“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tariximizə böyük ehtiramın təcəssümüdür”

0
125

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində tədqiqatçılar və pedaqoqlar qarşısında çox məsul vəzifələr qoyub. Dövlətimizin başçısının 2018-ci il 10 yanvar tarixli digər Sərəncamına əsasən, cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

Bu fikirləri Azərbaycan Universitetinin rektorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva söyləyib. Bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC ötən əsrin ikinci onilliyində Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici şərtlərə baxmayaraq yaradılıb. Yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib, tarixi adlar bərpa edilib. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb, Qafqazın digər bölgələrində türk-müsəlman əhalinin hüquqlarının qorunması üçün tədbirlər görülüb. Dinc və sülh şəraitində yaşamaq, bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün ardıcıl siyasət yeridilib.

N.Quliyeva qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev də AXC-nin tarixinə, onun qurucularının fəaliyyətinə yüksək qiymət verib. Ulu Öndər 1997-ci il mayın 27-də Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təşkil edilən təntənəli yığıncaqdakı nitqində deyib: “Bu respublikanın yaranması və az müddətdə olsa da yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır”. Ümummilli lider Heydər Əliyev nitqində AXC-nin yaradıcılarını minnətdarlıqla yad edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördükləri işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir”. Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 30-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamda bu gənc respublikanın yaradılmasını bir daha çox yüksək dəyərləndirib. Sərəncamda deyilir: “Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur”. Xüsusi vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin, ağır və mürəkkəb ictimai-siyasi şəraitdə yaranıb və fəaliyyət göstərib. Tarixən o qədər də uzun olmayan bir müddət – cəmi 23 ay mövcud olmasına baxmayaraq çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olub.

N.Quliyeva bildirib ki, Azərbaycan Universiteti də AXC-nin 100 illiyini layiqincə qeyd etməyə ciddi hazırlaşır. 2017/2018-ci tədris ilinin başlanğıcından universitetin rəhbərliyinin göstərişi ilə tələbələrə AXC-nin yaranması və həyata keçirdiyi tədbirlər haqqında müntəzəm məlumat verilir. Auditoriyalarda mühazirə söyləyən müəllimlər bu mövzuya xüsusi diqqət yetirirlər. Tarix elmləri doktoru, professor Anar İsgəndərov tələbələr üçün “Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol” mövzusunda mühazirəsində Azərbaycanın vətəni hər şeydən yüksək tutaraq cəsarətli tarixi addım atan ziyalıları haqqında məlumat verib, tələbələrə 23 ayda görülən işlərin qısa xülasəsini təqdim edib. Cari ildə bu cür mühazirələrin ardıcıl təşkil edilməsi planlaşdırılıb. Azərbaycan Universitetinin təşkilatçılığı ilə AXC-nin 100 illiyi münasibətilə 2018-ci il aprelin 11-də “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika konfransı, mayın 14-15-də isə “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. azərtac