“Doktorların diaqnozu bir-birini təkzib etməməlidir”

0
136

Azərbaycanda bir həkimin yazdığı resepti digər həkimin qəbul etməməsi hallarına tez-tez rast gəlinir. Bəzi hallarda hətta bir həkim elə xəstənin gözü önündəcə digər həkimin reseptini cırıb atır, “bunu hansı qanmaz yazıb” soruşur. Əvvəlki həkimin yazdığı reseptə xeyli pul xərcləyən xəstənin isə, yeni həkimin yazdıqlarına əməl etməkdən başqa çarəsi qalmır.

Bu problem təkcə həkimlərlə kifayətlənmir. Bəzi hallarda özəl klininalar arasında da analizlərin cavabında fərqlilik olur. Eyni adamın 2 yerdə verdiyi analizlərə hər klinika fərqli cavab verir.

Dövlət xəstəxanaları ilə bağlı vəziyyət isə daha bərbaddır. Bir çox hallarda dövlət xəstəxanalarında verilən analizlərin cavabına özəl klinikalar ikrahla baxırlar. Bəs bu vəziyyətin yaranmasının səbəb nədir? Görəsən, dünyanın inkişaf ölkələrində də həkimlər, klinikalar arasında fikir ayrılıqları olurmu?

“Sivil ölkələrdə, sivil cəmiyyətlərdə həkim diaqnozları arasında fərq minimaldır”

“Yeniavaz” saytı məsələ ilə bağlı tanınmış tibb işçilərinin fikirlərini öyrənməyə çalışıb. Terapevt-endokrinoloq Hidayət Məmmədzadə saytımıza açıqlamasında bu mövzuda bir qədər sərt danışdı: “Ümumilikdə götürsək, həkimlərin qoyduğu diaqnozlar arasında kəskin fərq olmamalıdır, yaxud heç olmamalıdır. Bir xəstə mənim yanımdan çıxıb başqa bir həkimin yanına gedirsə, mən deyəni o da deməlidir. Doktorların diaqnozu bir-birini təkzib etməməlidir. Sivil ölkələrdə, sivil cəmiyyətlərdə həkim diaqnozları arasında fərq minimaldır. Orada bir həkimin dediyi ilə digər həkimin dediyi üst-üstə düşür. Əgər 3 həkim, 4 həkim xəstəyə bir-birindən fərqli fikir deyirsə, o birinin yanına gedəndə digəri təkzib edirsə, bu, səhiyyənin bərbad olmasından xəbər verir”.

H. Məmmədzadənin sözlərinə görə, belə halların baş verməsi o deməkdir ki, həmin cəmiyyətdə səhiyyə sistemi qaydasında deyil: “Bu mənim subyektiv fikrimdir. Əmin edirəm, Almaniyada 2 həkimin, 3 həkimin yanına gedin, onlar sizə eyni diaqnozu qoyacaqlar. Çünki eyni protokoldan danışırlar. Bizdə isə təəssüf ki, bu fərqlər var. Vəziyyəti həkimlərin yalnız eyni protokollara istinad etmələri ilə yoluna qoymaq olar. Bu, savada bağlı olan bir məsələdir”.

“Xəstənin müalicəsində həkimin fərdi fantaziyaları yer almamalıdır”

Hidayət Məmmədzadə deyir ki, bütün hallarda həkimlər protokol əsasında işləməlidirlər: “Protokol nədir bilirsinizmi? Hər bir xəstəliyin müalicəsində vahid qəbul olunmuş standartlar var. Bu Türkiyədə də keçərlidir, Amerikada da keçərlidir, Almaniyada da. Biz özümüzdən Amerika kəşf eləmirik. Vahid protokolla işləyəndə həkimlərin dedikləri arasında fərq azalır. Xəstənin müalicəsində həkimin fərdi fantaziyaları yer almamalıdır, vahid protokoldan çıxış etmək lazımdır. Həkim protokola nə qədər əməl edərsə, xəstəsi üçün o qədər faydalı olar.

Hər bir həkim protokolu, orada yazılanları bilmək məcbuyriyyətindədir. Bilmirsə, deməli, heç həkim deyil. Bilmirsə, o həkim xəstəlikdən daha təhlükəlidir. Bir az bəlkə kəskin dedim, amma insanların sağlamlığı ilə bağlı xətanı bağışlamaq olmaz”.

Rəşid Mahmudov: “Niyə öz fikrinizi yazmırsınız?”

Mövzu ilə bağlı Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid Mahmudovun da münasibətini öyrənmək istədik. Lakin Rəşid Mahmudov bu mövzuda danışmaq istəmədiyini bildirdi: “Nəsə deyəcəyəm, məni kiminləsə üz-üzə qoyacaqsınız. Niyə başqasının fikrini öyrənirsiniz, elə öz fikrinizi yazın də? Nə vaxta kimi başqasının fikrini yazacaqsınız, yazın ki, mən bir vətəndaş olaraq bunu doğru hesab eləmirəm, etiraz edirəm. Mən nəsə deyirəm başqası ilə üz-üzə qoyursunuz, ona görə telefonla münasibət bildirmək istəmirəm. Bir gün üz-üzə oturub danışarıq. Qısaca deyim ki, bəli, mən də bunu doğru hesab eləmirəm. Bir həkim savadlıdırsa, digəri bunun yazdığını cırıb atmamalıdır”.

Nicat