir. Türbənin üzərində “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılıb. Bu isə tikilinin naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir.