Xəstənin müalicə aldığı həkimdən şübhəsi varsa…

0
288
Ətrafımıza baxsaq, səhhətində problemi olmayan insana çətin ki, rast gələrik. Demək olar ki, hər on nəfərdən səkkizi xəstəliklə mübarizə aparır. Gün-gündən artan xəstələrin sayı kimi, həkimlərin və klinikaların da sayı artmaqdadır. Həkimlərin və xəstəxanaların artması əslində sevindirici haldır. Bu həm də mütəxəssis sayının artması deməkdir. Xəstəliklərin öhdəsindən gəlmək üçün isə, ilk növbədə, doğru həkimi seçmək lazımdır. Bu məsələ əksəriyyət insanların ciddi probleminə çevrilib. Bir çoxları həkim seçərkən tərəddüd edir.
 Kimisi həkimin işlədiyi müəssisəyə görə seçim edir, kimisi də daha savadlı olduqlarını düşünərək yaşlı həkimlərə müraciət edir. Bəs bu yanaşmalardan hansı daha məntiqlidir? Həkimin savadlı olmasının göstəricisi onun yaşı və ya işlədiyi müəssisə ola bilərmi? 

Yaşlı həkimlər

daha savadlı olurlar?

Həkimlik sənəti hər zaman insanlar tərəfindən hörmətlə qarşılanıb və rəğbət görüb. İnsanların sağlamlığına xidmət edən bu peşə sahiblərinin məsuliyyəti böyükdür. Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliklərin müalicəsində həkimlər yeganə faktor deyil. Məlumdur ki, hər hansısa bir xəstəliyi müalicə etmək üçün, ilk növbədə, düzgün diaqnoz qoyulmalıdır. Bunun üçün də uyğun laboratoriya şəraiti və tibbi avadanlıqların olması şərtdir. Elə bir dövrə gəlib çıxmışıq ki, insanları xəstəlikləri qədər narahat edən məsələlərdən biri də həkim seçimidir. Hər bir xəstə yaxşı nəticə almaq, tez sağalmaq arzusundadır. Ümumiyyətlə, əksəriyyət insanlar həkim seçərkən bir neçə amili nəzərə alırlar. Qeyd etdiyimiz kimi, bəziləri fikirləşir ki, yaşlı həkimlər daha savadlı, daha təcrübəli olurlar. Onlara müraciət edib, daha yaxşı nəticə əldə edəcəkləri qənaətində olurlar. Bir qisim insanlar isə özəl klinikada işləyən həkimlə dövlət xəstəxanasında işləyən həkimin savadı və təcrübəsi arasında ciddi fərq olduğunu düşünür. Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynov bu mövzuya belə münasibət bildirdi: “Hazırda həkimlərin bir çoxu həm dövlət, həm də özəl klinikalarda işləyir. Ona görə də onların arasında ciddi fərq qoymaq doğru deyil. Bundan əlavə, həkimin savadlı olmasını onun işlədiyi müəssisəyə görə müəyyənləşdirmək yanlışdır. Həkim çox ciddi bir faktor deyil. Burada əsas rolu xəstəxananın təchizatı, təminatı və xidmət səviyyəsinin necə olması oynayır. Həkim üçün təcrübənin rolu var. Lakin bu peşədə nəzəri biliklər təcrübədən irəlidə gəlir. Bir insan xəstəliyin nə olduğunu oxumadan, bilmədən, sadəcə, təcrübəyə arxalanaraq müalicə edə bilməz. Həkim olmaq üçün cild-cild kitablar oxumaq, seminarlara, konfranslara qatılmaq, müəllimlərdən dərs almaq lazımdır”.

 

“Xəstələrə məsləhət görərdim ki, reklamlara aldanmasınlar”

Habil Hüseynov pasiyentlərə həkim seçərkən diqqətli olmağı tövsiyə etdi: “Bizdə heç bir xəstə tanımadığı həkimə yaxınlaşmır. Bu, sevindirici haldır. Əksəriyyət qohum və ya dostların tanıdığı, məsləhət gördüyü həkimin yanına gedir. Xəstələrə məsləhət görərdim ki, reklamlara aldanmasınlar. Bir çox televiziya kanallarında reklam olunan həkimlərin mütləq onlara fayda verəcəyinə inanmasınlar. Xəstəxanaya gedərkən həkimin qəbulunda olan xəstələrdən həkim haqqında informasiya topmağa çalışsınlar. Öz təcrübəmdən deyə bilərəm ki, gələnlərin əksəriyyəti daha əvvəl baxdığımız pasiyentlərin qohumları, yaxınlarıdır. Bu gün haqqında heç bir məlumatı olmayan həkimin yanına gələn xəstə sayı çox azdır”.

 

“Hansı xəstəxanada

işləyən həkim…”

5 nömrəli xəstəxananın həkim-qastroenteroloqu Fərasət Məmmədova qəzetimizə müsahibəsində bildirdi ki, həkimin savadlı olması onun işlədiyi müəssisədən asılı deyil. F. Məmmədova hesab edir ki, həkimin peşəkarlığını artıran amillərdən biri də xəstəxananın tibbi avadanlıqlarla və labarotoriya ilə təchiz olunmasıdır: “Xəstəxananın təchizatı çox önəmlidir. Mən deyərdim ki, xəstəxananın labaoratoriyası, xəstəyə qoyulan diaqnoz, aparılan müalicə və xəstənin həkimin dediklərini yerinə yetirməsi əsas amillərdəndir. Bu faktorlar birlikdə vəhdət təşkil edərsə, xəstə effektiv nəticə əldə edəcək”. Müsahibim onu da qeyd etdi ki, həkimin diaqnozundan əmin olmayan xəstə əlavə bir neçə həkimə də müraciət edərək şübhələrdən qurtula bilər: “Əvvəllər xəstələr həkim seçməzdilər. Xəstəxanaya müraciət etdikdən sonra xəstənin şikayətinə uyğun olaraq, ehtiyacı olduğu həkimə yönləndirilərdi. Hesab edirəm ki, həkimin hansı müəssisədə işləməsindən asılı olmayaraq, pasient onun məsləhətinə əməl etməlidir. Əgər xəstənin müalicə aldığı həkimdən şübhəsi varsa, əlavə bir-iki həkimə də müraciət edərək, diaqnozunun düzgün olub-olmadığını müəyyənləşdirə bilər. Ümumiyyətlə, xəstə yaxşı nəticə əldə etmək üçün həkimə vaxtında müraciət etməlidir. Bu işdə profilaktika müalicədən daha önəmlidir. Əvvəllər də həkimlər profilaktikanın önəmini vurğulayaraq, xəstəliklərə qarşı qorunmağın vacib olduğunu deyiblər”. Harada işləməyindən asılı olmayaraq, insan öz sahəsinin peşəkarı olmalıdır. Bunun üçün də daim axtarışlar içərisində olmalı, özünü inkişaf etdirməlidir.

XƏYALƏ SADIQOVA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here