Rahilə müəllimənin açıq dərsləri həmişə maraq dairəsində olur

0
324

Mingəçevir şəhər ümumtəhsil məktəblərində açıq dərslər təşkil olunur. Dərslərdə şəhər Təhsil  Şöbəsinin məsul işçiləri  və məktəbin müəllimləri müşahidəçi qismində iştirak edirlər. Şagirdlərə mövzulara uyğun suallar verilir. Müasir tələblər əsasında keçirilən dərslərdə şagirdlər aktivlik göstərirlər. Yekunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilir. Növbəti belə açıq dərs Mingəçevir şəhər şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Rahilə Əliyeva tərəfindən riyaziyyat fənni üzrə keçirilib. Qeyd edək ki, açıq dərslər pedoqoji təcrübəni artırmaqla yanaşı şagirdlərdə  sərbəst düşüncə və sərbəst danışıq qabiliyyətini də artırır.

 

Uzun illər pedoqoji təcrübəyə malik 4b sinifinin rəhbəri Rahilə Əliyeva açıq dərs zamanı şagirdləri qrup işi aparmaq üçün  4  göy, sarı, yaşıl və qırmızı qrupa bölmüşdür. Şagirdlərə qrup işləri təqdim olundu və qrup işlərinin təqdimatı oldu. Dərsin sonrakı gedişatı şagirdlərin ixtiyarına verildi. Müzakirələrdə, şagirdlərin hamısının aktiv iştirakı müşahidəçilərdə çox böyük maraq oyatdı. Qeyd edək ki, sinifdə 22 şagird var, onların hər biri Rahilə müəllimənin əməyi sayəsində əla qiymətlərlə oxuyurlar (Bunu açıq dərs zamanı müşahidə etdik).

 

Açıq dərsi müşahidə edən məktəbin təlim-tərbiyə işləri  üzrə direktor müavini Yeganə Kərimova bildirdi ki, Rahilə müəllimə məktəbin qabaqcıl müəllimlərindən biridir. Onun keçirdiyi bütün açıq dərslər həmişə çox yüksək səviyyədə təşkil olunur: “Bir direktor müavini kimi mən bunu açıq dərs, yox nümunəvi dərs adlandırardım. Mən təklif edəcəm ki, bizim gənc müəllimlərimiz də icmal ilə tanış olsunlar. Nümunəvi dərs kimi ondan yararlansınlar. Rahilə müəllimənin bundan əvvəlki sinifləri də məktəbimizin ən nümunəvi sinifləri olub. Yeri gəlmişkən, qeyd edim ki, hazırda Rahilə müəllimənin sinfində təhsil alan Quluzadə Zeynəb müxtəlif kursların şəhər üzrə keçirdiyi sınaq imtahanlarından 13 dəfə fəxri fərman alıb.

Müşahidəçilər şagirdlərin təqdimatlarına diqqətlə baxdıqdan sonra onların işlərini yüksək qiymətləndiriblər.

Esmira Hidayətova, Mingəçevir