“Çoxmənzilli yaşayış binalarının istiliklə təchiz edilməsi nədənsə ləngiyir”

0
140

Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağını giriş sözü ilə açan  Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rizvan Mikayıllı qeyd edib ki, 2013-cü il yanvar ayının 8-dən Nümayəndəlik fəaliyyət göstərir: “Artıq o dövrdən 5 il ötür. Ötən müddətdə Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə  müəyyən edilmiş əsas vəzifələri və şəhər İcra Hakimiyyəti başçısının tapşırıq və göstərişlərini rəhbər tutaraq inzibati ərazidə yaşayan əhalinin sosial əhəmiyyətli problemlərini öyrənərək, sakinləri daha çox narahat edən məsələlərlə bağlı arzu və təkliflərini şəhər İcra Hakimiyyətinin müvafiq şöbələri ilə məsləhətləşərək eləcə də mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətinin şəhər İcra Hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə çalışmışdır. Şəhər İcra hakimiyyəti tərəfindən 2017-ci ildə Nümayəndəliyin saxlanması və fəaliyyəti üçün ayrılmış vəsait öz təyinatı üzrə xərclənmişdir. Heç bir təşkilata debitor və kreditor borcu yaranmamışdır”.

Problemlərdən söz açan Rizvan Mikayıllı bildirib ki, bir məsələdə çətinliyimiz var: “Bu, yeni tikilən evlər, satılan mənzillər, yeni təsərrüfat sahibləri barədə məlumatların bizə daxil olmamasıdır. Hər bir təsərrüfat başçısı vaxtında sənədlərini icra nümayəndəliyinə təqdim etməlidir. Bəzən görürsən hər hansı bir qurumdan müəyyən bir şəxs haqqında məlumat istənilir. Həmin şəxs barədə bizdə heç bir məlumat olmadığından onu tapmaq çətinlik törədir.

Tərəfimizdən il ərzində inzibati əraziyə daxil olan prospekt, küçə və məhəllələrdə 300-ə yaxın reyd, baxış keçirilmişdir. Qarşılaşdığımız problemlərlə bağlı aidiyyəti qurumlarla müzakirə və məsləhətləşmələr aparılmış, onların həll olunmasına çalışılmış və əsasən nail olunmuşdur. Məsələnin həllində müəyyən çətinliklə qarşılaşanda isə şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və konkret köməklik göstərilmişdir. Ümidvarıq ki, yeni su kanalizasiya şəbəkəsinin qurulması başa çatdıqdan və istismara verildikdən sonra bu kimi problemlərlə qarşılaşmayacağıq.

Eləcə də, götürək məhəllələrin süpürülməsindəki nöqsanları. Gün ərzində süpürülməmiş ərazi qalmamalıdır. Və yaxud məhəllələrdə zibilin yerə tökülməsi. Şəhər İcra Hakimiyyətinin diqqət və qayğısı nəticəsində kifayət qədər yeni zibil qabları alınıb gətirilib. Lakin heç də hər yerdə zibil qabı qoyulmayıb. Nümayəndəliyin təşəbbüsü ilə 1, 4, 5, 7, 10, 12 saylı MİS-lərin ərazilərində bir neçə yerdə yeni zibil qabları qoyuldu. Çox təəssüfedici və təəccüblü haldır ki, bir sıra məhəllələrdə sakinlər zibil qabı qoyulmasına razılıq vermir və narazılıq edirlər. Lakin biz onlarla izahlı söhbət aparır, bunun yalnız onların xeyrinə və təmizlik naminə edildiyini izah edirik. Məsələn M.Şəhriyar küçəsi ev 3-ün arxasına yaşıllıq zolağına zibil tökülürdü. Bizim təklifimizlə 2 dəfə oraya zibil qabı qoyuldu. M.Ə.Sabir küçəsi 1 və M.Şəhriyar küçəsi 3-ün 2 nəfər sakini buna mane olmağa çalışdılar. Biz onlarla dəfələrlə söhbət apardıq. Lakin onlar bundan nəticə çıxarmayaraq yenə qabları aşırıb zibili yerə tökməyə davam etdilər. Biz onlar haqqında akt tərtib edib aidiyyəti quruma təqdim etdik. Təsiri oldu.

