“Cümhuriyyətin 100 illiyini elə qeyd etməliyik ki…”

0
114

Prezident İlham Əliyev bu gün 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan  tarixçi alim, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu deyib ki, ölkə başçısının bu qərarı onu çox sevindirib.

“Ölkə prezidentinin bu addımını alqışlayıram. Bu işin baş verməsi üçün mən ölkə prezidentinə bir neçə dəfə rəsmi şəkildə müraciət etmişəm. 2018-in “Cümhuriyyət ili” elan olunması ilə bağlı öz təkliflərimi vermişəm ki, nələr etmək lazımdır. Hansı işləri görək ki, bu Azərbaycan xalqı üçün faydalı olsun? Çünki bu çox ciddi məsələdir. Bundan Azərbaycan xalqı ciddi şəkildə faydalana bilər.

Göndərdiyim təklifləridən biri bundan ibarət idi ki, Cümhuriyyətin 100 illiyini qeyd edərkən biz dünya ictimaiyyətinə müraciət edək. 1920-ci ilin elə bu günlərində – yanvarın 11-də dünyanın aparıcı dövlətləri Azərbaycan Cumhuriyyətini tanımışdılar, onu qəbul etmişdirlər. Həmin tanıma sənədində Qarabağ da, Zəngəzur da Azərbaycanın sərhədləri içərisində idi.

Biz dünya ictimaiyyətinə müraciətdə qeyd etməliyik ki, 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin hüdudları içərisində bu gün böyük bir mübahisəyə çevrilən Qarabağ var idi ki, siz tanımışdınız ki, bura Azərbaycanın ərazisidir. Biz bunu ciddi təbliğ etməliyik, İngiltərə, Fransa və digər böyük dövlətlər Qarabağı Azərbaycanın ərazisi qəbul ediblər və bu problemə çevrilməyib.

İkinci təklifim ondan ibarətdir ki, biz bütün müsəlman Şərqində, türk dünyasında ilk demokratik cümhuriyyəti yaratmağımızı, milli mədəniyyət əsaslarına söykənən cəmiyyəti qurmağımızı dünya ictimaiyyətinə təqdim edə bilərik. Bunu ilk dəfə Şərq dünyasında biz yaratmışıq.

Biz dünya ictimaiyyətinə çatdıra bilərik ki, Azərbaycanda qadınlara seçki hüququ vermişik, başqa ölkələr sonradan bu qanunları qəbul etdilər. Parlament üsul-idarəsini yaradan da biz olmuşuq, həmin parlamentdə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təmsil olunurdu. Yəni biz bu gün çox dəyərlərlə çıxış edə bilərik. O  mənada bu mövqenin ölkə başçısı tərəfindən ortalığa qoyulmasının böyük əhəmiyyəti var”.
Tarixçi-alim bildirib ki, ölkə başçısının bu qərarını sadəcə şüarçılığa çevirmək lazım deyil, əməli iş görmək lazımdı.

“Çünki bizdən başqa da digər dövlətlər özlərinin 100 illiyini qeyd edəcək. Qafqazda demokratiya yarışı gedəcək. Bu il Gürcüstan da, Ermənistan da 100 illiyinə hazırlaşır. Yəni 100 illiyi qeyd edən təkcə biz deyilik. Ona görə biz bu 100 illiyi elə şəkildə qeyd etməliyik ki, bu yarışda qalib gələk. Yarışda bizim qalib gəlməyimiz üçün isə ciddi şanslarımız var. Ona görə də mən düşünürəm ki, birinci növbədə Cümhuriyyət qurucularının irsi toplanıb çap edilməlidir, bunlar haqqında sənədli filmlər hazırlanmalıdır. Bizim bütün mətbuat orqanlarında, saytlarda, televiziya kanallarında kütləvi təbliğat getməlidir. Şou proqramlarını bir qədər sonraya saxlayıb, Rəsulzadədən, Topçubaşovdan, Nəsib bəy  Yusifbəylidən və digərlərindən danışmalıyıq, onlar haqqında verilişlər hazırlamalıyıq”.

N.Yaqublu deyib ki, Cümhuriyyətin qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı da işlər görülməlidir.

“Sabah Cümhuriyyətin 100 illiyi tamam olanda biz hara gül qoyacağayıq? Rəsulzadənin məzarı Ankarada, Topçubaşovun məzarı Fransada, Ceyhun Hacıbəylinin məzarı Fransada, Xəlil bəy Xasməmmədovun məzarı Türkiyədə, Xosrov bəy Sultanovun məzarı Türkiyədədir. Yəni burada bir məzar yoxdur ki, sabah gedək üzərinə bir dəstə gül qoyaq, ya bir dua oxuyaq, ruhları şad olsun.
Və nəhayət, bu insanların yaşadıqları evlər var, mən onların çoxunu bilirəm. Həmin binalara xatirə lövhələri vurmaq lazımdır ki, bu binada Topçubaşov yaşayıb, Rəsulzadə yaşayıb, Nəsib bəy Yusifbəyli yaşayıb. Belə bir elanlar olmalıdır ki, camaat bilsin bu insanlar harada yaşayıb. Həmin yerlərdə onların ev muzeyləri təşkil edilməlidir. Məhəmməd Əmin Rəsulzadənin yaşadığı evi gah qaçqınlara verirlər, gah hansısa şirkətin təlim-tədris mərkəzinə verirlər.  Həmin ev muzey olmalıdır, eksponatların toplanmasına mən köməklik edə bilərəm.
Mən prezidentin bu qərarını alqışlayıram, qərarın məzmunlu olması üçün bu işi bilən adamları cəlb etmək lazımdır”.