Ərdoğan Gülü hədəf alıb

0
54

Türkiyə prezidenti, AKP lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, adıçəkilən partiyanın qurucularından olan Abdullah Gülü hədəf alıb. Bu gün AKP-nin TBMM-dəki ənənəvi qrup toplantısında çıxış edən R. T. Ərdoğan ölkədə baş verən hadisələrə münasibət bildirib: “Prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər:“AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanın səmimi yolçuları deyillər. Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.

R. T. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur: “Hər kəs ağzını açmadan öncə harada olduğuna diqqət etməlidir”. Bu yerdə xatırladaq ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib. R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb. Oxu.az