Təhsil naziri postu 1 aydır boşdur

0
112

Məlum olduğu kimi, bir müddət öncə saytlarda birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyevin təhsil naziri təyin edilməsi ilə bağlı xəbər yayılmışdı. Qısa müddət ərzində böyük marağa səbəb olan bu xəbər bir neçə saat sonra təkzib edildi.

Məlumat üçün bildirək ki, Yusif Məmmədəliyev Azərbaycanın məşhur akademiki mərhum Yusif Məmmədəliyevin nəvəsidir.

Bu məlumat təkzib olunandan sonra a24.az saytı “Yusif Məmmədəliyev təhsil naziridir – VİDEOFAKT” başlıqlı xəbər yaydı. Məlumatda bildirilib ki, velisoped idmanının BMX üzrə versiyasına hazırlıqla bağlı iclas keçirilib. “Bütün nazirlərin iştirak etdiyi toplantı daha bir detalı ilə diqqət mərkəzinə düşüb. Bugünlərdə təhsil naziri təyin edilməsi ilə bağlı xəbər yayılan I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev sözügedən tədbirdə nazirlərə aid hissədə əyləşib. Prezidentin müvafiq sərəncamı verilməmiş nazir təyin olunması xəbəri mətbuata sızdığı üçün xəbər təkzib edilmişdi”,-deyə məlumatda iddia olunub.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən Prezidentin sərəncamı ilə dekabrın 5-də azad edilib.

Səsləndirilən iddia və digər məsələlərlə bağlı suallarımıza cavab almaq üçün Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehova müraciət etdik. Lakin C. Valehov bu barədə danışmaq səlahiyyətinin olmadığını bildirdi: “Bu sualın mənə ünvanlanmasını doğru hesab etmirəm. Təhsil Nazirliyi ilə bağlı məsələlərə aid suallarınızı cavabladırıram. Ancaq indi siz mənə və Təhsil Nazirliyinə aid olmayan sual verirsiniz. Sizin verdiyiniz sualın mahiyyətində Təhsil Nazirliyinə aid olmayan predmetlər var. Ona görə cavablandıra bilməyəcəyəm. Yeni nazir təyin olunanda hər kəsin xəbəri olacaq. Nazir təyinatı müfaviq sərəncamla olur. Onda siz də biləcəksiniz və ölkənin bütün rəsmi mətbuatı da bu məlumatı yayacaq”.

“Nazir vəzifəsinin boş qalması Təhsil Nazirliyinin işinə hər hansı təsir göstəribmi?” sualımıza da Cəsarət Valehov münasibət bildirmək istəmədi: “Bunlar bizə aid olmayan suallardır. Xahiş edirəm, mənim səlahiyyətim çərçivəsində olmayan sualları mənə yönləndirməyin”. yeniavaz