Mehmandarovun parlamentdə ordunun durumu ilə bağlı çıxışı və təklifləri

0
107

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı yazılarını davam etdirir.

Bu dəfə ADR-in hərbiyyə naziri Səməd bəy Mehmandarovun Cümhuriyyət paramentindəki çıxışının qısa xülasəsini təqdim edəcəyik. O qədər də uzun olmayan çıxışda Cümhuriyyət ordusunun durumu açıq-aydın öz əksini tapıb. Çıxış parlamentin 16-cı iclasında, 1919-cu il, 26 fevralda edilib: (Natiqin dil və üslubu qorunub).

 

“Həzarat, mən hərbiyyə nəzarətinin fəaliyyəti və səgəri işlər haqqında bir qədər məlumat verməyi lazım bilirəm. Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası, onların hərəkətini tənqid etməyimizə də mane olamaz. Hərbiyyə nəzarəti Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əksər işlərimiz yaxşıdır və çoxlu qoşun yığılır, lazım olan kimi məşq verilir və ilaxır. Mən Gəncəyə belə gözəl ümüdlə getdim. Hər yeri gəzdim, qətati-əsgəriyyəmizə baxdım, fəqət, iş heç də yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşgün bir halda, yeməkləri pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamlarıyla dəyişməyə məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və  komandanları öz vəziyyətlərindən sui-stifadə edirlərdi. Çox vaxt bir külfətin yeganə çörək gətirənini əsgər alırdılar. Bu iş də camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru Paşa Azərbaycandan gedərkən özü mənim yanıma gəldikdə boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir haldadır. Məlumdur ki, Türkiyə komandanlığı başında duran adamları aldatmışlardı. Türklər gedərkən mənə bilmərrə libas verməmişlərdi. Ona görə mən əsgəri təşkilat ilə bərabər maddi cəhətdən çalışmalı idim. Nəki mümkünü idi etdim. Amma türklər külli miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Külli miqdarda taxıl, heyvan və sair məmulat qalmışdır. Ona görə mən əmr etdim ki, əsgərlərə yarım girvənkə əvəzinə üç rüb ət, girvənkə yarım çörək əvəzinə bir rüb çörək verilsin, xörəkləri öz camaatımızın adət etdiyi kimi olub, onlara dolma, bozbaş və sairə versinlər, həftədə bir dəfə plov verilsin. Bundan əlavə əmr etdim əsgərlərə gündə 6 misqal qənd, yarım misqal çay versinlər. Qızdırma, yatalaq və sairə kimi azar olan yerlərə əsgərlərə su içməmək üçün 9 misqal qənd verilir. Libas məsələsi daha da fəna idi. Gürcüstan hərbiyyə nazirinə kağız yazdım ki, libas məsələsində mənə kömək etsin, mütəəsifanə bir şey çıxmadı. İndi Gürcüstan hökuməti nəzdində siyasi nümayəndəmiz Cəfərovun yanında pulumuz və adamlarımız var ki, parça alsınlar. Bundan əlavə Şuşadan fabrikada yaxşı əsgəri libasa yarar parça toxunur. Haman fabrika ilə müqavilənamə bağlamışıq. Orada külli miqdarda yararlı parça əldə etdik. Bu surətlə bu məsələ də hüsnü-həll olunacaqdır. Əlbəttə, möcüzə göstərmək olmaz. Amma nə ki mümkündür, edəcəyəm. Hal-hazırda hərbiyyə nəzarəti smetasının bir qismini təqdim etmişdir. Bütün smeta martda təqdim ediləcəkdir, çünki ərzaq nəzarəti ambarlarında olan şeylərin miqdarını təyin etmək lazımdır. Hərbiyyə nəzarətinin təhti-idarəsində bu saat 3 ambar var: Hacıqabulda, Gəncədə və Ağdamda. İndi hökumətin qərarladrına görə ərzaq nəzarəti ixtiyarında olan sair ambarların da həpsi hərbiyyə nəzarətinə veriləcəkdir. Ona görə ərzaq mövcudiyyətinin tamamilə hesablamalıdır. Mən ümdə diqqətimi əsgər yığmaq işlərinə verdim. Bu vaxtadək əsgər alınmalı, olanların siyahısı tərtib verilmişdi. Hər yerdə kasıblar əsgər alınırdılar. Hər yerdə qoşun içində bir dövlətli ya bəy, ya xan oğlu görmədim. Ona görə əmr etmişəm əsgər düşənlərin siyahısı tutulsun və bir surəti hərbiyyə nəzarətinə göndərilsin, tainki yığılanlara diqqət verək.

 

Hal-hazırda 6 ilin əsgəri silah altına çağırılır. Amma güman edirəm ki, bu ilin axırında daha buna ehtiyac olmayacaqdır. Ancaq 2 ilin, yəni 19 və 20 yaşıdları yığmaq kifayət edəcəkdir. Əsgərlikdən qaçmaq məsələsinə gəlincə, bu da deyilən kimi olmayıb, o qədər də layiqi-əhəmiyyət deyildir. Hər yerdə mükəlləfiyyati-əskəriyyət tətbiq olunanda belə şeylər olur. Məsələn, 1888-ci sənə mükəlləfiati-əskəriyyə qanunu ermənilərə və gürcülərə təmsil ediləndə çox adam əsgərlikdən qaçırdı. Hələ indi də qaçan çoxdur. Bizdə də çox adam qaçırdı, fəqət, əksilməmişdir. Bu da tədriclə olar. Gəncədə son zamanlar bir adam qaçıb. Əhali özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb, sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtı ilə heç kəs qaçmayacaqdır. Qənəati əsgəriyə barəsində məni bağışlayın, əsgəri sirləri açıq danışmazlar”.