Bəzi hallarda zibillərin daşınmasında müəyyən ləngimələr olur ki, bu da sakinlərin narazılığına səbəb olur. Aidiyyəti qurum bu sahəyə diqqəti daha da artırmalıdır.

İl ərzində Nümayəndəliyə inzibati ərazidə 17 halda elektrik enerjisinin verilməsində əhalinin narazılığına səbəb olan fasilələrlə bağlı sakinlərdən müraciətlər olmuşdur. Əhalini xüsusilə bu sahədə yaranan uzunmüddətli fasilələr narahat edir. Düzdür, son illərdə şəhərin elektrik təsərrüfatında xeyli işlər görülüb. Məhəllədaxili hava elektrik veriliş xətləri SİPləşdirilmiş, yeni transformatorlar quraşdırılmış, mövcud olanlarda təmir-sazlama işləri aparılmışdır. Lakin nasazlıqlar əsasən ana xətlərdə baş verir. Həmçinin əksər yaşayış binalarının girişlərində və zirzəmilərindəki elektrik şkaflarının da yenilənməsinə ehtiyac var. Bunlara diqqət və nəzarət artırılmalıdır. Ötən il də bu məsələni qeyd etmişdik. Müəyyən işlər görüldü. Lakin bu tam deyildir. Zirzəmidə hər hansı bir təmir və təmizlik işinin aparılması (xüsusilə su-kanalizasiya şəbəkəsində) bu baxımdan təhlükəlidir. Halbuki zirzəmilər əsasən baş verə biləcək və ya ehtimal olunan fövqəladə hadisələr zamanı əhalinin ilkin daldalanacaq yeri hesab olunur. Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Su kanal İdarəsi zirzəmilərə qulluğu və nəzarəti, kommunikasiya xətlərinin sazlığına diqqəti artırmalıdırlar.

Bütün bunlarla yanaşı ötən ilki hesabat yığıncağında vurğulandığı kimi, şəhərdə çoxmənzilli yaşayış binalarının istiliklə təchiz edilməsi nədənsə ləngiyir ki, bu da haqlı olaraq insanları narahat edir. Yəqin ki, şəhər İstilik təchizat idarəsinin rəisi bu məsələyə aydınlıq gətirər. Ümid edirik ki, cari ildə bu sahədə konkret tədbirlər görüləcəkdir.

Nümayəndəlik Şəhər İcra Hakimiyyəti başçısının göstəriş və tapşırıqlarının, qəbul edilən qərarların və sərəncamların icrasında aidiyyəti qurumlarla birgə yaxından iştirak etmişdir. Belə ki, şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2017-ci il tarixli 31 saylı Sərəncamına uyğun olaraq, inzibati ərazi hüdudlarında qanunsuz tikililər tərəfimizdən araşdırılmış və işçi qrupu tərəfindən aşkar olunmuş 63 qanunsuz tikilidən, yalnız 9-nun sənədi olmuş, 10-u yoxlama dövründə bilavasitə bizim köməkliyimizlə sənədləşdirilmiş, qalanlar haqqında isə tərtib olunmuş aktlar araşdırılmaq üçün aidiyyəti quruma təqdim olunmuşdur. Eyni zamanda İcra Hakimiyyəti başçısının 29 avqust 2017-ci il tarixli 77 saylı Sərəncamı ilə yaradılmış təmizliyə nəzarət qrupları şəhərdə təmizliyin təmin olunması və qorunub saxlanması ilə bağlı ötən müddət ərzində keçirdikləri reyd və müşahidələri zamanı rast gəldikləri çatışmazlıqların aradan qaldırılmasında yaxından iştirak edirlər. İnzibati ərazi üzrə IV nəzarət qrupu 486 halda aşkar etdiyi nöqsanların aradan qaldırılmasını təmin etmiş, 3 halda akt tərtib edərək aidiyyəti üzrə təqdim etmişdir.

