“İlan vurma ehtimalı da var”

0
140

Yabanı şəkildə bitən süpürgə kollarına əsasən kənd ərazilərinin otlaq sahələrində, meşələrdə, çöllük ərazilərdə rast gəlinir. Kəndlərdə əsrlərdir bu adət-ənənə davam edir, yəni insanlar süpürgəni yığır, həyət süpürmək üçün istifadə edirlər. Hazırda əsasən yeniyetmələr bu kolların yığımına həvəs göstərirlər. Kənd yerlərində deyirlər ki, bu, ailənin qazanc yeridir. Ötən illərlə müqayisədə bu işlə məşğul olanların sayı artıb. Süpürgə kol şəklində bitir. Yevlax rayonunda uzun illər süpürgə yığımı ilə məşğul olan ailə var. Ailənin başçısı Tanırverdi İmamverdiyev bölgə müxbirinə gördükləri işlə bağlı məlumat verib: “Bu bizim ailənin qazanc mənbəyidir. Onu əllə yığıb dəstələyirik. Bundan sonra dənə-dənə üst-üstə qoyulur və 2-3 yerdən ya iplə, ya da məftillə bağlanır. Onun bir dənəsini əvvəllər 50-60 qəpiyə satırdıq. İndi hər şeyin qiyməti qalxıb. Artıq bu pulla dolanmaq mümkün deyil. Qışda isə qiymət daha baha olur. Süpürgəni növbəti mövsümə qədər saxlamaq mümkündür, korlanmır”.

Süpürgəyə tələbat hələ də yüksəkdir. Əsas alıcılar isə həyət evində yaşayan ailələr, sanitar-təmizlik idarələri, hətta balıqçılardır. Məsələn, onun çiçəyinə arılar gəlir, suya qoyulduqda isə üzərinə balıqlar kürü tökürlər.

Tanrıverdi İmamverdiyev deyir ki, süpürgə yığımı gələndə ailəliklə çöldən bu süpürgəni yığıb həyətdə bağlayıb sataraq ehtiyaclarını qarşılayırlar: “Bəlkə də çoxlarına rahat iş kimi görünür, amma elə deyil. Həm zəhmət tələb edir, həm də səbir. Çox adamlar olub ki, bizim kimi süpürgə yığıb satmaq istəyiblər, amma səbirləri çatmayıb. İlan vurma ehtimalı da var. Çünki sıx otların arasında əlini uzadıb gərək süpürgəni lap dibdən qırasan. Həmin yerdə ilan varsa, vura bilər. Odur ki, həm də ehtiyatlı olmalısan”.

T. İmamverdiyevin sözlərinə görə, qışda süpürgə baha qiymətə satılır: “Adam var ki, yığım mövsümündə satmır, saxlayır qışa. Amma bizim elə imkanımız yoxdur. Satıb gündəlik çörəkpulumuzu çıxarmağa çalışırıq”.