“Qanlı qərənfil” nümayiş olunub

0
119

20 Yanvar faciəsinin qurbanları hər il Mingəçevir məktəblərində şagirdlərin hazırladığı kompozisiyalarla gələcək nəsillərin qan yaddaşına köçürülür. Onlar hazırladığı bu tamaşalarla bir daha demək istəyirlər ki, biz düşmənlərimizin xalqımıza yaşatdıqları o müdhiş gecəni unutmamışıq.

Belə silsilə tədbirlərdən biri də bu gün Mingəçevir 7 saylı tam orta məktəbdə təşkil olunub. Nizami Mirzənin 20 Yanvar faciəsinə həsr etdiyi  “Qanl qərənfil” əsəri əsasında məktəbin 9 b sinfi tamaşa hazırlayıb. Təşkilatçılar məktəbin müəllimələri Nurani İsmayılova, Ülviyyə Allahverdiyevadır. Tədbirdə əvvəlcə şagirdlər şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, himnimizi oxuyublar. Daha sonra məktəbin tarix müəlliməsi Lətafət Hüseynova 20 yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

 

Şagirdlərin ifasında göstərilən “Qanlı qərənfil” tamaşasını hər kəs göz yaşları içərisində izləyib. Sözün həqiqi mənasında, tamaşada rol alan şagirdlər sanki o anları bir daha yaşayıblar.

 

Məktəbin direktoru Anar İsmayılov çıxış edərək bildirib ki, bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü  uğrunda  qəhrəmanlıq  nümayiş etdirdiyi şərəfli bir tarixdir. O həmçinin 20 Yanvarın Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib.

Esmira Hidayətova, Mingəçevir