Qubada Reyhan Camalova ilə görüş keçirilib

0
249

Hindistanın Heydərabad şəhərində keçirilən və 150 ölkə sahibkarlarının iştirak etdiyi Qlobal Sahibkarlıq Sammitində (GES) öz ixtirası ilə bütün nəzərləri Azərbaycana yönəldən Reyhan Camalova hər birimizə fəxr və qürur hissi yaşadıb. Bu fikirlər yanvarın 5-də Qubada dünyanın diqqətini çəkən 15 yaşlı azərbaycanlı ixtiraçı ilə görüşdə söylənilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əvvəlcə qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınan Qubada elmə və elmi yaradıcılığa olan maraqdan söz açıb. Yeni nəslin savadlı, cəmiyyətə faydalı yetişməsində təhsilin önəmini xüsusi vurğulayıb. Ziyəddin Əliyev “Rainergy” ixtirası ilə ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Trampın da dəstəyinə nail olan Reyhan Camalovanın uğurunu yüksək qiymətləndirib.

Görüşdə Reyhan Camalovanın müəllimləri və valideynləri çıxış edərək dövlətimizin təhsil sahəsinə yönəltdiyi qayğıdan danışıblar.

Reyhan Camalova ixtirasının 1500 iştirakçı tərəfindən təqdim olunan layihələr arasında fərqlənməsindən böyük qürur duyduğunu bildirərək, ölkəmizdə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Sonra rayon rəhbərliyi adından ixtiraçı məktəbliyə mükafat və hədiyyələr təqdim olunub.