Azərbaycan Rusiyadan hansı silahları alıb?

0
51

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək. Maraqlıdır, Azərbaycan Rusiyadan hansı silahları alıb?

Bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlama verib: “Bilirsiniz, Azərbaycanın Rusiyadan silah alması planlı şəkildə mütəmadi olaraq olub. Dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacından asılı olaraq müxtəlif növ silahlar alıb. Nazirlər Kabinetinin iclasında Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ən müasir və lazım olan hərbi texnika ilə təmin olunacaq və bu proses davam edəcək. Ordumuzun əsas vəzifəsi işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Bu məsələnin sülh yolu ilə həll edilmə ehtimalı getdikcə azalır, o cümlədən Dağlıq Qarabağla bağlı öhdəlik götürmüş beynəlxalq qurumlar da sadəcə məsələni uzatmaqla məşğuldurlar. Yalnız prezident İlham Əliyev sərt bəyanatlar verən zaman beynəlxalq qurumlar aktivləşir və hər iki tərəfin danışıqları baş tutur. Lakin bu danışıqlar nəticə verməyəcək. Rusiya bu gün işğalçı dövləti güzəştli şəkildə silahlandırırsa, bu o deməkdir ki, o, münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı deyil. Digər dövlətlər də müəyyən şəkildə işğalçı dövləti silahlandırmağa çalışır. Bu addımların qarşısında Azərbaycan Silahlı Qüvvələri daim üstünlüyü saxlamalıdır və bunun nəticəsi gələcək döyüşlərdə özünü biruzə verəcək. Bu baxımdan indiyə kimi texnika və silah-sursat alınıb”.

Ş.Ramaldanov qeyd edib ki, hazırda bir neçə istiqamətdə növbəti silah partiyası gətirilib və bu proses davam edəcək: “Digər tərəfdən bizim hərbi sənayə müəssisələrimiz də inkişaf edib və Azərbaycan Silahlı Qüvvələri paralel olaraq bunlardan bəhrələnir. Ölkəmizdə həmçinin texnologiyaya cavab verən silah-sursat istehsal olunur və sınaqdan keçirilir. Azərbaycan Ermənistandan fərqli olaraq son 10 ildə istehsal olunmuş müasir silahlarla təmin olunur. İstər Rusiya, istərsə də digər ölkələr vasitəsilə. Bu silahların imkanları Azərbaycan Silahlı Qüvvələrində, Naxçıvanda keçirilən genişmiqyaslı təlimlərdə, müəyyən hissəsi Naxçıvandakı hərbi paradlarda nümayiş etdirilib. Rusiyadan alınan yeni silahlar isə zirehli texnika, raket qurğuları, artilleriya qurğularıdır. Yeni gələn hərbi texnika çoxistiqamətli partiyadır. Qeyd etdiyim kimi bu proses planlı şəkildə gedən silahlandırmadır”.Modern.az