Belə maarifləndirmə əhəmiyyətlidir

0
106

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı  ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən 3 saylı tam orta məktəbin direktoru Kəmalə Tahirova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. O həmçinin vurğulayıb ki, şagirdlərin vətənpərvər ruhda tərbiyəsi, onların elmi, intellektual, mənəvi, fiziki cəhətdən inkişafı daim pedaqoji kollektivin diqqət mərkəzində olmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov  Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açıb, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin çox əhəmiyyətli və zamanın çağırışına cavab verən mühüm addım olduğunu da xüsusi vurğulayıb.

 

Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Tədbir çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların  sualları cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir