“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu təhlükə

0
70

AMEA-nın Dilçilik İnstitutunun Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifini məqbul sayması ictimaiyyət arasında müzakirələrə səbəb olub, hətta narazılıq və etirazlar doğurub.Əsas narazı təbəqə təhsil sahəsində çalışan mütəxəssislərdir.

İddia olunur ki, əgər “əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi təsdiq olunarsa, qəbul və buraxılış imtahanlarında iştirak edən abituriyentlər ciddi problemlə üzləşə bilərlər.

Bu, həm də Azərbaycan dilinin qrammatikasına ciddi şəkildə təsir göstərəcək. Demək olar ki, bütün kitablar yenidən yazılmalı, bütün test tapşırıqları yenidən işlənməlidir.

Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, sözügedən məsələ böyük bir nəsil üçün problem yarada bilər.
“Bildiyiniz kimi, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə, dövlət qulluğuna keçirilən qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslər ilk növbədə Azərbaycan dilindən imtahan verirlər. Bu fənn üzrə test tapşırıqlarının sayı ümumi proqramın azı 30 faizini təşkil edir. Bu o deməkdir ki, həmin yerlərə qəbul imtahanları üçün istifadə olunan bütün resurslar yenidən yazılmalıdır. Bu hələ işin əhatə dairəsinin 1 faizidir. Təklif olunan dəyişikliklər qəbul edilsə, bütün kitablar, dərsliklər dəyişilməlidir. Nəzərə alsaq ki, hazırda hətta 1-ci sinifdə oxuyan şagirdlər belə ənənəvi formada olan sözlərdən istifadə edib təhsil alırlar, bu o deməkdir ki, böyük bir nəsil, geniş tərkibdə oxucu kütləsi, sənədləşmə üçün problem yarana bilər”.
Ekspertin sözlərinə görə, əgər bu sözlər təsdiq olunarsa, çox ciddi problem ortaya çıxacaq.

“Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bilirsiz ki, təhsil sistemində ana dilindəki resurslarla bağlı ciddi problemlər yaranmışdı. Bu kimi məsələlər indi indi həll olunmağa başlamışdı ki, yeni dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər təkcə Azərbaycan dilinə deyil, bu, bütün fənlərə, ixtisaslara təsir göstərəcək. Bu o deməkdir ki, milyonlarla kağız daşıyıcı üzərində olan kitablar, sənədlər yenidən hazırlanmalıdır. Amma təklif olunan dəyişikliklər abituriyentlərə ciddi şəkildə mənfi təsir göstərə bilər. Ona görə ki, onsuz da bəzi bölgələrdə danışıq dialekti, ləhcə, şivələr var və bu da bəzi sözlərin deyilişi zamanı ortaya problemlər çıxarır. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir və düşünürəm ki, təklif olunan dəyişikliklərə ehtiyac yoxdur”.