Türkiyə ictimaiyyəti antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir

0
93

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” əməliyyatı ölkə ictimaiyyəti, eləcə də bölgədə sülh və sabitlik tərəfdarı olan xarici qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənməkdədir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bu əməliyyata rəsmi şəkildə göstərilən dəstək və ictimaiyyətin rəyi də Türkiyədə böyük rəğbətlə qarşılanıb. Yerli KİV-lər, o cümlədən Türkiyənin aparıcı televiziya kanalları Azərbaycan Xarici İşlər Nazirliyinin “Zeytun Budağı” əməliyyatı barədə açıqlamasına dair informasiyanı geniş şəkildə yayıb. Yerli media Azərbaycanın bu dəstəyini qardaşlıq münasibətinin təzahürü kimi təqdim edib.

Rəsmi məlumata görə, “Zeytun Budağı” əməliyyatı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarını zərərsizləşdirmək məqsədi ilə həyata keçirilir. Bu bölgədəki terrorçu qruplaşmalar təkcə Türkiyə üçün yox, Suriyanın yerli əhalisi, eləcə də regionun digər ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Çoxsaylı faktlar əsasında deyə bilərik ki, xüsusilə PYD-YPG və İŞİD terror qruplaşmaları qadınları və azyaşlıları müxtəlif vasitələrlə, o cümlədən zor gücünə öz sıralarına qatmaqda davam edir. Bildirilir ki, İŞİD qüvvələrinin hazırda ən sıx yerləşdiyi məntəqə Afrin bölgəsidir.

Ən son məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələri və artilleriyası terrorçu qrupların düşərgə, anbar və döyüş nöqtələrinə dəqiq zərbələr endirib. Nəticəsində antiterror əməliyyatının ilk iki günündə PYD-YPG-yə məxsus 108 hədəf məhv edilib. Terrorçu hədəflərinin vurulmasına iştirak edən 72 qırıcı aerodromlara qayıdıb və bu prosesdə yerli mülki əhali arasında tələfat olmayıb.

Qeyd edək ki, yanvarın 21-də axşam saatları Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib. Raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçikmiqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub. Elə həmin gün günorta saatlarında isə Suriya ərazisindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Nəticədə 4-ü ağır olmaqla 46 vətəndaş yaralanıb. Təkcə bu iki fakt deməyə əsas verir ki, əgər Türkiyənin dövlət sərhədi qonşuluğunda terrorçu qrupların möhkəmlənməsinə imkan versə, bu, yaxın gələcəkdə böyük fəsadlara yola aça bilər.

Digər mühüm məqam ondan ibarətdir ki, ölkə ictimaiyyətində və əməliyyatlara qatılan hərbi kontingentdə böyük ruh yüksəkliyi var. Əhali quru qoşunların hərəkət etdiyi bölgələrdə küçələrə çıxaraq hərbçiləri alqışlarla yola salıb. Bunun başlıca səbəbi Türkiyənin təxminən yarım əsrə yaxın bir zaman kəsiyində terrordan böyük əziyyət çəkməsidir. Ümumiyyətlə, Türkiyə terror səbəbindən ən çox insan itkisinə məruz qalan və maddi zərər çəkən ölkədir.

Türkiyə tərəfi antiterror əməliyyatı aparılan bölgədə mülki əhaliyə dəyə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün də ciddi tədbirlər görməkdədir. Əməliyyatların başladığı bir vaxtda Türkiyə Qızıl Ay Cəmiyyəti Suriya ilə sərhəd bölgələrdə düşərgələr salıb.

Bundan başqa, maddi baxımdan zəngin olan, eləcə də ictimaiyyətə təsir etmək gücünə malik dərnəklər və fondlar Türkiyə Silahlı Qüvvələrinə hər cür yardıma hazır olduqları barədə bəyanatla çıxış etməkdədirlər. Ölkənin əsas müxalifət partiyalarından olan Millətçi Hərəkat Partiyası (MHP) da bu əməliyyatlarda Türkiyə hökumətinə tam şəkildə dəstək verib. Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı MHP sədri Dövlət Baxçalı ilə görüşüb və müzakirələr aparıb. Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də Bursada yerli sakinlərlə keçirdiyi görüşdə əminliklə deyib ki, bu əməliyyat çox qısa müddətdə tamamlanacaq.

Türkiyə tərəfi yaranmış vəziyyətlə bağlı region ölkələri ilə bərabər, bölgədə maraqları olan tərəflərlə də müzakirələri davam etdirir. Xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər.

Bundan başqa, əməliyyat barədə Suriya hökumətinə yazılı şəkildə məlumat verilib. azərtac