 

Vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı digər qurumlarla yanaşı Şəhər Bələdiyyəsi ilə də sıx əlaqə saxlayır və qaldırılan məsələlərin həllində onların da köməyindən istifadə edirik. Məhz bunun nəticəsi olaraq müraciətimiz əsasında inzibati ərazi daxilindəki 4 xeyir-şər mağarına müxtəlif tikinti materialları ilə köməklik göstərilib, məhəllələrdə yeni oturacaqlar və ötən ilin son günlərində Mingəçevir kəndi yaşayış sahəsinin mərkəzində yeni kölgəlik quraşdırılmışdır. Bundan sonra da tərəfimizdən vətəndaşların müraciətlərinə diqqətlə yanaşılacaq, onların arzu və təkliflərinin yerinə yetirilməsinə çalışacağıq.

Hesabat dövründə Nümayəndəliyə 726 ərizə, 52 məktub daxil olmuş və 51 sənəd isə göndərilmişdir. Daxil olan sənədlər mövcud təlimatla müəyyən olunmuş vaxtda icra olunmuşdur”.

O çıxışını bu sözlərlə bitirib: “Mən yığıncaqda şəhərin əksər idarə, müəssisə və təşkilat rəhbərlərinin, geniş ictimaiyyət və mətbuat nümayəndələrinin, məhəllə komitələri sədrlərinin iştirakından istifadə edərək Sizləri öz səliqə-səhmanı, göz oxşayan yaraşığı, nümunəvi təmizliyi, nizam-intizamı ilə həmişə seçilmiş doğma şəhərimizin  daha da gözəlləşməsi, inkişaf etməsi, adamların rahatlığı naminə Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan hər bir şəraitə qayğı göstərməyə, bu istiqamətdə həyata keçirilən işlərdə yaxından iştirak etməyə, daha da inkişaf edən Mingəçevirə öz töhfənizi verməyə çağırıram”.

Daha sonra məhəllə komitələrinin sədrlərindən Rafael Qarayev, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Yaşıllaşdırma idarəsinin müdiri Əli Ağamirov, şəhər ağsaqqalı Tofiq Qarayev, Əfqan Veteranlar Cəmiyyətinin sədri Elşən İbrahimov, şəhər istilik təhcizatının rəhbəri Firdovsi Məmmədov və digər vətəndaşlar çıxış edərək nümayəndəliyin gördüyü işi qənaətbəxş hesab ediblər.

Mingəçevir kəndinin fəal sakini isə bir çox həlli vacib  problemlərlə bağlı çıxış edərək bildirib ki, yaşayış massivində “Azərsu” tərəfindən su-kanalizasiya xətlərinin dəyişdirilməsindən sonra kəndin asfalt örtüyü tamamilə bərbad vəziyyətə düşdü: “Kənddə gediş-gəliş çətinləşib. Kəndin baxçası var, o da çox bərbad vəziyyətdədir. Kəndin yollarında uzun illərdir işıqlanma sistemi yoxdur. Qazımız da bərbad vəziyyətdədir. Əgər abonent pul verib, qaz alırsa niyə qazın təzyiqi aşağıdır. Kanalizasiya sistemindən heç danışmaq istəmirəm”.

Çıxışları və təklifləri dinləyən Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki, burada səsləndirilən problemlərdən xəbərimiz var: “Dam örtüklərinin, binaların təmiri, istilik sistemlərinin bərpası ilə bağlı Prezident administirasiyası ilə danışıqlar aparılıb. Maliyyə vəsaiti olan kimi bu problemlərin bir qismi mərhələ-mərhələ həyata keçəcək. Yaxın günlərdə şəhərdə “Asan həyat” xidməti və Texnoparkın 2 fabrikinin açılışı olacaq. Əminəm ki,bu şəhər üçün böyük töhfədir.

 

Esmira Hidayətova, Mingəçevir